|
“2016-cı il Qarabağımızın azadlığı İli olsun...”
Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin ilin yekunlarına dair iclası keçirilib. QAT Ali Məclisinin sədri Barat İmani iclası açaraq, giriş sözü ilə çıxış edib. Sonra qurumun sədri Akif Nağı hazırkı vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Sonra məruzə ətrafında çıxışlar olub.
İclasda təşkilati məsələlərə də baxılıb, Elmin Eyvazov, Vaqif Nuriyev Ali Məclisə üzv seçilib. Ali Məclisin iclasında ilin yekunlarına dair qətnamə qəbul olunub. Sənəddə deyilir ki, Azərbaycan tərəfinin də münaqışənin nizama salınması ilə bağlı fəaliyyəti səmərəsiz olub: “Cəmiyyətdə ”Bu hakimiyyət Qarabağı almaq istəmir və yaxud bacarmır" fikri getdikcə daha geniş yayılır. Müharibə veteranlarına, əlillərə, şəhid ailələrinə diqqət aşağı səviyyədə olub. Ordu quruculuğu, Müdafiə Nazirliyinin müəyyən addımları, düşmənin təxribatlarına sərt cavab verilməsi, hərbi hissələrə diqqətin artırılması müsbət hal kimi qiymətləndirilə bilər. Lakin konkret nəticələrin olmaması, düşmənin hələ də torpaqlarımızda ağalıq etməsi hər şeyin üstündən xətt çəkir, müsbət nəticələrdən danışmağa imkan vermir. Azərbaycan diplomatiyası çox zəif və acınacaqlı vəziyyətdədir".
Bütün bunları nəzərə alan QAT aşağıdakı təkilfləri irəli sürüb: 1. Azərbaycan ATƏT Minsk qrupu həmsədrləri çərçivəsində danışıqlardan birmənalı şəkildə imtina etməlidir. 2. Azərbaycan işğalçı Ermənistan rəhbərliyi ilə bütün görüşlərdən, təmaslardan imtina etməlidir. Bu danışıqlarla Ermənistan bir görüntü yaratmağa çalışır. Bu da yalnız Ermənistanın maraqlarına xidmət edir. 3. Azərbaycan danışıqlardan imtina etdikdən sonra müəyyən məsələlərin razılaşdırılması üçün etibar etdiyi ölkələrdən birini özünün təmsilçisi kimi vasitəçi təyin edə, düşmən tərəflə təmasları onun vasitəsi ilə qura bilər.
Ermənistan da öz vasitəçisini təyin edə bilər. Biz danışıqların davam etdirilməsi üçün bu formatı təklif edirik. Dünya praktikasında bu formatdan istifadə halları olub. 4. Biz danışıqların bu formatda da müsbət nəticə verəcəyinə inanmırıq. Ona görə də Azərbaycan hakimiyyətinə hərbi əməliyyatların başlanmasını təklif edirik. 5. Azərbaycanın bütün dövlət və cəmiyyət resursları torpaqlarımızın azadlığı işinə səfərbər olunmalıdır. 2016-cı il Qarabağımızın azadlığı İli olmalıdır. Qələbə hökmən bizim olacaq! Artıq başqa yol yoxdur! Ya Qarabağ, ya ölüm!"