|
Məlahət İbrahimqızı: "Onlar hansı prizmadan baxırlar, hansı bucaqdan baxırlar, dəyərləndirirlər?"...
“Bir neçə gün əvvəl də demişdim ki, bu günlərdə cənab prezident İlham Əliyev cəmiyyəti, hamını sevindirəcək. Həqiqətən də belə oldu, 210 nəfər məhbus əfv edildi, öz ailəsinə qovuşdu. Bu, nə qədər insanın sevinməsi deməkdir, nə qədər ailə, insan, qohum-əqrəba sevinir". Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı musavat.com-a açıqlamasında əfv fərmanını bu cür qiymətləndirib.
O, bildirib ki, bu fərman həmin insanların islah olunması doğru həyata yenidən qayıtması üçün şansdır: "Əminəm ki, məhbuslar, onların ailələri bu sərəncamdan məmnunluq hissi duyacaqlar. Bu sərəncam prezidentin əfv sərəncamları içərisində ən yüksək dəyərləndirilənlərdən biri olacaq. Arzu edirəm ki, bu gündən sonra bu məhkumlar daha mənalı, gözəl həyata qovuşsunlar. Gələcəkdə yeni bir xətaları, suçları olmasın. Daha sağlam yaşasınlar, yaşadıqları həyat bütün nöqsanları doldursun”.
M.İbrahimqızı əfv fərmanına siyasi məhbusların düşməməsinə də münasibətini açıqlayıb: “Onu deyənlər, hüquq müdafəçiləri kimləri nəzərdə tutur, bilmirəm. Onlar hansı prizmadan baxırlar, hansı bucaqdan baxırlar, dəyərləndirirlər? Əfv Komissiyası üçün, onun sədri üçün ancaq məhkumlar baxımından, prizmasından baxırıq. Başqa söhbət ola bilməz axı. İndiyə qədər heç bir beynəlxalq təşkilatda siyasi məhbusun tərifini verən yoxdur, doğru-dürüst açıqlamasını verən yoxdur. Azərbaycana gələndə, bunu təzyiq kimi deyirlər. Cinayət törətmiş, hazırda cəza çəkən insanların yenidən doğru yola qayıtması üçün, mənəvi cəhətdən daha kamil vətəndaş olması üçün ona bir şans verilir. Ona görə prezident onları əfv edir. Siyasi məhbus məsələsini önə çəkənlər dövlətə xəyanətə siyasi həbs deyirlər? Siyasi məhbus anlayışını qəbul edə bilmirəm. Azadlığa çıxmaq üçün öz günahını qəbul edən, etdiyindən peşman olan, azadlığına qovuşmaq istəyən sağlam adamlardan gedir söhbət. Söhbət əfv olunanların törətdikləri cinayətdən peşman olmasından gedir. Siyasi məhbus məsələsindən danışanlar bu məsələni və əfv siyahısını siyasi alverə döndərməsinlər. İki yüz on nəfər elinə-obasına qovuşub, bunu dəyərləndirmək əvəzinə, buna qarşı çıxanların fikirləri başa düşülmür. Belə məna çıxır ki, siyasi alver, manipulyasiya ilə məşğuldurlar”.