Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkiləri haqqında rəy-hesabat yayıb. Hesabat aşağıdakı kimidir.

 ***
Müsavat Partiyasının Seçki Qərargahı hesab edir ki, 23 dekabr  2014-cü il tarixində keçirilən Bələdiyyə  seçkiləri bir siyasi qüvvənin hegemonluğu altında, qeyri-demokratik şəraitdə keçirilib, azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb, bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, seçki kampaniyası dövründə və seçki günü saysız-hesabsız saxtakarlıqlara və çox saylı qanun pozuntularına yol verilib.

Ölkə üzrə bütün şəhər və kənd bələdiyyələrinə seçkilər, namizədlərin qeydə alınması, təbliğat-təşviqat dövrü və seçki günü səsvermə prosesi icra strukturlarının total nəzarəti altında keçirilib. Seçkilərin nəticələri yerli sakinlərin azad iradəsini ifadə etməyib.

23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkiləri də son illər ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) bütün seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. 

Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.

Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi, azad və ədalətli seçkilərin keçirilməsi, o cümlədən yerli özünü idarəetmə qurumlarının – bələdiyyələrin səlahiyyətlərinin artırılması  üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, heç bir müsbət addım atılmayıb, demokratik seçkilərin keçirilməsi və ölkədə demokratik islahatlara başlanması yönündə verilən bütün təkliflər Azərbaycan höküməti tərəfindən rədd edilib.

BEYNƏLXALQ ÖHDƏLİKLƏR:

Azərbaycan AŞ-na daxil olarkən “Yerli Özünü İdarəetmə Haqqında Avropa Xartiyası”na qoşulub. Həmin sənədə görə, Azərbaycan höküməti yerli özünü idarəetmə qurumlarının, bələdiyyələrin statuslarını artırmalı, yerli icra hakimiyyətlərinin səlahiyyətlərini tədricən bələdiyyələrə verməli, paytaxt Bakı şəhərinin  Böyük Şəhər Bələdiyyəsi yaradılmalı idi.

Yerli özünüidarə haqqında Avropa Xartiyasının 4.3‐cü maddəsinin tələbi: (subsidiarlıq prinsipini ehtiva edən həmin maddəyə görə, yerli problemlərin həlli ilə bağlı dövlət funksiyalarının həyata keçirilməsi bir qayda olaraq vətəndaşlara ən yaxın qurumlara – yerli özünüidarə  orqanlarına verilməlidir) hazırda təyinat  əsasında formalaşan və  öz sakinləri qarşısında hər hansı formada hesabatlı olmayan Bakı  şəhər  İcra Hakimiyyətinin səlahiyyətlərinin demokratik seçkilər  əsasında formalaşan mer institutuna ötürülməsini zəruri edir.  Avropa  Şurası üzv dövlətlərə  paytaxt  şəhərlərinin özünüidarəsinə  dair axır 6 ildə  2 tövsiyə  ünvanlayıb. “Paytaxt  şəhərlərinin idarə  olunması haqqında” 133 saylı Tövsiyəyə əsasən paytaxt  şəhərlərinə  elə  şərait yaradılmalı və  elə  səviyyədə  resurslar təqdim olunmalıdır ki, onlar öz administrativ funksiyalarını müstəqil həyata keçirə  bilsinlər. Öz növbəsində  tövsiyə sənədinin 12‐ci bəndinə  görə, istənilən paytaxt  şəhərinin idarə olunmasının  əsas  şərtlərindən biri vətəndaşların qərar qəbulu prosesində  iştirakının təmin olunmasıdır. Bundan  əlavə, Avropa Şurasının “Paytaxt  şəhərlərinin statusu haqqında” 219 saylı tövsiyəsi də (sənəd 2007‐ci ildə qəbul olunub) mərkəzi şəhərlərdə vahid yerli özünüdarə prinsiplərinin tətbiqini nəzərdə  tutur. Tövsiyə  sənədinin 8‐ci bəndində  deyilir ki, mərkəzi hökumətin nəzarəti altında olan qurumlar paytaxtın yerli özünüidarə qurumlarının fəaliyyətini kompensasiya edə bilməz. Bakıda mer seçkilərinin keçirilməsi Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı “Azərbaycanda yerli və  regional demokratiya haqqında” 21 may 2003‐cü il tarixli 126 saylı Tövsiyənin də  başlıca müddəalarından biridir. Sənədin 8.2.6‐cı bəndində qeyd olunur: “Hazırda Bakı  şəhəri dövlətin icra orqanları tərəfindən idarə olunur. Nəzərə almaq lazımdır ki, bir sıra hallarda paytaxt şəhəri yerli maraqların çərçivəsini aşan məsələləri həll etməlidir. Həmin maraqlar naminə idarəetmədə qənaət və effektivliyi təmin etmək üçün bütün şəhər miqyasını əhatə  edən demokratik  şura seçilməlidir. Lakin bu prinsip kiçik ərazilərdə bələdiyyələrin yaradılması ideyası ilə ziddiyyət təşkil etmir, sadəcə, onların fəaliyyəti bütün şəhəri təmsil edən bələdiyyənin yaradılması ilə tamamlanmalıdır”. 

Ancaq Azərbaycan höküməti nəinki paytaxt Bakıda Şəhər Bələdiyyəsinin, digər şəhərlərdə şəhər bələdiyyələrinin yaradılmasına imkan verməyib, üstəlik bu prosesi əksinə inkişaf etdirərək, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərindən sonra “Bələdiyyələrin status haqqında” qanuna neqativ dəyişiklər və əlavələr edib və hazırda bələdiyyələr tamamilə səlahiyyətsiz bir quruma çevrilib. 

SEÇKİ QANUNVERİCİLİYİ VƏ SEÇKİQABAĞI MÜHİT

Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasən yerinə yetirilməyib. Seçki komissiyalarının formalaşması, seçkilərin və səsvermənin təşkili, səslərin sayılması prinsipinin, şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi həyata keçirilməyib, seçki komissiyalarındakı vəzifələrin və müşahidənin təşkili ilə bağlı olan qüsurlar yerli siyasi və ictimai təşkilatların, o cümlədən beynəlxalq qurumların təkidlərinə baxmayaraq aradan qaldırılmayıb. Bunun nəticəsində MSK-a da daxil olmaqla, bütün seçki komissiyaları faktiki olaraq yerli mərkəzi və icra hakimiyəti strukturlarının tam nəzarəti altında qalmaqda davam edir. Bu Bələdiyyə seçkilərinin müşahidəsində hər hansı beynəlxalq qurumun müşahidə missiyası iştirak etməyib (həmçinin yerli müşahidə işi üzrə ixtisaslaşmış SMDT təşkilatının rəhbərliyi həbsə atılıb). Beynəlxalq müşahidənin olmadığı ortamda keçirilən seçkilərdə yerli icra hakimiyyəti strukturlanın seçkiyə müdaxiləsi daha sistemli hal alıb.

Seçki Məcəlləsinə son illərdə edilən əlavə və dəyişikliklər ölkənin aparıcı siyasi qüvvələri və bir sıra beynəlxalq təşkilatlar tərəfindən neqativ dəyişikliklər kimi dəyərləndirilib. Belə ki, seçki kampaniyası dövrü əvvəlcə 120 gündən 75 günədək, təbliğat kampaniyası dövrü isə 60 gündən 28 günə endirilib, sonra isə seçki kampaniyası dövrü 75 gündən 60 günə, təşviqat kampaniyası dövrü isə 28 gündən 21 günə endirilib. Bu isə təbliğat imkanlarını xeyli məhdudlaşdırıb.

Dəfələrlə saxtalaşdırılaraq keçirilən bələdiyyə (o cümlədən bütün seçkilərin) seçkilərinin və bələdiyyələrin səlahiyyətlərinin heçə endirilməsinin nəticəsi kimi yerli sakinlər arasında Bələdiyyə seçkilərinə etimad yox həddindədir. Bunun nəticəsidir ki, real müxalifət partiyaları, o cümlədən Müsavat Partiyası Bələdiyyə seçkilərində partiya şəklində iştirak etməyib.

Azərbaycan hakimiyyəti ölkədə təkpartiyalı siyasi sistem yaratmaq istiqamətində fəaliyyətini son bələdiyyə seçkiləridə də israrla davam etdirib. Ölkə üzrə bütün bələdiyyələrə qeydə alınan namizədlərin partiya mənsubiyyəti həlledici faizlə YAP-dır. 

SEÇİCİ SİYAHILARI

23 dekabr 2014-cü il tarixli Bələdiyyə seçkilərində də seçici siyahıları ciddi qüsurlarla tərtib edilib.

Hakimiyyətin seçkiləri saxtalaşdırmaq səylərini ölkədəki seçicilərin sayı ilə bağlı MSK ilə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdəki fərq də təsdiq edir. MSK-nın məlumatına görə, hazırda ölkədə 5 milyon civarında seçici, AR Dövlət Statistika Komitəsinin məlumatına görə isə 6,8 milyon seçici var. Rəsmi məlumatlara əsasən seçici siyahılarına Azərbaycanı uzun müddətə tərk edən 10 minlərlə Azərbaycan vətəndaşlarının da adları daxil edilib, bu da seçkilərin nəticələrinin saxtalaşdırılması üçün geniş imkanlar yaradır.

NAMİZƏDLƏRİN QEYDƏ ALINMASI VƏ TƏŞVİQAT DÖVRÜ POZUNTULAR: 

Namizədlərin qeydə alınması dövrü kobud qanun pozuntuları və icra hakimiyyətlərinin qeydiyyat prosesinə qəti müdaxiləsi altında keçirilib. İcra hakimiyyətlərinin göstərişi əsasında DSK-lar yerli icra strukturlarının “xeyir duasını” almayan sakinlərin namizədliyinin qeydə alınmasının qarşısını almaq üçün namizədliyini irəli sürmüş şəxsin xeyrinə imza vermiş sakinləri DSK-a çağıraraq təzyiq yolu ilə öz imzasından imtina ərizələri yazmaga məcbur edib və namizədliyini irəli sürmüş şəxsin seçici imzalarının əksəriyyətini “etibarsız” elan edərək, onların qeydə alınmadığı haqda əsassız və qanunsuz qərar qəbul ediblər. Bu qanun pozuntusu bütün ölkə üzrə total xarekter daşıyıb.

Seçkiqabağı kampaniyanın 60 günədək azaldılması təşviqat kampaniyasının isə 21 günə endirilməsi səsvermə hüququ olan seçicilərlə təmaslar, təbliğat və təşviqat işinin vaxt çərçivəsini ciddi şəkildə məhdudlaşmasına və seçki prosesinə marağın azalmasına səbəb olub.

Ümumiyyətlə, bu Bələdiyyə seçkilərində təbligat-təşviqata dair heç nəyə rast gəlmək mümkün deyil. Şəhərlərdə təbligat üçün ayrılmış lövhələrə yapişdırılmış təşviqat materialları icra strukturlarının işçiləri tərəfindən dərhal cırılıb və yerləri boşdur.  

 Kənd yerlərində isə təşviqat materialları üçün ayrılmış lövhələr yaşayış məntəqələrindən kilometrlərlə kənarda, örüş yerlərində quraşdırılıb.

Yerli hakimiyyət strukturlarının “xeyir-dua”sını alan namizədlər, ümumiyyətlə, heç bir təbligat işi aparmır, bu xeyir duadan kənar qalan bitərəflərə və müxalif namizədlərə isə  sakinlərlə görüş üçün imkan verilmir, əksinə təşviqat işi üçün maneələr yaradılır.

Bütün ölkə boyu əhali arasında yayılmış xəbər isə daha dəhşətlidir. İddia olunur ki, şəhər bələdiyyə sədrliyinə 30-50 min, üzvlüyünə 5-10 min manat arası, kənd bələdiyyə sədrliyinə 5-10 min, üzvlüyünə 500-1000 manat arası rüşvət toplanıb.

Müsavat Partiyasının üzvü, Masallı rayon Musaküçə kənd bələdiyyəsi üzvlüyünə namizəd Tərlan Abbaszadə və digər bitərəf namizədlər kənd klubunda seçicilərlə görüş üçün 71 saylı DSK-na müraciət edib. Müraciəti rədd edildiyi üçün MSK-nın qaynar xəttinə şikayət edib. Ancaq onlara görüş üçün şərait yaradılmayıb.

Oguz rayonundan Vaqif Davudov məlumat verir: “MnSK üzvlərinə sual verirəm seçici siyahıları üçün, deyirlər bilmirik. İcra hakimiyətinin seçkiyə təhkim etdiyi məmur isə onların əvəzinə cavab verir ki,hamiya, büdcə təşkilatları işçilərinə tapşırmışıq sabah lazımı adamlara səs verib tez işə qayıtsınlar.” 

Müsavat Partiyası Samux təşkilatının sədri, bələdiyyə üzvlüyünə namizəd Etibar Əkbərli  mətbuata açıqlamasında qeyd edir ki, 102 saylı Samux-Şəmkir DSK-nın məntəqə seçki komissiyalarının üzvləri, həm də namizədlərdən birinin yazın qohumlarıdır. Bu haqda MSK-na rəsmi şikayət etsə də hər hansı tədbir görülməyib.

Masallı Musaküçə bələdiyyəsinə namizəd Tərlan Abbaszadə: “Daşınan qutuda səs verənlərin sayını məntəqə seçki komisiyasının sədri məlumat verməkdən imtina edir. Bununla bağlı MSK-nın qaynar xəttinə zəng vurmuşam, hüquq şöbəsinin Rafiq Abbasov adlı əməkdaşı Məcəllədən başqa aidiyyatı olmayan mövzudan Tağının sözü olmasın nəsə dzıldadı. Deyirəm ay kişi niyə sayı deməməlisiz? Deyir sirrdir”. 

Mingəçevirdən Nurəddin Rüstəmli yazır: “Artıq bu gündən İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş siyahı 47 saylı DSK tərəfindən məntəqələrə paylanıb. 19 yerə qarşı qutudan çıxacaq 17 nəfərin siyahısı hazırdır. Vəssalam. Daha bir saxta seçki.” 

SEÇKİ GÜNÜ

(Seçki qərargahı pozuntular haqda məlumatı respublika üzrə 340 seçki məntəqəsindən müşahidəçi və namizədlərdən alıb)

14 saylı Xəzər seçki dairəsinin 19 saylı məntəqəsində müşahidə aparan Azadlıq radiosunun jurnalisti Yafəz Əkrəmoğlunun avtomobili oğurlanıb.

Yasamal rayonu ərazisindəki 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində foto-video müşahidə aparan jurnalistlər məntəqə seçki komissiyasının üzvləri tərəfindən kobudluqla seçki məntəqəsindən uzaqlaşdırılıblar.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, seçki qutularına topa bülletenlər atılır. Saat 12.00-dək artıq 250 nəfərin səs verdiyi rəsmiləşdirilib. Faktiki iştirak isə 37 nəfərdir. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 14 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, müşahidəçilərin seçkini müşahidə etməsinə imkan verilmir. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 16 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Elman Fəttahın verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri “Yeni Müsavat” qəzetinin müxbiri Cavanşir Abbaslını və bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanı seçkini müşahidə hüquqları olmadığı əsası ilə seçki məntəqəsində kənarlaşdırıb. 

47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 4, 5, 7 və 8 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, seçicilərə məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan topa bülletenlər verilir və onlardan bu bülletenləri seçki qutularına salınması tələb olunur. Seçicilər də bu işi həyata keçirirlər. Məntəqə seçki komissiyasının sədrinə bu barədə edilən xəbərdarlığa heç bir əhəmiyyət verilmir.

47 saylı Mingəçevir seçki dairəsinin 21 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, Mingəçevir şəhərində fəaliyyət göstərən bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olub-olmamalarından asılı olmayaraq məhz bu məntəqədə səs verməyə məcbur edilir. Nəticədə Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulur. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 17 və 18 saylı seçki məntəqələrindən bələdiyyə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, “Yeni Müsavat” qəzetinin jurnalisti Cavanşir Abbaslı məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki məntəqələrindən çıxarılıb.

47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 4, 5, 7 və 8 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, seçki məntəqəsində olan seçki bülletenlərinin kənarı məntəqə seçki komissiyasının üzvləri tərəfindən qabaqcadan kəsilərək hazır vəziyyətdə saxlanılır. Bu da Seçki Məcəlləsinin tələblərinə ziddir.

66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Ələddin Ələsgərlinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasına toplu şəkildə şəxsiyyət vəsiqəsi gətirilərək, həmin vəsiqələrə uyğun olaraq seçici siyahılarında qeydlər edilir, imzalar atılır və məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan seçki bülletenləri hamının gözü qarşısında seçki qutularına salınır.

71 saylı Masallı kənd seçki dairəsinin 32 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Kərim Kərimlinin verdiyi məlumata görə, müşahidəçilərə seçkini müşahidə etmək imkanı verilmir. Seçicilərə seçki bülletenlərinin küncü kəsilmədən verilir. 

108 saylı Ağstafa seçki dairəsinin 2, 3 və 4 saylı seçki məntəqələrindən Pərviz Mahmudovun verdiyi məlumata görə, müşahidə aparılan bu seçki məntəqələrində seçicilərin aktivlik faizi çox aşağı olduğundan məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan seçki bülletenləri topa şəklində seçki qutularına salınır. Məntəqə seçki komissiyalarının sədrlərinə bu halın saxtakarlıq olduğu haqqında bilgi verilsə də, onlar bu pozuntuların qarşısını almaq üçün heç bir tədbir görmürlər. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən Əhəd Məmmədlinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri Elmar Həşimov “Yeni Müsavat” qəzetinin müxbiri Cavanşir Abbaslını seçki məntəqəsindən polis müdaxiləsi ilə uşaqlaşdırıb. Buna etiraz edən səlahiyyətli nümayəndə Əhəd Məmməlinin özü də polis müdaxiləsi ilə seçki məntəqəsində xaric edilib.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, seçki məntəqəsində seçicilər açıq şəkildə eyni kabinədə 2-3 nəfər olmaqla səs verirlər. Məntəqə seçki komissiyasının sədri Elmar Həşimov baş verən qanun pozuntularını müşahidə edən namizədin səlahiyyətli nümayəndəsi Elşən Həsənovu təhqir edərək, “Sizin adlarınızı yuxarı orqanlara göndərəcəyəm”, deyə hədələyib. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 2 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, seçki məntəqəsinin yaxınlığındakı tib məntəqəsinin 10 nəfərə yaxın işçisi “karusel” əməliyyatı üçün seçki məntəqəsinin içərisində növbəti seçki məntəqəsinə gedişlərini gözləyirlər. 

108 saylı Ağstafa seçki dairəsindən bələddiyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, DSK-nın əksər seçki məntəqələrində seçki bülletenləri sayılmadan səsvermə prosesi elan olunub. 

108 saylı Ağstafa seçki dairəsinin 4 saylı seçki məntəqəsindən bələddiyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasının üzvləri tərəfindən qutuya topa şəklində seçki bülletenləri atırlar. Pozuntunun qarşını almaq mümkün deyil.

41 saylı Sumqayıt birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsindən Fəxrəddin Abbasın verdiyi məlumata görə, seçicinin əlində üç seçki bülleteni tutulub. Bu barədə məntəqə seçki komissiyasının sədrinə bildirilib. 

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 16 saylı seçki məntəqəsindən Vəfa Cümşüdlünün verdiyi məlumata görə, məntəqə seçki komissiyasının üzvü Cavanşir Rüstəmov seçki bülletenlərini topa şəklində seçki qutusuna doldurur.

47 saylı Mingəçevir seçki dairəsinin 5, 11, 14, 15, 17, 18, 19, 21, 26, 27, 28 və 29 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, Sosial Təminat İdarəsinin işçiləri bütün seçki məntəqələri üzrə səsvermədə iştirak edirlər. 5, 14, 15, 17, 18 və 19 saylı seçki məntəqələrində seçki qutusuna məntəqə seçki komissiyasının üzvləri tərəfindən topa şəklində seçki bülletenləri atılır. İcra Hakimiyyətinin işçisi Elşən Əliyev büdcə təşkilatlarının 30 nəfər işçisinin “karusel” üsulu ilə bütün seçki məntəqələrini gəzdirərək səsverməyə məcbur edir.

66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Ələddin Ələsgərlinin verdiyi məlumata görə, seçici passivliyini ört-basdır etmək üçün yerli İcra Hakimiyyətinin onbaşıları büdcə təşkilatlarının işçilərini məcburən seçki məntəqəsinə səs verməyə gətirirlər. 

71 saylı Masallı kənd seçki dairəsinin 39 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Kərim Kərimlinin verdiyi məlumata görə, seçki məntəqəsindən 93 seçki bülleteni yox çıxıb. 

108 saylı Ağstafa seçki dairəsinin 3 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, on nəfər “karusel” iştirakçısı bütün məntəqələri gəzərək səs verirlər. Az əvvəl 5 saylı seçki məntəqəsində səs veriblər, indi də 3 saylı seçki məntəqəsində səs verirlər. 

9 saylı Binəqədi ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, 143 saylı məktəbin müəllimləri valideynlərə zəng edib seçki məntəqəsinə gələrək, keçmiş bələdiyyə sədri və hazırda bələdiyyə üzvlüyünə namizəd Hümbət Hüseynova səs verməyi tələb edirlər.  

41 saylı Sumqayıt birinci seçki dairəsinin 3, 7 və 9 saylı seçki məntəqələrindən Nazim Əliyevin verdiyi məlumata görə, seçici aktivliyi yoxdur, seçici siyahılarında seyrək imzalar görünür, lakin seçki qutuları dolub. Seçki məntəqələrindəki müstəqil müşahidəçilərin bildirdiyinə görə, seçki qutuları topa şəkilli seçki bülletenləri ilə doldurulub.

66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Ələddin Ələsgərlinin verdiyi məlumata görə, YAP-dan olan bələdiyyə üzvlüyünə namizədlərin özləri və yaxınları seçki qutularına topa şəklində seçki bülleteni atırlar. Bu saxtakarlığa məntəqə seçki komissiyasını sədri Novruz Şahbazov başçılıq edir. Pozuntunun qarşısını almaq mümkün deyil.

70 saylı Masallı şəhər seçki dairəsinin 35 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Tərlan Abbaszadənin verdiyi məlumata görə, seçkinin sonuna doğru seçki məntəqəsi polis mühasirəsinə alınıb. Seçki məntəqəsinə iki alkoqolik salıblar, bələdiyyə üzvlüyünə namizədi təhqir edərək, onu təxribata çəkirlər. 

87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin 4 saylı seçki məntəqəsindən Anar Rəsullunun verdiyi məlumata görə, YAP-ın bələdiyyə üzvlüyünə namizədi Orxan Nəsirov öz adı işarələnən seçki bülletenlərini topa şəklində seçki qutusuna atarkən yaxalanıb. Bu hərəkətin qarşısı alındığı zaman Anar Rəsullu namizəd tərəfindən həbslə hədələnib.

Qanun pozuntuları və saxtakarlıqlar barədə məlumatlar yalnız Müsavat Partiyasını təmsil edən müşahidəçilərdən, məşvərətçi səs hüquqlu komissiya üzvlərindən, namizədlərin özündən, vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olub, eyni zamanda, Azərbaycan mətbuatında belə faktlar barədə əsaslı məlumatlar, foto və videogörüntülər yayılıb.

Pozuntular bütün ölkədə kütləvi hal alıb və bir qayda olaraq hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin və yerli icra hakimiyyətinin tərtib etdiyi siyahıda adı olan namizədlərin xeyrinə nəticələrin saxtalaşdırılması şəklində baş verib.

Səsvermə zamanı ən müxtəlif qanun pozuntularına və saxtakarlıqlara yol verilib:

Səsvermənin ilk saatlarından müşahidəçilərə qarşı təzyiqlər edilib. Müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bir çox yerlədə onlara sərbəst müşahidə aparmağa imkan verilməyib, bəzi hallarda isə onlar seçki məntəqəsindən zorla çıxarılıblar.

Məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyalarının işində iştirak etməsinə imkan verilməyib. Bəzi müşahidəçilər seçki məntəqələrindən polis tərəfindən çıxarılaraq saxlanılıb. Belə faktlar əksər seçki dairə və seçki məntəqələrində qeydə alınıb.

Seçki bülletenlərinin sayılmasında, onların saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri bir qayda olaraq yerinə yetirilməyib. Əksər seçki məntəqələrində seçki bülletenlərinin sayılmasında müşahidəçilərinin iştirakı təmin edilməyib. 

Seçki günü inzibati resurslardan kütləvi sui-istifadə hallarına yol verilib, dövlət idarələri öz işçilərinin səsverməyə gətirilməsini və onların yerli İcra hakimiyyətlərinin müəyyən etdiyi siyahıda adı olan şəxslərə səs vermələrini təmin etməklə məşğul olublar. Hakimiyyət orqanları tərəfindən edilmiş təzyiqlər nəticəsində, hətta özəl biznes qurumları da öz işçilərini xüsusi nəzarətlə YAP-ın namizədinlərinə səsverməyə gətirməyə məcbur ediliblər.

Bütün seçki dairələrində “karusel” üsulundan istifadə edilməsi, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb.

Belə hallar, bütün DSK-ın əksər məntəqələrində,  qeydə alınıb.

Seçicilərə pul paylanması halları barədə məlumatlar daxil olub.

Hələ seçki başlanmamış seçki məntəqələrinə seçki qutularının içərisində bülletenlərlə məntəqəyə gətirilməsi halları müşahidə edilib.

Seçki komissiya üzvlərinin və kənar şəxslərin seçki qutularına topa halında (çox sayda) seçki bülleteni atdığı hallar qeydə alınıb.

Məntəqələrdə şəxsiyyət vəsiqəsi olmayan vətəndaşların, adları seçki siyahısında olmayanların və qeydiyyatı başqa ərazidə olanların və bir neçə şəxsiyyət vəsiqəsi ilə səsverməyə gələnlərin səs verməsinə imkan yaradılır.

Səslərin sayılması zamanı müstəqil və müxalif müşahidəçilərin əksəriyyətinə səs sayma prosesini müşahidə etmək imkanı verilməyib. Bir çox hallarda məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilər seçki məntəqələrindən çıxarılıb.

Seçki məntəqələrində karbonlaşdırılmış seçki Protokolları doldurulmayıb və protokolların surəti məşvərətçi səs hüquqlu komissiya üzvlərinə və müşahidəçilərə təqdim edilməyib.

Seçki Protokollarının surəti müvafiq elan lövhələrindən asılmayıb.

Bir çox seçki məntəqələrində səslər ümumiyyətlə sayılmayıb.

Seçki Protokollarına seçicilərin səslərinə heç bir aidiyyatı olmayan uydurma rəqəmlər daxil edilib.

Müsavat Partiyasının Seçki Qərargahı seçki günü baş verən qanun pozuntuları və saxtakarlıqlarla bağlı müşahidəçilərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin, vəkillərin və səlahiyyətli nümayəndələrin, eləcə də ayrı-ayrı seçicilərin verdiyi məlumatlar əsasında səsvermənin getdiyi zaman ərzində 6 press-reliz yayıb. Bu press-relizlərdə seçki günü baş verən qanun pozuntuları haqqında məlumatlar konkret faktlarla əks olunub.

NƏTİCƏ

23 dekabr 2014-cü il tarixli bələdiyyə seçkiləri azad və ədalətli olmayıb. Bu seçkilərin nəticələri yerli seçicilərin azad iradəsini ifadə etməyib. Belə ki:

- bələdiyyələrin statusu əhəmiyyətli dərəcədə azaldılaraq səlahiyyətsiz quruma çevrilib.

- yerli özünü idarəetmənin Avropa Xartıyasının tələbləri reallaşmayıb, Azərbaycan hakimiyyəti bu xartiya üzrə götürdüyü öhdəliklərə əməl etməyib.

- seçkilər ərəfəsində ölkədə seçkiqabağı demokratik şərait olmayıb;

- real müxalifət partiyaları, o cümlədən Müsavat seçkilərə partiya şəklində qatılmayıb;

- iddiaçı tərəflərə bərabərhüquqlu təbliğat imkanları yaradılmayıb;

- siyasi rəqabət şəraiti mövcud olmayıb;

- namizədlərin sərbəst təbliğat və təşviqat hüququ təmin edilməyib;

- demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb;

- Seçki Məcəlləsinin demokratikləşməsi istiqamətində AŞ PA-nın Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb;

- bütün seçki komissiyalarında hakim partiya nümayəndələri faktiki olaraq həlledici səs çoxluğuna malik olub;

- komissiyadakı vəzifələr iqtidar və iqtidaryönlü partiyaların nümayəndələri arasında bölünüb;

- seçki kampaniyasının müddəti azaldılıb, təbliğat və təşviqat imkanları, hətta əvvəlki seçkilərlə müqayisədə xeyli məhdudlaşdırılıb;

- administrativ resurs yerli icra hakimiyyətlərinin müəyyən etdiyi namizədlərin xeyrinə qanunsuz fəaliyyət göstərib;

- seçki günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib;

- Bələdiyyə seçkiləri sovet dövrünün formal seçki tamaşasını xatırladıb.

Müsavat Partiyasının seçki qərargahına daxil olan çoxsaylı məlumatlar, seçki məntəqələrində olan müşahidəçilərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin hesablamaları tam əminliklə deməyə əsas verir ki, seçkilərdə iştirak edən seçicilərin sayı saxtakarlıqlar və qanun pozuntuları hesabına dəfələrlə şişirdilib. Əslində seçkilərdə iştirak edən seçicilərin ümumi sayı 15%-dən aşağı olub.

Seçicilərin öz istəklərinə uyğun səs verməsinə maneə yaradılıb. Seçicilərin bir qismi seçki məntəqələrinə məcburi şəkildə, işdən azad olunmaq və digər təhdidlərlə gətirilib, onlardan yerli icra hakimiyətin müəyyən etdiyi siyahıda adı olan şəxslərə səs verməli olduqları tələb olunub.

Qeyd olunan qanun pozuntuları bütün ölkə üzrə Bələdəiyyə seçkilərində total xarekter daşıyıb və bütün bələdiyyə üzvlərinin saxta yolla elan edilməsində həlledici rol oynayıb.

23 dekabr 2014-cü il tarixli Bələdiyyə seçkilərində baş verən qanun pozuntuları və saxtakarlıqlar əhalinin yerli özünü idarəetmənin səmərəliliyinə və bütövlükdə seçkilərə olan inamını növbəti dəfə zədələyib.

Azərbaycan hakimiyyəti 23 dekabr 2014-cü il tarixli bələdiyyə seçkilərində seçicilərin iradəsinə zidd olaraq, yerli özünü idarəetmə qurumlarını nəzarətdə saxlamaq istiqamətində növbəti addımını ataraq, seçicilərin özünü idarəetmə hüququnu taptalamaqla yolverilməz seçki  cinayətinə imza atıb.

Bələdiyyə seçkilərinin gedişi və hakimiyyətin həyata keçirdiyi saxtakarlığın strukturu və miqyası barədə Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahına daxil olan gerçək məlumatlar bəyan etməyə əsas verir ki, 23 dekabr 2014-cü il tarixli Bələdiyyə seçkilərində seçicilərin öz iradəsi ilə iştirak hüquqları kobud şəkildə pozulub, seçkinin bütün bələdiyyələr üzrə nəticələri Mərkəzi Hakimiyyətin tapşırığı əsasında yerli İcra Hakimiyətlərinin total müdaxiləsi ilə məhz, öz nəzarətlərində olan namizədlərin xeyrinə əsaslı surətdə dəyişdirilib.

Müsavat Partiyası 23 dekabr 2014-cü il tarixli Bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsini, demokratik seçkilərin keçirilməsi üçün zəruri olan seçkiqabağı siyasi mühitin, belə seçkiləri təmin edəcək qanunvericilik bazasının yaradılmasını, beynəlxalq standartlara cavab verən Böyük Şəhər bələdiyyələrinin yaradılmasını, bələdiyyələrin statuslarının yerli özünü idaərəetmənin Avropa Xartiyasının prinsiplərinə uyğunlaşdırmaq məqsədilə təxirə salmadan müvafiq islahatlar aparılmasını tələb edir.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti