|
Mirmahmud Mirəlioğlu: “Təklif etdik ki, Qarabağ məsələsi, parlament seçkiləri məsələsi budəfəki görüşdə müzakirəyə çıxarılsın”
Prezidentin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla siyasi partiyaların üçüncü görüşündən iki aydan artıq vaxt keçir. Növbəti görüşün nə zaman reallaşacağının gözlənildiyini öyrənmək üçün bu görüşlərin aktiv iştirakçısı olan KXCP sədri Mirmahmud Mirəlioğlu ilə danışdıq.
O bildirdi ki, təmsil olunduğu “Azadlıq 2015" bloku hakimiyyət təmsilçisi ilə növbəti görüşün keçirilməsinin zamanının çatdığı barədə rəsmi mövqeyini ortaya qoyub. Görüşün reallaşması təşkilatçı olaraq Prezident Administrasiyasından asılıdır: "”Yeni Müsavat"a da təşəkkür edirik ki, blokun qəbul elədiyi son qərarları cəmiyyətə çatdırdı. Sizin dəstəyiniz sayəsində biz bu və digər işlərimizi cəmiyyətə çatdıra bilirik. Azərbaycan milli mətbuatının 140 illiyi tamam oldu və hakimiyyət də bununla bağlı çox möhtəşəm bir qərar qəbul elədi, bir sıra media mənsubları mükafatlandırıldı.
Təmsil olunduğumuz blok sonuncu toplantısında bəyan edib ki, Əli Həsənovla siyasi partiyaların sədrlərinin sonuncu toplantısından 2 aydan artıq keçdiyi üçün növbəti görüşün aktuallığı yaranıb. Növbəti görüşdə müzakirəyə çıxarılmalı olan mövzuları da ifadə etdik. Təklif etdik ki, Qarabağ məsələsi, parlament seçkiləri məsələsi növbəti görüşdə müzakirəyə çıxarılsın. İndi hakimiyyətdən məsələyə münasibətin necə olacağını gözləyirik. Görüşün təşkilatçısı Prezident Administrasiyasıdır, necə münasibət bəsləyəcəklərsə, o cür də olacaq".
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, hələlik növbəti görüşün vaxtı bəlli deyil.
Ancaq hər halda, bir qədər sonra bəlli olacaq: “Hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərlərinin görüşü iqtidarla müxalifət arasında bazarlıq deyil. Bu bir proses olmalıdır. Elə vaxt ola bilər ki, biz bu prosesdən konkret nəticə əldə edə bilərik. Ola bilər ki, müəyyən mərhələdə heç bir nəticə əldə edə bilmərik. Məsələn, Azərbaycanda 20 ildir seçkilər demokratik keçirilmir. Amma hər dəfə seçkilər yaxınlaşanda bütün siyasi qüvvələr, cəmiyyət seçkilərə hazırlaşır. Bu baxımdan, siyasi dialoqa niyə gedilməsin. Müxalifətin özünün bu cür məsələlərə ikili yanaşması Azərbaycan üçün heç bir yaxşı nəsə vəd eləmir. Ona görə də mən siyasi dialoqun davam etdirilməsinin qəti tərəfdarıyam”.
S.Cəlaloğlu qeyd etdi ki, nəticənin olub-olmamasından asılı olmayaraq nə vaxt dialoq keçiriləcəksə, o, mütləq orada iştirak edəcək: “Biz bu dialoq ideyasını 2007-ci ildə irəli sürərkən bunu hərtərəfli düşünüb irəli sürmüşük. Yəni bu ideya bəzilərinin bu gün ağlına gələn şəkildə meydana çıxmayıb. Biz bunun həm elmi, həm fəlsəfi tərəflərini, başqa xalqların bu məsələdə təcrübəsini öyrənəndən sonra bu prosedurun vacibliyini dərk eləmişik və bununla da bağlı bilirsiz ki, ardıcıl olaraq təbliğat aparmışıq. İqtidarla müxalifət arasında siyasi dialoqu Azərbaycanın bugünkü vəziyyətdən çıxış yollarından biri kimi qəbul edirəm”./Musavat.com/