Ekspertlər bildirirlər ki, neft ölkələri sözün həqiqi mənasında bu sektoru unutmalıdırlar...

Neft hasilatı ilə bağlı Doha görüşü nəticəsiz başa çatıb. Görüşdə heç bir razılıq əldə olunmayıb. Neft hasilatının dondurulmasına dair layihəni müzakirə etmək üçün neft ixracı üzrə dünya liderlərinin görüşü məhz gözlənildiyi kimi, razılıq əldə olunmadan başa çatıb. Qətərdə saatlarla aparılan danışıqların sonunda ölkənin enerji naziri Mohammed bin Saleh al-Sada deyib ki, neft istehsal edən ölkələrin “əlavə vaxta ehtiyacı var”.

Danışıqlarda OPEC-ə daxil olan ölkələrin əksəriyyəti, həmçinin Rusiya da daxil olmaqla, neft ixrac edən digər ölkələr, iştirak edib. Onlar neft hasilatını donduraraq son 18 ay ərzində xam neftin qiymətinin aşağı düşməsinin qarşısını almağa kömək etmək üçün razılıq əldə etmək istəyirdilər. “Son qərar bu oldu ki, biz OPEC üzv və qeyri-üzv ölkələri arasında məsləhətləşmələr aparmaq üçün əlavə vaxta ehtiyac duyuruq”,- Sada deyib.

ABŞ və Londonda xam neftin qiyməti 5 faizdən çox aşağı düşəndən sonra Asiya ticarət bazarında neftin qiyməti kəskin enməyə başlayıb. Bildirilir ki, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik səbəbindən bazar günü baş tutan danışıqlar çətin keçib. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı məsələnin həlli yolunu İran da daxil olmaqla bütün OPEC üzvlərinin neft hasilatını dondurmaqda gördüyünü açıqlayıb.

Rəsmi Tehran deyib ki, bu ilin əvvəlində beynəlxalq sanksiyalar qaldırıldıqdan sonra bazarda öz yerini bərpa etmək üçün neftin hasilatını artırmağa davam edəcək. “Biz hər hansı razılaşmaya imza atmağa hazırlaşmadığımıza və neft hasilatının dondurulması layihəsinin bir hissəsi olmadığımıza görə danışıqlara nümayəndə göndərməyə ehtiyac görmədik”, - İran hakimiyyəti bildirib. Görüşdən sonra cənab Sada jurnalistlərə açıqlama verib: “Biz, əlbəttə, onların (İranın) mövqeyinə hörmətlə yanaşırıq. Hasilatın dondurulması yalnız o vaxt effektiv ola bilər ki, İran kimi OPEC üzvləri, o cümlədən digər üzv olmayan ölkələr də bu dondurulma layihəsinə daxil olsun”. Rusiyanın neft naziri Aleksandr Novak deyib ki, rəsmi Moskvanın qapıları hasilatın dondurulması ilə bağlı beynəlxalq danışıqlara açıqdır. Buna baxmayaraq, Reuters xəbər agentliyi yazır ki, cənab Novak Qətərə müzakirə etməyə deyil, razılaşmanı imzalamaq üçün getdiyinə görə görüşün nəticəsiz qalmasından təəssüfləndiyini deyib. OPEC-in növbəti görüşü iyun ayında olacaq.

Yerli ekspertlər musavat.com-a Doha görüşünün nəticələrini və neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıblar. Ekspert Vüqar Bayramov bildirib ki, ilkin məlumatlara görə, razılığın əldə edilməməsi Səudiyyə Ərəbistanının anlaşmanı blok etməsi ilə bağlıdır: “Səudiyyə Ərəbistanı bunu məhz İranın danışıqlara qatılmaq istəməməsi ilə əlaqələndirib. Məhz İranın hasilatın azaldılması ilə bağlı qərarı dəstəkləməməsindən Səudiyyə də anlaşmanın imzalanmasını blok edib. Artıq bazar Doha görüşünün nəticələrinə reaksiya verir. Bazarda qiymətlərin azalması müşahidə edilməkdədir. Neftin dünya bazarında qiyməti bazarda artıq beş faizə yaxın aşağı düşüb. İyun ayı üçün bağlanan neft kontraktlarında qiymətlərin azalması müşahidə edilməkdədir”.

Ekspertin sözlərinə görə, qiymətlərin azalması davam edəcək: “Çünki Doha görüşündə razılığa gəlinmədi. Tərəflərin razılığa gəlmək imkanları məhdud səviyyədə idi. Tərəflər İranın iştirakı olmadan razılığa gəlsəydilər belə, bu, bazara ciddi təsir göstərməyəcəkdi. Bu, bazarda qiymətlərin kəskin artmasına da səbəb olmayacaqdı. Qiymətlərin stabilləşməsi müşahidə edilə bilərdi ki, razılığın əldə edilməməsi həmin ümidləri də praktik olaraq dəfn etdi. Bu, o deməkdir ki, artıq neft bumu dövrü başa çatdı. Yaxın vaxtlarda neftin dünya bazarında qiymətinin kəskin artacağı ilə bağlı gözləntilər praktik olaraq real deyil. Yəni qiymətlərin kəskin artacağı gözlənilmir. Əksinə, əgər neft istehsalçısı ölkələr arasında anlaşılmazlıqlar davam edərsə, bu, qiymətlərin kəskin azalmasına gətirib çıxara bilər. Tərəflər qiymət azalmasının qarşısının alınmasına deyil, mövcud şəraitdə daha çox gəlir əldə etməyə çalışırlar. Azalan gəlirlərini müəyyən qədər optimallaşdırmağa çalışırlar. Bu da razılıq əldə edilməsinə imkan vermir. Ona görə də təəssüf ki, razılığın əldə edilməməsi birməınalı şəkildə indiki bazara təsir göstərir”.

Ekspertin sözlərinə görə, qiymət azalmaları var və davam edəcək. Bu isə o deməkdir ki, neft olan Azərbaycan da daha kəskin azalmalara hazır olmalıdır: “Praktik olaraq Doha görüşü neft ölkələri üçün genişmiqyaslı islahatların aparılması ilə bağlı bir mesajdır. Ölkəmizdə iqtisadi islahatlar paketinin yenidən hazırlanması və geniş miqyasda iqtisadi islahatların aparılmasına ehtiyac var. Genişmiqyaslı iqtisadi islahatlar aparılmaqla neftin dünya bazarında qiymətinin azalmasından dəyən ziyanı kompensasiya etmək mümkündür. Ona görə də artıq Doha görüşündən sonrakı dövrdə neftin dünya bazarında qiyməti birbaşa iqtisadi islahatların səviyyəsindən asılı olacaq. Ona görə də artıq hər şey qeyri-neft sektorunda aparılan islahatlardan asılıdır. O deməkdir ki, neft ölkələri sözün həqiqi mənasında neft sektorunu unutmalıdırlar”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında vurğulayıb ki, Doha görüşünün belə nəticə verməsi ehtimalı çox yüksək idi: “Əslində burada toplaşan ölkələrin hərəsinin öz marağı, öz bazar payı var. İlk növbədə bu haqda düşünürlər. Ona görə də anlaşmanın olması ehtimalı çox aşağı idi. Sadəcə, Rusiya tərəfdən dünyada böyük bir informasiya təbliğatı aparılırdı. Son həftələrdə neftin qiymətinin 40 dolları keçməsi məhz bu sözlü müdaxilələrin nəticəsi idi. Sözlü müdaxilələr olurdu ki, bu, anlaşma haqqında bir ajiotaj yaradılmışdı. İndi anlaşmanın olmaması təbii ki, neft bazarına ciddi neqativ təsir edəcək, bu, qaçılmazdır. Artıq neftin qiymətində təqribən beş faizə yaxın enmə müşahidə olunub. Bu, daha da arta bilər. Bu görüş həm də bir onu sübut etdi ki, artıq OPEC-in neft bazarında həlledici söz sshibi olması dövrü tamamilə bitdi və arxada qaldı.

Çünki OPEC-in nəzarət mexanizmləri olmadığından, hətta qərarlar qəbul etmsələr belə, onlara nəzarət etmək, yerinə yetirmək, nəzarətdə saxlamaq imkanları məhduddur. Ona görə də OPEC-in gələcəkdə neft bazarında əvvəlki illərdə olduğu hegemon rolu bitəcək. Bununla da paralel OPEC-dən kənar ölkələrin, o cümlədən ABŞ kimi dünyada üçüncü neft hasil edən ölkənin getdikcə daha çox bu bazarda nüfuz sahibi olduğunun şahidi olacağıq. Bu da onu deməyə əsas verir ki, bütün ölkələr indiki dövrdə hasilatını artıraraq payını qorumağa və bazar payını artırmağa çalışır. Belə bir şəraitdə neftin qiymətlərinin kəskin şəkildə ucuzlaşması və yaxud uzun zaman aşağı səviyyələrdə qalması ehtimalı çox yüksəlir. Ehtimalıma görə, hələ uzun həftələr, azından yay aylarına qədər neftin qiymətinin 30-40 dollar arasında olan koridorda dəyişməsinin şahidi olacağıq. Növbəti OPEC toplantısına qədər bu koridorda neftin qiymətinin enməsini və qalxmasını görəcəyik”.

Ekspert İlham Şaban isə bildirib ki, neft qiymətlərinin çox ucuzlaşmasına inanmır: “Bu gün Brent markalı neftin ən aşağı qiyməti 40,16 dollar olub. Hazırda isə 41,13-dür. Reallıq onu göstərir ki, Doha görüşü ərəfəsində neftin 45-ə qədər artması ”bazarın qızdırılması" effekti idi. Hazırda neftin köpüyü bazardan yığışdırılır və real qiyməti bərqərar olur. Bu da 40 dollar ətrafında olan bir göstəricidir. Neftin yanvardakı kimi 30 dollara qədər ucuzlaşmasına inanmıram. Bunun iki obyektiv səbəbi var: birincisi, dünyada neft hasilatı Doha görüşünün nəticələrini gözləmədən azalmağa başlayıb, istər OPEC ölkələri üzrə olsun, istərsə də qeyri-OPEC ölkələri üzrə. İkincisi, baxmayaraq ki, İRAN neft ixracatını artırmaqla bağlı bəyanatlar yayır, əslində həmin neftin həcminin tərkibində kifayət qədər kondensat həcmi var ki, əvvəllər də bazara çıxarılırdı, ancaq adı “dəftərə” qeyd olunmurdu. Yəni İranın dünya bazarına təsir edəcək imkanları əslində şişirdilib".

musavat.com

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti