|
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komtəsinin sədri Əli Həsənov bir müddət öncə qatıldığı beynəlxalq konfransda Azərbaycanın işğal edilmiş torpaqlarına dünyanın müxtəlif bölgələrində, xüsusilə də Suriyada məskunlaşan ermənilərin köçürülməsi məsələsinə diqqət çəkib.
Onu da qeyd edək ki, Dağlıq Qarabağda nə qədər erməninin məskunlaşdırılması ilə bağlı konkret bilgi olmasa da, hazırda bu rəqəmin 50 minin üstündə olduğu iddia olunur.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən QAT sədri Akif Nağı isə hesab edir ki, öncə məsələ beynəlxalq təşkilatlar səviyyəsində araşdırılmalı, bundan sonra problemin həlli istiqamətində konkret addımlar atılmalıdır:
“Hesab edirəm ki, öncə bu məsələ dəqiqləşdirilməlidir. Beynəlxalq hüquq normalarına görə, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişmək yolverilməzdir. Buna görə də məsələni dəqiqləşdirmək üçün missiya təşkil edilməlidir və həmin missiya işğal olunmuş ərazilərə əhalinin qanunsuz köçürülməsi ilə bağlı məsələni araşdırmalıdır. Bu araşdırmanın nəticəsinə uyğun olaraq da müvafiq addımlar atılmalıdır. Belə bir cəhd 2005 və 2010-cu illərdə oldu. Xüsusi araşdırıcı missiya təşkil olundu. Minsk qrupunun həmsədrləri də 2010-cu ildəki araşdırmada iştirak etdilər. Onlar əsasən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə araşdırma aparırdı. Araşdırma nəticəsində bəlli oldu ki, bəzi ərazilərdə ermənilərin məskunlaşması həyata keçirilib. Fakt ortadadır. Ermənistanın qanunsuz hərəkətləri göz qabağındadır. Amma buna uyğun qərarlar qəbul olunmadı və bu gün də olunmuş deyil. Ona görə də Azərbaycan öncə dəqiqləşdirmə aparmalı, daha sonra müvafiq addımlar atmalıdır”.
A.Nağının qənaətincə, Dağlıq Qarabağda 50 min erməninin məskunlaşdırılması ilə bağlı deyilənlərin həqiqət olması ehtimalı azdır. QAT sədri məlum ərazidə ən çoxu 50-60 min erməninin məskunlaşdığı qənaətindədir:
“Mən işğal edilmiş ərazilərdə 50 min nəfərə qədər erməninin məskunlaşdırıldığını güman etmirəm. Ermənistanın verdiyi rəsmi statistikaya görə guya Dağlıq Qarabağda 137 min erməni yaşayır. Amma ora səfər edən beynəlxalq müşahidəçilərin, ekspertlərin, nümayəndələrin fikirlərinə görə, orada cəmi 50-60 mindən çox insan yaşamır. Yəni ermənilərin təqdim etdiyi rəsmi statistikada rəqəmlər süni şəkildə şişirdilib. Bu səbəbdən də həmin rəqəmin dəqiqləşdirilməsi vacibdir”.
A.Nağının bildirdiyinə görə, Azərbaycan baş verənlərə biganə qalmamalı, beynəlxalq təşkilatları problemin həllinə cəlb etməlidir:
“Məsələ bundadır ki, əgər belə bir köçürmə prosesi varsa, bu o deməkdir ki, ermənilər həmin ərazilərdə öz hüquqlarını tətbiq etməyə çalışırlar. Bu əraziyə sahib olmalarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinə səy göstərirlər. Əgər bu faktın üzərindən Azərbaycan da, beynəlxalq təşkilatlar da sükutla keçirsə, bu, ermənilərin iddiasının təmin olunması deməkdir. Azərbaycan əsla buna imkan verməməlidir. 90-cı illərin ortalarında R.Köçəryan deyirdi ki, Dağlıq Qarabağın əhalisini yaxın 10 ildə 300 minə çatdırmağı planlaşdırırıq. Onlar bu arzularını yerinə yetirə bilmirlər. Çünki insanlar oradan qaçır. Onlar şərait olmadıqlarına, Azərbaycanın öz torpaqlarını azad edəcəyinə əmin olduqlarına və s. amillərə görə Dağlıq Qarabağda yaşamaq istəmirlər. Fəqət bir daha deyirəm ki, Azərbaycan işğal edilmiş ərazilərə ermənilərin köçürülməsinə imkan verməməlidir. Beynəlxalq təşkilatlardan məsələni araşdırmaq üçün müvafiq komissiya yaradılmasını təkidlə tələb etməlidir. Həmin qurum gedib məsələni yerindəcə araşdırmalıdır və ermənilərin oradan çıxarılmasına nail olmalıdır”.
İsrail və Fələstin arasında yaranan oxşar problemi yada salan A.Nağının bildirdiyinə görə, Ermənistan digər ölkələrdəki ermənilərin hesabına Dağlıq Qarabağda erməni çoxluğu yaratmağa və bununla da dünyanı fakt qarşısında qoymağa çalışır:
“Oxşar problem İsraillə Fələstin arasında mövcuddur. Yəhudilər işğal etdikləri ərazilərdə binalar tikdi, orda məskunlaşmalar yaratdı. İndi isə onların çıxarılması məsələsi meydana çıxıb ki, bu da əlavə gərginliyə səbəb olub. Nə qədər sənəd qəbul edilsə də, yəhudi əhalisinin köçürülməsinə nail ola bilmirlər. Indi eyni şeyi ermənilər həyata keçirməyə çalışır. Onlar Dağlıq Qarabağ ərazilərində ermənilərin məskunlaşmasını təmin etməklə bütün dünyanı fakt qarşısında qoymağa çalışırlar. Rəsmi Bakı az və ya çox olmasından asılı olmayaraq həmin ermənilərin oradan çıxarılmasına nail olmalıdır”.