|
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sabah Ankaraya səfər edəcək.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran xarici siyasət idarəsinin başçısı Ankaraya çantasında yeni Suriya planını gətirəcək. İranın Dəməşq, Lazikiye və Tartusun Bəşər Əsəd rejimində qalmasını, müxalifətin ələ keçirdiyi bölgələrdə isə yeni rəhbərliyin qurulmasını təklif edəcəyi iddia edilir. Tehran həmçinin sünni və nüseyri bölgələrinin ayrılmasını, Livan sərhədinin rejimin əlində qalmasını istəyir. Məhəmməd Cavad Zərifin Türkiyədən sonra Livana gedərək sözügedən məsələləri müzakirə edəcəyi bildirilir. İddiaya görə, İranın Ankaya ilə müzakirə edəcəyi yeni Suriya planının detalları bu şəkildədir: “Paytaxt Dəməşq, Lazikiye, Tartus, Zebadani və Kalamunun daxil edildiyi bölgə Əsəd rejimi tərəfindən idarə olunacaq. Buralarda yaşayan Sünni əhalinin təhlükəsiz şəkildə bölgədən çıxması təmin ediləcək. Müxalifətin nəzarətində olan bölgələrdə yeni bir rəhbərlik qurulacaq. Bir qismi müxalifətin, bir qisimi isə Əsəd rejiminin əlində olan Hələb vilayəti isə beynəlxalq koalisiya tərəfindən idarə olunacaq”.
Məlumata görə, Tehranın hazırladığı yeni Suriya planı müxalifətin narahatlığına səbəb olub. Ölkənin ən əhəmiyyətli silahlı müxalif qruplarından olan “Ahraru Şam” hərəkatı yeni planla Suriyanın bölünməsinin və xəritəsinin dəyişdirilməsinin əsas hədəf olduğunu açıqlayıb. Hərəkat hesab edir ki, plan Dəməşq və Livan sərhədində yerləşən bölgələrin sünnilərdən təmizlənməsini nəzərdə tutur. Əsədsiz və bütöv Suriyanın tərəfdarının olduğunu tez-tez dilə gətirən Ankaranın bu planı necə qarşılayacağı maraq doğurur. Ötən həftənin sonunda yayılan digər bir məlumata görə, İran Suriya probleminin həlli üçün yaxın günlərdə BMT-yə 4 mərhələli plan təqdim etməyə hazırlaşır. Bu barədə xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahyan söyləyıb. Planın detalları haqqında məlumat verməyən Abdullahyan qeyd edib ki, bölgədəki oyunçuların böyük hissəsi Suriya probleminin hərbi üsullarla həll edilməsinin mümkün olmadığı fikrini bölüşürlər.