|
1 noyabrda keçiriləcək parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib. Həmin təşkilatlar sentyabrın 4-də bu barədə birgə bəyanat qəbul ediblər.
Üç bənddən ibarət birgə bəyanatda deyilir ki, adıçəkilən təşkilatlar ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, hakimiyyətə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər, parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər.
Bəyanatın üçüncü bəndində isə bəyan edilib ki, tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması, seçki günü birgə müşahidənin təşkili, qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi, seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəlirlər.