|
Müsavat Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülən sabiq millət vəkili Arzu Səmədbəyli 8 saylı Dairə Seçki Komissiyasının 23 sentyabr tarixli 18/3 saylı və Mərkəzi Seçki Komissiyasının 28 sentyabr tarixli 24/169 saylı qərarlarından Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıb. Bu barədə Müsavat Partiyasından məlumat verilib.
Qeyd edək ki, 8 saylı DSK 23 sentyabrda Arzu Səmədbəylinin namizədliyinin qeydə alınmaması barədə qərar çıxarıb. Mərkəzi Seçki Komissiyası isə Arzu Səmədbəylinin bu qərarın ləğv edilməsi üçün rəsmi müraciətinə 28 sentyabrda baxaraq qərarı qüvvədə saxlayıb.
Arzu Səmədbəyli Apelyasiya Məhkəməsinə müraciətində DSK-nın çıxardığı qərarın heç bir sübut, qanuni əsas olmadan, ekspertlərdən ibarət işçi qrupu təşkil edilmədən əsassız olaraq çıxarıldığını, bu qərarın çıxarılması ilə onun seçilmək hüquqlarının pozulduğunu, Seçki Məcəlləsinin konkret maddələrinin pozulduğunu qeyd edib.
Xəbərdə deyilir ki, A.Səmədbəyli DSK-nın və MSK-nın qərarının ləğv olunması, hüquqlarının bərpa edilməsi üçün sonadək mübarizəni davam etdirəcək. /Musavat.com/