|
Akif Nağı: “Bu cür ədalətsiz qərarların qəbul olunması insanların içərisində narazılıq yaradır”
Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun törətdiyi qanunsuzluqlar nəticəsində həbsə atılmış bir qrup şəxslə bağlı İlham Əliyevə müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə həmin məhbusların azadlığa buraxılması xahiş edilib.
Müraciətdə göstərilir: “Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun əlaltılarının 2010-cu ildə qurduqları qondarma işin qurbanları ilə bağlı sizə müraciət edirik. Həmin vaxt bir qrup adam həbs edilib, onlara qarşı guya dövlət çevrilişinə, terror aktlarına cəhd ittihamları irəli sürülüb. Ən qəribəsi isə odur ki, onlar 2012-ci ildə Bakıda keçiriləcək “Evrovision-2012” mahnı festivalı ərəfəsində terror aktları törətmək niyyətində ittiham olunurdular. 2010-cu ildə bu mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi heç məlum da deyildi. Həmin adamlara qarşı irəli sürülən digər ittihamların da heç əsası yox idi, heç bir konkret fakt və dəlillə sübuta yetirilmədi. Lakin buna baxmayaraq, Eldar Mahmudovun cəza və işgəncə aparatı öz işini gördü və günahsız 29 insan uzunmüddətli həbs cəzasına, o cümlədən, 3 nəfər- Samir Saniyev, Elmir Nurəliyev, Əmir Muradov ömürlük həbs cəzasına məhkum olundular”.
A.Nağının sözlərinə görə, bu cür ədalətsiz qərarların qəbul olunması insanların içərisində narazılıq yaradır: “Bu insanların hər biri məhkəmədə ədalətsizliyə etiraz etdilər və Qarabağa gedib müharibədə iştirak etməyə hazır olduqlarını bildirdilər. Bu cür vətənpərvər insanların həbsdə saxlanılması çox böyük ədalətsizlikdir. Tutduqları vəzifədən sui-istifadə edən cinayətkər qrupun qanunsuz hərəkətləri nəticəsində bu insanlara qarşı ədalətsizlik edilib. Ədalət yalnız sizin müdaxilənizlə bərpa oluna bilər. Xahiş edirik ki, ədalətsizliyin qurbanı olan bu insanların taleyinə biganə qalmayasınız, məsələyə müdaxilə edib haqq- ədaləti bərpa edəsiniz”.
Musavat.com