Pənah Hüseyn: “İbrahim bəyin az qala kövrəlmək həddinə qədər həyəcanlanmasına lüzum yoxdur”; Sərdar Cəlaloğlu: “İbrahim İbrahimli Heydər Əliyevin yanında oturmuşdu və onun mətbuat naziri idi”

Mirmahmud Mirəlioğlu: “İndidən bu məsələ ilə bağlı nə uzaqgedən münasibət sərgiləməkdüz olmaz”

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyalardan dördünün (KXCP, ADP, AXP, ALDP) sədrinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş üçün müraciət etməsinə Milli Şuranın üzvü İbrahim İbrahimli “Azadlıq” qəzetində böyük məqalə həsr eləyib. 

“Heydər Əliyev və Pənah Hüseynin əsasını qoyduğu dialoq...” adlı məqalədə Əli Həsənovla dialoq təşəbbüsünə ironik münasibət nümayiş etdirilir. Bildirilir ki, bu cür dialoq iyirmi il bundan qabaq mərhum Heydər Əliyevin Pənah Hüseynlə üç saatlıq görüşündən sonra  başlayıb və o vaxtdan davam edir: “Amma o vaxt iqtidar- müxalifət dialoqunun əsası necə qoyulubsa indiyə qədər münasibətlər düzəlmir ki, düzəlmir. Niyə? Çünki zahiri gözəl olan bu sözün batili çirkindir; nədən ki, dialoq sözünün yozumu və mənası, daha doğrusu, siyasi-diplomatik dildən loru dilə tərcüməsi BAZARlıq deməkdir. Təbii ki, söhbət tələb və təklif əsasında formalaşan iqtisadi bazardan deyil, siyasi bazardan gedir”.

İ.İbrahimli məqaləsində iddia edib ki, Əli Həsənovla dialoq məsələsi Ramiz Mehdiyevin Dövlət İdarəçiliyi Akademiyasındakı yubiley çıxışından sonra ortaya çıxmış məsələdir: “...Geniş müzakirələrə səbəb olan bu çıxışdan uzaqgedən nəticələr çıxarırlar; guya bunu iqtidar-müxalifət dialoqunun başlanğıcı kimi, yeni siyasi kursun demokratik açılımın anonsu olaraq təqdim edirlər. Artıq bu istiqamətdə təbliğat kampaniyası başlayıb...

Ramiz müəllimin bu çıxışından ilhamlanan dörd partiya ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Aparatına müraciət, daha doğrusu, DİALOQ təklif edib. İnsafən, hakimiyyət məmləkətin sayılıb-seçilən bu dörd müxalif partiyasının gözləntisini intizarda çox saxlamayıb, elə həmən aparatın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdan cavab gəlib ki, partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq və dialoqla bağlı konkret təklif olarsa, nəzərdən keçirməyə hazırıq.  

Bəli, sosial tələbə uyğun olaraq təklif verilib və qəbul edilib, türkün sözü, dialoqun baş tutması üçün hər şey hazırdır. İştə, günün sualı budur: nəhayət, iyirmi ildən sonra məhrum Heydər Əliyevlə Pənah Hüseyn tərəfindən əsası qoyulan DİALOQ  bu gün Əli Həsənovla Pənah Hüseyn arasında baş tutacaqmı?  Əvət, baş tutacaq, çünki indiki məqamda DİALOQ hər iki tərəfə lazımdır: türkün sözü, birinə hava kimi, birinə su kimi... Nədən ki, qarşıdan- 2015-ci ildə Avromeydan hərəkatına təkan verə biləcək Riqa sammiti gəlir və üstəlik, bazarlıq etmək üçün parlament seçkisi olacaq".

İbrahim İbrahimlinin məqaləsindəki fikirlərə və ittihamlara AXP sədri Pənah Hüseynin münasibətini öyrəndik. P.Hüseyn bildirdi ki, ifadə azadlığı vardır və hər kəsin, o cümlədən İ. İbrahimli etik çərçivəni gözləməklə, lazım bildiyi şəkildə, üslubda, formada  bu və ya digər şəxs, hadisə, hərəkət  barədə öz rəyini, şərhini vermək hüququna malikdir: “İbrahim İbrahimli deyir ki, siyasi dialoqun mənası siyasi bazarlıq deməkdir və yenə ona görə siyasi bazarlıq da insan şəxsiyyəti, mənəvi dəyərlər satışa çıxarılıb xırdalanır, kimlərsə də maddi mənfəət (yaşıl əsginaz formasında) əldə edir. Təxminən belə. Mən indi İbrahim İbrahimliyə nə deyim? Adamın təsəvvürü, zehniyyəti, anlayışı belədir və bu təsəvvürdən, zehniyyətdən, anlayışdan çıxış edir. 

Mən bu cür yanaşmanı səhv, yanlış, məhdud və açığı  primitiv sayıram.  Siyasi dialoq hər bir cəmiyyətdə və hətta cəmiyyətlər arasında siyasi münasibətlərin formalarından biridir, həmişə olub və olacaq. Azərbaycan cəmiyyətində, siyasi mədəniyyətimizdə çatışmayan, inkişaf etməyən və bugünkü gerçəkliyin aktual problemlərində  biri də elə bu  siyasi dialoq məsələsidir, daha konkret siyasi dialoqun olmamasıdır. Yeri gəlmişkən, təkcə iqtidar müxalifət arasında yox, müxalifətin öz arasında da dialoq problemi vardır.  ”Siyasi bazarlıq" məsələsinə də toxunmaq istəyirəm. 

Bu ifadə qulaq üçün elə də xoş səslənmir. Lakin siyasi bazarlıq ifadəsini həmin sözlərin hərfi mənasında başa düşmək yenə zehniyyət məsələsi ilə bağlıdır. Siyasi qüvvələr (fərdlər  yox) arasında “siyasi bazarlıqlar” peşəkar siyasi fəaliyyətin üsullarından biridir. Əsas məsələ siyasi bazarlığa girib - girməmək yox, qeyb etməməkdir. 

İkincisi, Demokratiya və  İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların rəhbər orqanları üzvlərinin bu ilin sentyabrın 17-də keçirdiyi ümumrespublika konfransının qətnaməsində tövsiyə edilmişdi ki, dialoq mühitinin yaradılması üçün konkret addımlar atılsın və bizim təşəbbüsümüz də bu çərçivədə həyata keçirilən planlı addımlardan biridir. Yəni bu təşəbbüsü hələ dialoq kimi dəyərləndirməyin özü xeyli şərtidir və diqqət yetirilsə, biz siyasi dialoq  terminindən  istifadə etmirik. Əgər bu təşəbbüs siyasi partiyalar və hakimiyyət arasında sözün tam mənasında dialoqa aparıb çıxaracaqsa lap yaxşı. Lakin  hələ ortada bir şey yoxdur. Kifayət qədər maraqlı və ciddi, lakin sadəcə proses gedir, hətta daha dəqiq desək, proses başlana bilər. Odur ki,  hörmətli dostumuz, İbrahim bəyin  yaşına və təcrübəsinə uyğun olmayan dərəcədə, az qala kövrəlmək həddinə qədər həyəcanlanmasına lüzum yoxdur. Hər mənada.  

İbrahim bəyin atmacalarına gəldikdə isə məni bağışlasın,  bu kimi şeyləri ucuz  şantaj sayıb təkzibə və özünə bəraətə vaxt ayırmağa belə ehtiyac duymuram". 

Əli Həsənovla görüş üçün müraciət edənlərdən ADP sədri Sərdar Cəlaloğlu isə İ.İbrahimlinin yazısına sərt münasibət bildirdi. O, İbrahim İbrahimlini gündə bir təşkilat dəyişən şəxs adlandırdı: “Siz mənə İbrahim İbrahimlini böyük siyasi təcrübəsi olan şəxs kimi təqdim edirsiniz. Əgər İbrahim İbrahimlinin yetərli siyasi təcrübəsi olsaydı, Xalq Cəbhəsindən Müsavata, Müsavatdan Xalq Cəbhəsinə keçməzdi və bu gün də yazdıqlarına hansı cavabı alacağını gərək öncədən müəyyənləşdirib sonra yazaydı. Birincisi, İbrahim İbrahimlinin özü gedib Naxçıvanda Heydər Əliyevin yanında oturmuşdu və onun mətbuat naziri idi. İbrahim özü gedib Heydər Əliyevlə əməkdaşlıq edib. Pənah Hüseyn həbsdən çıxandan sonra Heydər Əliyevlə danışıbsa, İbrahim İbrahimli Naxçıvanda Heydər Əliyevin mətbuat-informasiya naziri olub. Xeyir ola, sən gedib Heydər Əliyevin əlinin altında işləyə bilirsən, Pənah Hüseyn Heydər Əliyevlə danışdığı üçün düşmən olur? İkincisi, İbrahim İbrahimli fərqindədirmi ki, bu gün bizə qarşı yazısı dərc olunan qəzetin arxasındakı qüvvə neçə dəfə gedib hakimiyyətlə bazarlıq edib parlamentdə oturub? Fərqində deyilsə, maraqlansın, o zaman ortaya çox şeylərin çıxdığını görəcək”.

S.Cəlaloğlu bəyan etdi ki, onların Əli Həsənovla görüş təşəbbüsünü Ramiz Mehdiyevin çıxışı ilə əlaqələndirmək tamamilə yalandır: “Şəxsən mən Ramiz Mehdiyevin haqqında söhbət gedən çıxışını nə eşitməmişəm, nə hardasa oxumamışam. Mən bir siyasi təcrübəsi olan adam kimi başa düşürəm ki, dünyada qarşıdurma, tərəflərin bir-birinə düşmənçiliyi ilə heç bir müsbət dəyişiklik olmur. Əksinə, qarşıdurmalar fürsət gözləyən xarici düşmənlər üçün çox əlverişli vasitə olur. O yerdə ki, iqtidarla müxalifət dil tapa bilmir, bir-birinə düşmən münasibəti bəsləyir, bir-biri ilə dialoqa getmir, o ölkələrdə siyasi mübarizə vətəndaş müharibələrinə gətirib çıxarır, dövləti sarsıdır. Biz tam səmimi şəkildə təşəbbüs qaldırmışıq ki, Azərbaycanın gələcəyi üçün siyasi dialoqa getmək lazımdır. Dialoq dövlətin və millətin xeyirinədir. Dialoqu bazarlaşma kimi təqdim edib dialoqa qarşı çıxanlar, o cümlədən İbrahim İbrahimli isə dövlətin, millətin xeyrini istəmirlər. 

Mən İbrahim bəyə və onun kimi düşünənlərə demək istəyirəm ki, sən əgər bir prosesin 5-6 aydan sonra necə olacağını proqnozlaşdıra bilmirsənsə, sənin nə haqqın var ki, deyirsən demokratiya uğrunda mübarizə aparıram və xalqı küçələrə çıxaracağam, dialoqa gedənlər isə bazarlıq üçün gedirlər. Milli Şuranın mitinqində İŞİD bayrağı qaldırılmışdı. İŞİD-in bayrağının qaldırılmasının qarşısını sən öz mitinqində ala bilməmisən. Sabah hansısa aksiyanda bir canlı bomba gəlib orada bir hadisə törətsə, qarşısını ala biləcəksən? 

Ala bilməyəcəksən! Gözünü yumub ağzını açırsan, öz gözündə tiri görmürsən, başqasının gözündə niyə tük axtarırsan? Bir ətrafına, oturub-durduğun adamlara, müdafiə etdiyin şəxsə bax. Dövlətin problemlərdən qurtulmasının ən düzgün yolu dialoqdur. Özü də biz hesab edirik ki, dialoqda marağı olan bütün siyasi qüvvələr iştirak etməlidir. AXCP də küçədə dediklərini gəlib dialoqda desin”.

Dialoqla bağlı moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu isə indiki məqamda konkret olaraq mövqe sərgiləməyin tez olduğunu bildirib: “İndidən bu məsələ ilə bağlı nə uzaqgedən, nə də kəskin şəkildə münasibət sərgiləmək düz olmaz. Ortada xoş niyyət var. Bu xoş niyyət Azərbaycan cəmiyyəti naminə, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması naminə ortaya qoyulub. İnanmaq istərdik ki, bu niyyət reallaşacaq. Reallaşmasa belə, faciə olmayacaq və mövcud status-kvonu saxlamalı olacağıq. Lakin məncə, irəli getmək mümkün olacaq”. /Musavat.com/

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti