|
“AZADLIQ- 2015” siyasi partiyalar bloku 43 saylı Sumqayıt seçki dairəsindən namizədliyi irəli sürülmüş Mirmahmud Mirəlioğlu Fəttayevin namizədliyinin qeydiyyatından imtina edilməsi məsələsini müzakirə edib.
Musavat.com-un məlumatına görə, “Azadlıq -2015” hesab edir ki, Mirmahmud Fəttayevin deputatlığa namizədliyinin qeydiyyatından imtina bu sahədə hazırkı seçki prosesində müxalif siyasi partiya namizədlərinə qarşı münasibətdə müşahidə olunan kütləvi qanunsuzluqlar fonunda belə əlahiddə bir haldır. Mirmahmud Fəttayev bu gün Azərbaycanda fəaliyyət göstərən ən iri siyasi partiyalarından biri olan KXCP- nin rəhbəridir, ölkədə və özəlliklə Sumqayıtda ən tanınmış siyasətçilərdəndir, bütövlükdə Azərbaycan cəmiyyətində ciddi nüfuza malik şəxslərdəndir, istiqlalçı millət vəkilidir, seçkilərdə iştirak sahəsində zəngin təcrübəyə malikdir.
Odur ki, seçki komissiyaları tərəfindən onun güya 450 etibarlı seçici imzası təqdim edə bilməməsi əsası ilə seçkilərdən kənarlaşdırılması heç bir kəs üçün inandırıcı görünə bilməz.
"Azadlıq – 2015" –in müzakirəsinə Mirmahmud Mirəlioğlunun seçki qərargahının təqdim etdiyi materiallar açıq – aydın göstərir ki, bu yaranmış vəziyyət qanunun tələbləri ilə əlaqədar olmayıb; motivi tam şəkildə bilinməsə də seçki komissiyalarının əli ilə Mirmahmud Mirəlioğluna qarşı törədilən tam bir seçki sui- qəsdidir. Təfərrüata varmayaraq yalnız onu qeyd etməklə kifayətlənirik ki, M. Fəttayevlə bağlı DSK- nın imtina qərarında qeydiyyat üçün lazım olan yalnız 14 etibarlı imzanın çatışmazlığı göstərlirdi və araşdırma gedişində bu halın olmadığı sübut edildikdən sonra həmin dairədən namizədlərdən birinin səlahiyyətli nümayəndəsi bu dəfə birbaşa MSK- ya müraciət edərək yeni “araşdırma” aparılmasına nail olunmuşdu.
"Azadlıq -2015" diqqəti ona cəlb edir ki, Mirmahmud Mirəlioğlu 1 noyabr 2015- ci il seçkilərində siyasi müxalifətin iştirak etməsi mövqeyinin əsas tərəfdarlarından və müdafiəçilərindən biri idi və seçkilərin boykotu yox, onda iştirak mövqeyinin qəbul edilməsində müstəsna rol oynamışdı. Odur ki, bu dairədən seçkiyə qatılan hansısa oliqarxın subyektiv məhdud maraqları naminə onun, sifarişlə seçkidən uzaqlaşdırılması seçkidən ciddi siyasi nəticələr doğurmaya bilməz. Odur ki, “Azadlıq – 2015” Mirmahmud Mirəlioğluna münasibətdə bu qanunsuzluğa son qoyulmasını və onun namizədliyinin qeydə alınaraq seçkilərdə namizəd kimi iştirakına şərait yaradılmasını tələb edir. "Azadlıq 2015" hesab edir ki, kimin deputat olmasını oliqarx - rəqiblər və seçki komissiyaları deyil, seçki qutularında seçicilər həll etməlidir.