Səxavət Tağlar

Əməkdar müəllim, yazıçı.


(Dostum Həkimxan İmanova)                                                   

Nə oxucum ,nə pedaqoji fəaliyyətdə olduğum uzun illərin yetirmələri ,nə dost- tanış,nə də ki,  tanıyanlarım  düşünməsin: necə yəni , mən kiməm ? Yaşdandı, peşə-məşğuliyyətindəndi, daxili məsuliyyət hissindəndi bilmirəm, altımış yaşa doğru getdikçə hissiyatım, iç dünyam  imtahana çəkir məni. Cavabları test banklarında, metodik vəsaitlərdə, ədəbiyyatlarda, hansısa bir mənbədə olmayan bu imtahanın sualları varlığıma hakimliyi ilə rahatlığımı silkələyir. Heç bir zaman imtahandan, qiymətləndirmədən,monitorinqdən çəkinməyən ,qorxmayan  canım az qalır bu silkələnməyə, bu daxili testə tab gətirməsin. İmtahan!  Bu ifadə peşəmlə bağlı nə qədər dogma , yatımlıdır mənə . Hazırkı mövqeyimə kimi  nə qədər imtahan vermişəm.  Orta  məktəbin buraxılış imtahanı, ali məktəbə qəbul imtahanı , diplom işinin müdafiəsi üçün imtahan … Düşünürəm ki, hələ biz az imtahan vermişik.İndiki gənclər işə qəbul üçün imtahan, dövlət qulluğuna keçmək üçün imtahan, kateqoriyalarını artırmaq üçün imtahan… imtahan verirlər . Əvvəllər  ümumtəhsil məktəbinin buraxılış imtahanları məktəbin özündə  olurdu . Nazirlikdən imtahanların aparılması üçün yaddaş, tövsiyələr, imtahan biletləri və göstəriş gəlirdi . Sinif otaqlarının qarşısından şüarlar asılırdı .  “Diqqət! İmtahan gedir!”,  ”Sakitliyə riayət edin!”,  ”İmtahan otağı” və sairə. Əslində o zaman bu bir kampaniya  xarakteri daşıyırdı. İmtahan xofu yaranırdı.  İmtahan ənənəsi - amirlik və  ənənəvi təhsilin  final mərhələsi idi. Nəticədə üstünlük peşəyönümünə, peşə istiqamətinə verilirdi. İstehsalata gedənlər tribunadan alqışlanırdı.

  … Nə yaxşı ki, İmtahanın formatı dəyişdi. Təhsilimiz nəticəyönümlü oldu. Əsl imtahan bir

bilik yarışmasıdır, elm savaşıdır.Elm qazan, oxu,  öyrən, imtahandan da uğurlu çıx. İstər ümumtəhsil məktəblərində buraxılış imtahanları olsun, istər ali məktəblərə qəbul imtahanı.

İstər işə qəbul imtahanı, istərsə də magistatura, doktorantura imtahanı  fərq etməz.

    Biz imtahan verə- verə, imtahan götürə-götürə gedirik. Mayamızda, qanımızda bir

Imtahanşünaslıq var. Tənzimlənən, qanunlarımıza söykənən imtahanlar nə gözəl.  Elə

imtahanlar da var ki, onun “müəlliminin”öz mizan-tərəzisi , öz ölçü vahidi , öz meyarı var.

Vay o gündən ki, ”müəllimi “ yarımçıq ola…

… İç dünyamın mənimlə söhbəti, mənə sorğu –sualı, məni  “Mən kiməm?” düşündürməsi

narahat edir məni. Axı bu nə sualdır?  Necə yəni-mən kiməm?!  İmtahanlar burulğanında

sual- cavabdan çətinlik çəkməyən bir şəxs kimi bu kommunikativ, daxili hissiyatlı sorğunu

cavabsız buraxmaq çətin gəlir mənə. Hər kəs kimliyini bilməli, cəmiyyətdə yerini görməlidir.

O qədər olub ki, ən kiçik auditoriyadan ən böyük  tribunaya kimi insanların nitqi, əməlləri

vəhdətdə görünməyib . Dinləyiçi, tamaşaçı bu təzadı sezib və nifrət edib. İxtiyari olaraq

düşünmüşük : O kimdir?!  Nə danışır?!  Kimə danışır ?! Niyə danışır?! Belələri səlahiyyət sahibi olanda, iş aşıranda alqışlanıb da…

  …Bilirəm, bu hissiyatlı düşüncələrim ədəbiyyat, söz, mənəviyyatdan kənar insanlara eqoizm

kimi görünə bilər. Ancaq nə edim. Düşüncələrimə hakimliyimi içimdə boğummu?  Sorğunu

cavabsız buraxımmı? Nə edim? Çavablandırılmasında çətinlik çəkdiyim “Mən kiməm?”

sualı TV kanallarının  “Dostdan soruş”variantını yadıma saldı. Odur ki,  bir dostuma, məni         

yaxşı tanıyan, ən xırda hiss və duyğularımı bölüşə bildiyim həmkarıma müraciət etdim .

Düzdür, o,  cavablandırmadan əvvəl  mənimlə dioqnostik sorğu –test apardı. Nə soruşdusa

dedim. Çətinliyini də duydum.İstiqamət də verdim : “Qardaşım. Bax , elə bil, sən məndən

soruşursan  “Mən kiməm?” Mən fikirləşmədən deyirəm.  Sən mənim həmkarım, dostum,

gözəl insan , yol yoldaşım, hamının dəyər verdiyi bir ziyalı... ” Kaş yol yoldaşım deməyəydim.

Bu yolda ömrümüzün izi olan, hekayətləşən “Getmə, sənə quzu kəsim”,  “Visqi”,  “İmişli-

Əliqulular, yoxsa, İmişli –Ağammədli yolu ilə” əhvalatları kiçik gündəmimizdə böyük reytinq

qazansa da, onun “İmişli –Muradxanlı yolu” hikkəsi də var, axı?! Yox , yox səhv etməmişəm.

 ... Dostum, həmkarım, qardaşım , ən əvvəl ağsaqqal kimi hörmət -izzət sahibi olan bu kişi

“açdı sandığı, tökdü pambığı” ...   “Sandıqdan çıxanları” sizinlə bölüşmürəm.Dost gözündə uca olsam da, kəm kəsirlərim, yarımçıq işlərim, görəcəklərim,  görməli olacaqlarım sıralandı.

Nə yaxşı ki, iç dünyam məni sorğu- suala tutub, imtahan edib. Nə yaxşı...İldə bir neçə dəfə

bu anı təkrarlayacağım da şəksizdir.

Nə vaxtsa sizi də  “Mən kiməm?”  sualı düşündürsə, narahat etsə, özünüz qədər inandığınız bir  şəxsə müraciət edin. Qoy o şəxs dəyərləndirsin sizi. Gör, sən kimsən? Hansı çatışmamazlıqların  var?  Nələri düzəltməlisən? İmtahan verib tələbə adını qazanmaq,  imtahan verib işə düzəlmək,  dövlət qulluguna keçmək, kateqoriyanı qaldırmaq və s.  kimi şərəfli həyat  yolunun çətinlikləri qədər ağırlıq yükünə malik bu daxili hissiyatlı sual beynimdə dolanan qaranlıq mülahizələrə aydınlıq gətirdi. Nə yaxşı ki, ətrafımızda həkim xəstəyə verdiyi düzgün diaqnoz qədər həyat hadisələrini səciyələndirə bilən kamil ağsaqqallar var. Onlar da həkimdir. Cəmiyyətin həkimi, düşüncələrimizin həkimi, həkimlərimizin həkimi və ən ali varlıq olan bütün insanların həkimi. Onlar sehrli əlləri ilə  açdıqları  “sandıqdan” çıxan hər nə varsa bizim xeyrimizədir.  “Mən kiməm?” sualının açıqlamasında ağsaqqal dostumun  sehirli çubuğundan  o qədər razı qaldım ki... Bir də o deyir ki, sənə baxma, hər adam  “sehrli çubuğun ”açıqlamasına dözmür. Soruşdum ki, dözməsə nə etməli. O güldü və “səndən uzaq olsun” dedi...

 

 

Xəbər lenti