|
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın tanınmış din xadimlərindən olan Ayətullah Nuri Həmədaninin ölkəmizdə səfərdə olarkən etdiyi çıxışlar ilə əlaqədar bəyanat yayıb.
Teleqraf.az Bütöv Azərbaycan Ocaqlarının (BAO) bəyanatını təqdim edir:
Məlum olduğu kimi, bir müddət öncə İranın tanınmış din xadimlərindən olan Ayətullah Nuri Həmədanini Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadənin dəvəti ilə ölkəmizdə olmuş, Bakıda və Gəncədə dindarlarla görüşmüşdür. Özü-özlüyündə bu faktda qeyri-adi bir şey yoxdur. Müxtəlif ölkə dindarlarının öz dindaşları və məzhəbdaşları ilə görüşməsi normal haldır. Lakin təcrübə göstərir ki, xarici ölkələrdən, ilk növbədə də İrandan ölkəmizə təşrif gətirən din xadimləri əksər hallarda Azərbaycanda mövcud olan tolerantlıq və xoş niyyətdən istifadə edərək öz çirkin planlarını həyata keçirməyə çalışırlar. Bu baxımdan Ayətullah Nuri Həmədani də istisna deyildi.
Azərbaycanda fəaliyyət göstərən və İranın maddi və ideoloji təsiri altında olan bəzi dini saytlarda Ayətullah Nuri Həmədaninin bir neçə azərbaycanlı ruhani tələbə ilə görüşü haqda dərc edilmiş məqalələrdən belə aydın olur ki, Nuri Həmədani ilə görüşdə tələbələr son bir il ərzində Azərbaycanda 20-yə yaxın din aliminin, 100-ə yaxın islamçının şərlənərək zindana salındığı və Azərbaycan dövlətinin islamafobiya siyasəti haqda şər və böhtan xarakterli məlumatlar veriblər.
Həmin yazılarda qeyd olunur ki, tələbələri dinləyəndən sonra Ayətullah Nuri Həmədani Azərbaycanda baş verən prosesləri tam izlədiyini və müsəlmanların «acı» durumundan xəbərdar olduğunu, ruhanilərin bu vəziyyətdə üzərilərinə düşən vəzifələr olduğunu deyib. O bildirib ki, “Azərbaycanda gedən islamafobiyaya, ədalətsizliyə, əxlaqsızlığa səbəb olan rejim qarşısında azərbaycanlı alimlər və ruhanilərin böyük vəzifələri vardır”.
Azərbaycanı utanıb-çəkinmədən İslamofob (İslamdan qorxan) və əxlaqsız ölkə kimi qələmə verən bu pis niyyətli şəxs «ruhanilərin böyük vəzifələri»ni belə açıqlayıb: “Azərbaycan ruhaniləri özlərini şəhadətə və cihada hazırlamalı, xalqı da bu yolda ayağa qaldırmalıdırlar”. Başqa sözlə, iranlı molla şiələri Azərbaycan dövlətçiliyinə və təhqir etdiyi milli dəyərlərimizə qarşı cihada səsləyib.
Daim işğalçı ermənilərin yanında yer alan, İran ərazisində, Azərbaycan səfirliyinin ərazisindən kənarda Xocalı soyqırımının qeyd olunmasını yasaq edən, bu azmış kimi, Suriyada yüzminlərlə müsəlmanı qətl edən, ölkə əhalisinə qarşı sözün əsl mənasında soyqırımı siyasəti uyğulayan qaniçən Bəşər Əsədi hər vasitə ilə müdafiə edən və bununla da müsəlmanların və İslam aləminin düşməni olduğunu öz riyakar əməlləri ilə mütəmadi şəkildə ortaya qoyan İran təmsilçisinin etirazımıza və hətta qəzəbimizə səbəb olan əməlləri yuxarıda deyilənlərlə də sınırlı deyildir. Məsələ burasındadır ki, Nuri Həmədanini sevimli Qurani-Kərimin hökmlərini Peyğəmbərimizin (s) hədislərini heçə sayaraq və sırf fars çovinizmindən və Fars İmperializminin uzaq hədəflərindən çıxış edərək, bəyan etmişdir ki, guya Həzrət Mehdi (ə) zühur etdiyində fars dilində danışacaqdır.
Bu, artıq bütün əndazələri aşır. Məgər Peyğəmbərimiz (s) fars olmuşmudur ki, onun şərəfli soyundan olan Həzrət Mehdi (ə) fars dilində danışsın. Bir də, axı, Həzrət Mehdinin (ə) hansı dildə danışdığı yox, onun Allah-Təaladan bəşəriyyətə gətirəcəyi mesjdır.
Yeri gəlmişkən qeyd edək ki, İranlı din xadimləri son vaxtlar guya cənnətin dilinin fars, cəhənnəmin dilinin isə türk dili olduğu barədə çirkin təbliğatlar aparmaqda, onları özlərinə təqlid obyekti seçmiş bəzi sadəlövh şiə dindarlarının qəlbində bu yolla uca millətimizə və baldan şirin dilimizə nifrət hissi aşılamağa çalışmaqdadırlar. Bütün bunları əldə əsas tutaraq BAO MŞ Ayətullah Nuri Həmədani və onun kimi digər xəbis ürəkli İranlı din xadimlərinə öz kəskin etirazını bildirir və onların gülüş doğuran sözlərinin Azərbaycanın müsəlman türk xalqı üçün zərrə qədər də önəm daşımadığını bəyan edir. Eyni zamanda bildirir ki, İslam ümmətinin sabahı İslam dünyasını məzhəbçilik zəminində qarşıdurmalara sövq edərək öz qaranlıq siyasətlərini yeritməyə çalışan fars mollalarından asılı ola bilməz və olmayacaq.
İşıqlı gələcəyimizi vəhdət, qardaşlıq və ədalətə dayanan Türk-İslam Birliyi təmin edəcəkdir. Orada Ayətullah Nuri Həmədani kimilərə yer olmayacaq.