|
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Bu barədə Musavat.com-a partiyanın mətbuat xidmətindən xəbər verilib.
Bildirilir ki, Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı seçki prosesi barədə ətraflı məlumat verib.
İclasda Cəlilabad, Masallı, Sabirabad, Şirvan, Xaçmaz şəhərlərində 13 rayon təşkilatının iştirakı ilə keçirilən zona müşavirələri barədə məlumat dinlənilib. Digər rayon təşkilatlarının iştirakı ilə zona müşavirəsinin keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.
17 və 54 saylı Seçki Dairələrindən Müsavat Partiyası namizədlərinin irəli sürülməsi haqda qərar qəbul edilib. Müsavat Partiyası səlahiyyətli nümayəndələrinin növbəti siyahısı təsdiq olunub.
Qobustan rayonu Xilmilli kəndi ərazisində Müsavat Partiyası başqanının müavini, Divan üzvü Səxavət Soltanlının xeyrinə imza toplayan səlahiyyətli nümayəndəsi Qədim Soltana qarşı təzyiqlər pislənilib, həmin şəxslərin hüquqi məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi müvafiq strukturlara həvalə edilib.
Avropa Birliyinin Azərbaycanda seçkiöncəsi vəziyyət, demokratiya və insan hüquqlarının kobud surətdə və ardıcıl olaraq pozulması ilə bağlı qəbul etdiyi qətnamə müzakirə edilib. Azərbaycan hökumətinin beynəlxalq aləmdə və ölkəmizdə gedən prosesləri düzgün dəyərləndirmədiyi qeyd edilib. Ölkənin bütün həyatında islahatların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb.
İlin əvvəlindən dünya bazarında enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkədə yanacağın qiymətinin aşağı salınmasının Tarif Şurasında müzakirəsinin tələb edilməsi barədə qərar qəbul edilib.
Sonda carı məsələlər müzakirə edilib.