|
"Dağlıq Qarabağda vəziyyətin gərginləməsi bizi narahat etməyə bilməz".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "İnterfax" agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
"Son aylar aralarında dinc sakinlərin də olduğu ölüm hallarının çoxalması ilə nəticələnən artilleriya, iriçaplı pulemyotlar və reaktiv atış qurğularından istifadə olunmaqla silahlı qarşıdurmanın aktivləşdiyinin şahidi olduq. Belə vəziyyət bizi narahat etməyə bilməz", -deyə Rusiya XİN başçısının müavini qeyd edib.
Q. Karasin bildirib ki, münaqişə tərəfləri davamlı sülhə nail olmaq üçün səylərini ikiqat artırmalıdır: "Beynəlxalq vasitəçilərin bu mövqeyi Rusiya, ABŞ və Fransanın 2015-ci ilin dekabrda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında verdikləri bəyanatda da aydın ifadə olunub. Tərəflər həmçinin atəşkəs rejiminin möhkəmlənməsi istiqamətində mövcud olan razılığa da hörmət etməlidirlər".
Rusiya XİN başçısının müavini dekabrın 19-da Berndə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşündən də danışıb: "Bern görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi, ilk növbədə münaqişə zonasında gərginliyin azaldılması müzakirə olunub. Ümid edirik ki, baş tutan danışıqlar Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində vəziyyətin stabilləşməsinə təsir edəcək. Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olaraq münaqişə tərəflərinə kompromisə nail olmağa kömək etmək üçün aktiv səy göstərir. Son vaxtlar Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə məsləhətləşmələr keçirilib. Bu məsləhətləşmələrdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair kompleks məsələlərə baxılıb. Ümid edirəm ki, yeni ildən sonra da bu iş davam etdiriləcək. Təbii ki, hərbi vəziyyət də diqqətdən kənar qalmayacaq".