Rəşid Bərgüşadlı

Hələ dünyaya gələn gün anamın başını yeyib özümü yetim qoymuşdum. Məni nənəm saxlamışdı. Hər dəfə bizə gələndə, –  “Ənvər əmi!” – deyib sevincək qucağına qaçdığım, gətirdiyi şirniyyatları eşələyib içindəki irisləri seçdiyim adam isə sən demə, dost-doğmaca atam imiş.

 Nənəmin təqaüdünə gözümüzü dikmişdik. Atamın təkəmseyrək  göndərdiyi cibxərcliyi mənim heç məktəb xərclərimi ödəmirdi. Başqasıyla ailə qurub məni qoca nənəmlə birgə tənha buraxdığına görə atama çox da qanım qaynamırdı. Süpürgə pulu, təbaşir pulu, bayram pulu nənəmin təqaüdünün yarısını əjdaha kimi udub üstündən də su içirdi. Nənəm, heç kimin uşağından geri qalmayım deyə heç vaxt pul sarıdan özünü qısmazdı. Bircə onu deyirdi ki, – “Yəqin ki, valideynlərdən bir qeyrətlisi çıxacaq və bu müəllimlərin dərsini verəcək...”. Amma qeyrətli valideyn tapılmadı deyə məktəbi atdım – onsuz da, fərli-başlı oxuyan da deyildim...

Özümə iş axtarmağa başladım. Allah adamın işini rast salanda, onun qabağını şeytan da kəsə bilmir... “Dəniz” şadlıq sarayına gəldim, müdirlə görüşdüm, iş axtardığımı dedim. Əvvəlcə, törəş boyuma, can-cəsədimə baxıb, – “A qırışmal, sənin işləyən vaxtındır, niyə gedib dərslərini oxumursan, sənə nə iş verim bu yaşda?” – dedi. “Ofisiant işləyə bilərəm” – dedim. Deyəsən, çəlimimi bəyənməmişdi, boy-buxunuma bir də baxıb başını bulayıb güldü.

İncəvara, bu heynidə ata-oğul təzə toy danışmağa gəldi. Səfa – sarayan müdiri – onlarla otağa keçdi. Ərinmədim. Oturub gözlədim. Xeyli vaxtdan sonra eşiyə çıxanda ayağa durdum. Deyəsən toyun qiymətini razılaşmışdılar – hər iki tərəf şən görünürdü. Qonaqları yola saldı və məni görüb, – “Hə, dostum, sənə nə iş verək deyirsən?” – soruşdu. Kefi kök idi. İndi də bir cavan oğlan böyürdən çıxıb yenə söhbətimizi yarımçıq qoydu. Danışıqlarından anladım ki, bu dəfə gələn, şadlıq sarayının videoçəkənidir. Azca dərdləşmişdilər ki, Səfa məni operatora göstərib, – “Təhsil naziri gör məktəbləri nə günə qoydu, bapbalaca boyu var, indidən özünə iş axtarır” – dedi. Operator, – “Bəlkə mənim kabeldaşıyanım olsun?” – deyəndə çiçəyim çırtladı.

Səfa operatora:

–  Gözün yeyirsə, niyə də olmasın? – dedi.

Operator məndən soruşdu, – “Kabel daşıya bilərsən?”. Sevincək, – “Niyə daşımıram ki... – dedim.

– Onda bu axşamdan işdəsən. Hər toy üçün 10 manat alacaqsan. Danışdıq?

– Danışdıq! – dedim.

Sevincək evə – nənəmi muştuluqlamağa qaçdım. Nənəm işə düzəlməyimə sevindi, amma qəhərləndi də.

Axşamüstü saat 5 olmamış geyinib-kecinib kəsdirdim şadlıq sarayının qabağını. Operatorum gəldi – o, indi mənim müdirim idi.

– Adın nədir? – soruşdu.

– Kamran – dedim.

– Mənimki isə Mirelvin – dedi.

İşimi qısaca izah elədi. Heç çətin iş deyilmiş. Musiqiçilərlə oturub yemək yedik. Özümdən böyüklərlə oturduğuma utanırdım deyə gözüm kabablarda qalmışdı, doyunca yeyə də bilmədim.

Saat 6-da toy başladı. “Vağzalı” çalınanda ayaqlarım həyəcandan titrədi, – ilk iş günüm başlayırdı, elə bil bəy mən idim. Qonaqlardan utanırdım. Gözümü operatorun kürəyinə, çiynindəki videokameraya zilləyib kabellərin dolağını açıb-yığırdım. Toy bitənədək qulaqlarım uğuldayır, beynim səs-küydən çatlayırdı. Geydiyim təzə ayaqqabı topuğumun döyənəyini açmışdı. Amma ilk əmək haqqımı alanda utanmasaydım sevincimdən atılıb-düşərdim. Evə tələsirdim. Onluğu sevincək nənəmə verdim. Nənəm alnımdan öpüb, – “Mənim kişi balam” – deyib hıçqırdı. Onsuz da, gözünün yaşı əlindəydi. Yatağıma cumdum, dincəlməliydim – “Altı saat ayaqüstə qalmaq asan iş deyil. Amma möhtəşəm işdir. Sabaha da toy var – iki günə iyirmi manat qazanmaq hər oğulun işi deyil. Hər gün toy olsa, aylıq məvacibim 300 manat olacaq. Bu, nənəmin təqaüdündən iki dəfə çoxdur!”. İşimi sevmişdim. Ağır olmasa da məsuliyyətli iş idi. Gərək kabeli operatorun arxasınca elə dartıb aparasan ki, rəqs edənlərin, ortada gəzənlərin, oturanların ayağına dolaşmasın. Allah uzaq eləsin, birinin ayağına dolaşıb yıxsa, öz evim də yığılar.

 Alışdım işimə. Ustalaşmışdım artıq. Səfa hər dəfə məni görəndə nəvazişlə başımı sığallayırdı. Çox xeyirxah  adamdı Səfa. Allaha əl açıb yalvarırdım ki, hər gün toy olsun. Amma, “məhərrəmlik” və may ayı – biz maya “boş ay” deyirik – gələndə belimiz qırılırdı.  Musiqiçilərlə dost olmuşdum, artıq onlardan utanıb-çəkinmirdim. Təkcə, qız müğənnilərin yanında söyüşlə danışanda pörtüb kənara çəkilirdim.

Səfa, nənəmlə tək yaşadığımı biləndən sonra toydan artıq qalan yeməkdən yaxşı bir bağlama bağlatdırıb hər dəfə nənəmə göndərərdi. Nənəmlə krallar kimi yaşayırdıq. Kimin evində hər gün kabab, çərəzlər, cürbəcür xörəklər, şirələr vardı? Binamızda ən yaxşı yaşayan ailə başçısıydım...

Əsgərə gedənədək beləcə kabeldaşıyan işlədim. Mirelvin yorulanda kameranı götürüb toyu da çəkirdim. Videooperator işləmək çox çətin işdir. Toy çəkmək üçün gərək xüsusi fərasətin olsun. Hər kadrı, təkcə ortada dingildəyənləri çəkməklə iş bitmir. Gərək toyun videosuna baxan elə hiss eləsin ki, sanki kinoya baxır. Toy özü elə kinodur ki var. Bu bir ilin içində toyda görmədiyim tip insan, səhnə qalmamışdı...

Əsgərlikdən qayıdandan üç ay sonra nənəm dünyasını dəyişdi. Tək qaldım. Mirelvini yenidən tapdım və əvvəlki işimə qayıtdım. 

Toy idi. Gəlini evdən çıxarmağa gedən klarnetçi Nüsrətlə, nağaraçı Şərif qayıdıb gələndə dedilər ki, bəs, – “Xalid öldü...”. Müğənni Əşrəf heyrətlə soruşdu ki, – “Nətər yanı “öldü”, ə!?”. Nüsrət dedi ki, – “Öldü da... Gəlin elə ayağını qapıdan eşiyə atan kimi, qucağında qarmon dizüstə çöküb yerindəcə keçindi”. Pəh! Aləm bir-birinə qarışmadımı? “Bəy-gəlini gətirdinizmi?” – Səfa soruşdu. “Gəlini gətirdik, amma bəyi yox” – Şərif bunu deyəndə ortada əl-ayaq verən toy yeyəsinin qohumu yanımızı kəsdirdi:

– Sakitcə toyunuzu çalın! Elə eliyin ki, qonaqlar duyuq düşməsin. Rəhmətlik kişi can üstəydi. Elə ona görə toyu tez-tələsik edirdik ki, kişi ölməmiş aradan çıxsın. Amma, qismət bu günəymiş...

Səfa:

– Kişi kimdi? Yenə ölən var?!

– Hə... Bəyin babası da bayaq rəhmətə getdi. Yaşlı, ömrünü yaşamış adamdı. 79 yaşı vardı, neçə ildi xərçəng idi... Bax, ağzınızı möhkəm saxlayın, yaxşımı?

 Qarmonsuz musiqiçilərin işi fırıqdır – səsi batıran əsas musiqi aləti qarmondur. Ora zəng-bura zəng, axırda bir qarmonçalan tapdılar. Musiqiçilər toyu qoyub dostlarının yasına gedə bilməzdilər ki... Odur ki, nə qədər minusovka, yazılı disklər vardı, hazırladılar ki, toyu fonaqramma ilə  birtəhər yola versinlər.

Qonaqlar zalı doldurmuşdu. Xirik qurdu kimi stola darışıb salatdan yeyir, araqdan gillədirdilər. Manqalda bişən kababın qoxusu yavaş-yavaş zala dolurdu. Bayaqkı əl-ayaq verən qohum sərpayının qulağına pıçıldadı ki, toyu başlasın. Babanın ölümü heç vecinə də deyildi. O, qonaqları yerləşdirməklə məşğul idi. Ümumiyyətlə, əl-ayaq verənin üzünün güldüyünü nadir hallarda görərsən. Tanış-biliş hərdən onu da içməyə dəvət edəndə elə “uf-puf”la içir ki, elə bil toyun yükü tək bunun çiynindədir. Toyun axırına az qalmış, ayaqüstə dura bilməyən, sürünə-sürünə zaldan çıxan adam birinci elə bu əl-ayaq verənlər olur. Əlli qram içə-içə olurlar lülqəmbər.

“Vağzalı” çalındı. Gəlini zala dəvət edirdilər. Nə kəbinkəsmə mərasimi oldu, nə zər yağışı, nə rəngli şərbət, nə də üzüktaxma. Yaşlı bir kişi gəlinin qoluna girib onu zaldakı qohumların stoluna oturtdu. Bəy-gəlin masası sahibsiz qalmışdı.

Əl-ayaq verən qohum Mirelvinə tapşırdı ki, gəlin tərəfi videoya çəkməsin. Biz də o tərəf yaxın durmadan qonaqları çəkirdik. Rəqs etməyi bacaran cavan qohumlar ortanı qızışdırmışdılar. Həmişə toy yeyələri özləri yalvarırlar ki, onlar yaxşı geyinib-kecinib toya mütləq gəlsinlər. Onlar yaxşı rəqs etməyi bacarırlar. Dərhal bilinir ki, bəziləri evdə güzgü qabağında oyun havaları qoyub yaxşıca məşq ediblər. Toyu şinlikli edənlər də ən çox bu cavanlar olur. Qonaqlar maraqla tamaşa edəndə onlar daha da qızışırlar. Belələri, biri üzünü onlara tərəf dönən kimi attanırlar meydana. Tər kürəyindən süzənədək özlərinə sitəm edirlər.

Tez-tez musiqiçi dostlarımızın yanına dartınıb rəhmətlik Xalid barədə dərdləşirdik. Zurnaçı Qəşəm deyirdi ki, –  “Gəlin bəduğurdur, bizim başımızı yeməsə yaxşıdır”.

Sərpayı sağlığı sağlıq dalınca deyir, az qala uzun siyahıdakı yaxınların hamısını tək-tək mikrofona dəvət edirdi. Məclisin ortalarında artıq “it yeyəsin tanımırdı”. Kənddən gələn bir dəstə allı-güllü, zərli geyimli qohumlar sıxıla-sıxıla ortadaydılar. Həmişə onları müşahidə etməyi  sevmişəm. Çünki, onları çəkmək asandır. Hamısı bir yerə topalaşıb sakitcə oynayırlar. Sinəsi, kürəyi açıq şəhərli arvad qohumuna elə baxırlar ki, bilirsən ki, bu saat ağıllarından min cür fikir keçirirlər. Onları candərdi rəqsə dəvət edənləri az qalırlar ki, çimdikləyib heyiflərini alsınlar. Hərdən də şirə əvəzinə likör, rom kimi spirtli içkiləri dəyişik salıb içərkən çoxbilmiş qohumları onları lağa qoyanda lap cin atına minirlər. Özü də, evdə nə qədər cavan qız, oğlan uşağı varsa, yığıb toya gətirərələr – elə bilirlər ki, oğlunu-qızını da toya gətirməsə toy yeyəsi onlardan inciyəcək. Amma “stolun qiyməti” söhbətini kimsə eyham vuranda, toyun ortalarında yazıqların sifətinə baxırsan, utanıb stula elə qısılırlar ki, adamın onlara yazığı gəlir.

Əsas qonaq gələndə sərxoş məclisin qırışığı azca açıldı. Əl-ayaq verən qohum artıq dəm olsa da, qonağın qabağına şəstlə gedib boynunu qucaqladı, üzündən öpüb onun üçün ayrılmış stola dəvət elədi. Deyəsən qız tərəfin adamıydı – gəlinin duvağını qaldırıb alnından öpdü və gəlinlə yanaşı oturdu. Hər toyun bu cür imkanlı bir qohumu olur. Beləsini zala girişindən əlbəəl bilirsən. Sərpayı bu imkanlı qohuma toyda mütləq söz verməlidir. O, çıxışa başlayan kimi, toy sahibi onun yanında paya kimi dim-dik durur. İmkanlı qohum rəqs edən kimi bütün qohumular ortaya düşür. Bir-bir gözlərilə salamlaşırlar.  Balaca adam deyil, toya ən çox pul salacaq adamdır o.

Sərxoşlarının dodaqyalayan vaxtı başlayırdı. Əslində, onlar toyun ən səmimi adamlarıdırlar.  Adətən hər masada bir az araq içir, sərxoş olduqdan sonra isə kimi harada gəldi tutub öpürlər. Öpüşməyi sevməyən qohumlar bunlardan qaçırlar. Arvadı nə qədər göz ağartsa da toyun sonunda onları “diri” tutmaq çox çətin məsələdir. Çox vaxt yediklərini qarnında evə aparmağa heyləri qalmaz. Belələrini tutub çəkmək çətin iş olsa da, eynimiz elə onlarla açılır. Amma, mənim işimin ən ağır yeri də bu sərxoşları çəkən vaxta düşür. Odur ki, bu ərəfədə gözlərimi dörd açıram. Əsas da ona görə ki, şar partlatmaqla əylənən qohum uşaqları əl-ayağa bu vaxtlar dolaşırlar. Allah göstərməsin, sərxoşun biri uşağa ilişib yıxılsa, günahı kabeldaşıyanda görürlər. Uşaqlar da ki, Allah saxlasın, elə bil civədilər… Hələ, yaxşı ki, indiki toylarda şabaş-zad atmırlar, yoxsa, ayaq altında qalan uşaqları yığıb-yığışdırmaq olmazdı.

Mirelvin ayaqyoluna getdi və videonu on dəqiqəliyinə mənə vermişdi. Zalın boşalan vaxtlarıydı. Külləmə kartof sifariş verib saatlardır gözləyən tənha qonağı “nişangaha” almışdım. Görünür bəyin keçmiş iş yoldaşı, ya da əsgərlik dostu idi. Çünki, məclisə heç qaynayıb-qarışımırdı. Atasının, ya da başqasının əvəzinə toya gedənlər də adətən bu cür tənha və dilxor otururlar. Sağlıq deyən “şair” qohuma qulaq asır, narazı-narazı nırçıldadıb pivə şüşəsini başına çəkirdi. Hiss olunurdu ki, əsəbidir. Yəqin ki, hirsli olduğu üçün araq onu tez tutmuşdu. Elə bil dava salmaq üçün himə bənddir.

Dəvətlilərdən bəzilər bəyin toya gəlmədiyinin fərqinə varmağa başlamışdılar ki, gəlini oynamağa ortaya çəkdilər. Pırpız saç düzümü, sinəsi açıq, uzun ətəkli qız gəlinin paltarını düzəldəndə gözüm gəlinin üzünə sataşdı. Çox məyus idi. Qınamalı deyil, – iki ölü birdən – kim olsa bunu dərd edərdi. Gəlinlə nəzərlərimiz toqquşdu və yerimdə qurudum. “Aman Allah, o! Hə, vallah, odur... Mənim ilk məhəbbətim Süheylə!”. Gözlərimiz bir-birinə ilişib qalmışdı. Yerində addımlayan əsgər kimi ağır-ağır ayaqlarını götürüb-qoyur, məyus gözlərini məndən ayırmırdı.

Biz bir-birimizi orta məktəbdən sevirdik. Ailə qayğıları, əsgərlik və nənəmin ölümü ortaya düşdüyü üçün onu unutmuşdum. “Unutmuşdum” deyəndə ki, – “İndiyədək neçə nəfər ilk məhəbbətinə qovuşub ki? Uşaqlıq sevdasıydı, boş sevdaydı” – deyib üstündən keçmişdim. Özümə söz vermişdim ki, özümə fərli bir iş tapmayınca evlənməyəcəyəm. Demək, o da başqasına könül veribmiş. Nə etməli, könül onun idi – kimi istəyirsə, onunla da ailə qurmalıydı. Mən də onu asanlıqla içimdən söküb  çıxarmışdım. Bu günədək də içiboş gəzirdim. İndi Süheylə gəlin paltarında qənşərimdə dayanmışdı. Kabel əlimdə dartıldı. Kabeli buraxdım – artıq kabel vaxtı deyildi. “Bəduğur” dedikləri qız yeyəsiz-sahibsiz quzu kimi sanki tək-tənha mələyirdi...  

Zalın başında qəfil uğultu qopdu. Gözləri əsəbdən qızmış cavan oğlan müğəninin əlindən mikrofonu qapıb nəsə deyeirdi. Amma fanoqram musiqi qoyulduğundan onu eşidən olmadı. Qurcalayıb mikrofonun düyməsini tapdı:

– Axmaq köpəyuşağı, mən yas içindəyəm, siz isə burda qol götürüb dingildəyirsiniz! Bu toy olmayacaq!   Bu cür nöysət qızı mən özümə arvad edə bilmərəm! Babam öldü, qarmonçalan öldü, maşınım od tutub yandı! İstəmirəm! Mən bu qızla evlənmirəm! Hamınızdan üzr istəyirəm... – deyib zaldan çıxmaq istəyəndə, bayaqdan külləmə kartof gözləyən oğlan onu xirtdəklədi.

– Sənin baban da, atan da, nəslin də gorbagor olsun, it oğlu! Pulları qus bura görüm..! Bu dəfə səni əzrayıl da əlimdən ala bilməz – boynundan yapışıb əvvəlki oturduğu stola gətirdi. Boynundan basıb stula oturtdu. Bəy dilin dönmüşdi udmuşdu. Külləmə gözləyən Səfanı gördü və barmağı ilə onu yanına çağırdı. Səfaya, – “A kişi, mən dörd saatdır ki, külləmə kartof gözləyirəm, sizdə qonağı adam yerinə qoymurlar?” – soruşdu.

Səfa:

– Bu saat qardaş, bu saat gətirərlər... – deyib ofisianta göz-qaş elədi.

Süheylənin imkanlı qohumu bəyə yaxınlaşdı, – “Asif, ölüm haqdır, bala. Ölüb, Allah rəhmət eləsin, bu nə biabırçılıqdır edirsən? Yaxşı ki, qonaqların çoxu çıxıb gedib, heç utanmırsanmı, bizi el içində biabır edirsən?”

Asif yenidən coşdu:

– İstəmirəm, a kişi! Almıram! Mən başqasını istiyirəm, zornan verəcəksiniz?! Evlənmirəm və evlənməyəcəyəm!

– Bala, ağzın nədir istəmiyəsən, səni danaboyun edib atdıraram içəri, ilim-ilim itirərəm – kişi elə səbrlə, elə aramla deyirdi ki, elə bil bu insanda sinir deyilən şey yerli-dibli yox imiş.

“Külləmə”:

– Ağsaqqal, sən zəhmət çəkmə, bu türmə görmədən o biri dünyaya nakam gedəcək.

Asif fürsətdən istifadə edib qəfil yerindən sıçradı və qarşısına çıxan stolların üstündə nə ki su, şirə şüşələri vardısa, “Külləmə”nin üstünə vızıldadıb qapıya tərəf çəkilirdi. Səni oğlan ölmə, “Külləmə” – əlini at qoltuğuna, “makar”ı çək və tavana atəş aç. Bir.., iki... Ortada bir haray-həşir qopdu ki, gəl görəsən. Hərə özünü bir stolun altına dürtdü. Zavallı Süheylə key kimi ortada qalmışdı. Tez onun qolundan yapışıb bəy-gəlin stolunun altına çəkdim. İkimiz də üz-üzə yerə sərilmişdik. Düşünməyə vaxt yox idi, odur ki, – “Əgər məni hələ də sevirsənsə, burdan düz mənim evimə gedək. Bu heyvərədən sənə ər olmaz. Razısan?”. Süheylə inildiyirdi, – “Hə, Kamran, razıyam... Qurbanın olum, tez apar məni burdan! Mən qorxuram, məni tək buraxma... Nolar, məni atma, Kamran...”.

“Külləmə” Asifi yaxalayıb yerə sərmişdi. Süheylənin imkanlı qohumunun biləyindən yapışıb bir küncə çəkdim, – “Əmi, biz Süheylə ilə bir-birimizi çoxdan sevirik. Elə indi evlənmək istəyirik. İcazə verirsinizmi?”. Kişi Süheyləyə baxanda, qız gəlib qoluma girdi. Kişi Səfanı çağırdı, – “Hanı kəbinkəsən xanım?”.

Səfa:

– Yuxarıda – mənim otağımda gözləyir.

– Çağır gəlsin bura, bəylə-gəlinin kəbinini kəssin!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti