|
Heydər Əliyev Fondu Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı məlumatları təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamenti iyulun 6-da bəzi kütləvi informasiya vasitələrində Fondun vitse-prezidenti Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib:
“Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”.
İyulun 6-da YAP icra katibinin müavini Siyavuş Novruzov yerli mediaya deyib ki, Yeni Azərbaycan Partiyası 2015-ci il parlament seçkilərinə prezidentin böyük qızı Leyla Əliyevanın namizədliyini irəli sürə bilər.