|
Ləğv edilmiş MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam edib.
Teleqraf.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində Reyhan Xəlilova ifadə verib.
O bildirib ki, “Real” MTK-ya Nərimanov rayonu ərazisində olan mənzilini satıb:
“70,5 kvadratmetr olan evi “Real” MTK-ya satdım. Mənə 141 min manat verdilər. Qardaşım oğlu böyrək xəstəliyindən əziyyət çəkirdi. İlham Qasımov xeyirxahlıq məqsədi ilə 25 min manat da ona görə verdi”.
İstintaq zamanı məlum olub ki, R.Xəlilova evini 141 min manata satsa da, müqavilədə evin alınması üçün ödənilən məbləğ 762 min manat olaraq göstərilib.
Şahid bundan xəbərinin olmadığını deyib.
Prosesdə şahid qismində “Real” MTK-nın baş mühasibi Ədilağa Hüseynov da ifadə verib.
O, 2012-ci ildən şirkətdə çalışdığını bildirib:
“Gülağa Qəmbərov (Tənha) İlham Qasımovla şərik oldu. Bundan sonra İ.Qasımov “Real” MTK-dakı payını G.Qəmbərova satdı. “Real” MTK-nın direktoru olmuş Sahib Cahangirlinin dedikləri əsasında sənədləşdirmə işlərini apardım. Alınan evlərin bir kvadratmetri üçün 2-2,5 min manat vəsait ayrılmışdı. Sonradan ev sahibləri qiymətin artırılmasını istədilər”.
Hakimin suallarına cavab verən baş mühasib sənədlərdə yazılan məbləğlərdən xəbəri olduğunu deyib:
“Mən sənədləri Sahib Cahangirlinin dedikləri əsasında hazırlamışam. Verilən məbləğlərdən xəbərim yoxdur. Bir məsələ də var ki, elə mənzil var idi, cəmi 14 kvadratmetr idi. 14 kvadratmetrin sənədi olsa da, evi genişləndirib 150-200 kvadratmetr ediblər. Ola bilsin, məbləğlərin üst-üstə düşməməsi bununla bağlıdır”.
Prosesdə qeyd edilib ki, ucuz qiymətə alınan, lakin sənədlərdə yüksək məbləğ göstərilən evlərin alqı-satqısı baş mühasibə verilən etibarnamə əsasında həyata keçirilib.
Şahidin istintaqa verdiyi ifadədə ziddiyyət olub. Onun istintaqa verdiyi ifadə elan edilib.
Ə.Hüseynov dediklərinin təhrif olunduğunu deyib:
“Müstəntiqin səmimiyyətinə inandım. Nə dedimsə, yazdığını düşündüm və imzaladım. Eynəyim maşında qaldığı üçün oxumadan imzaladım”.
Prokuror vəsatət verərək baş mühasibin digər proseslərdə də iştirak etməsini istəyib. Dövlət ittihamçısı vəsatətini ifadələr zamanı çarpaz dindirilmənin vacib olması ilə əlaqələndirib. Vəsatət təmin edilib.
Daha sonra tanınmış müğənni Manaf Ağayev məhkəmədə ifadə verib.
O, ifadəsində İlham Qasımovu yaxından tanıdığını deyib:
“Bunların bina inşa etmək istədiyi yerdə iki qarajım vardı. İlhamın bacısı oğlu mənə dedi ki, dayısı orda bina tikir, qarajları onlara satım. Ona dedim, dayısına desin ki, Manaf qarajı satmır, obyektlə, ya da mənzillə dəyişdirir”.
Tanınmış müğənni istintaqa verdiyi ifadələri təsdiqləyib. O bildirib ki, qarajların rəsmi sənədi olmayıb:
“Çoxdan almışam, müqaviləsi var. Amma “kupça” yoxdur”.
Zərərçəkmiş Gülağa Tənhanın köməkçisi olan Tofiq Bünyatzadə də ifadə verib. O, 2010-cu ildən Gülağa Qəmbərovun köməkçisi işlədiyini deyib:
“19 milyon 687 min dolların İlham Qasımova verilməsində iştirak etmişəm. Pulun hansı məqsədlə və nəyə xərclənməsindən xəbərsiz idim”.
Gülağa Tənhanın hüquqşünası Ağalar Quliyev ifadə verib. O qeyd edib ki, Gülağa Tənha zəng edib İlham Qasımova verilən pulların xərclənməsi ilə bağlı sənədlərə baxmağını istəyib.
Hüquqşünas ifadəsində bildirib ki, şirkətin ofisinə bir neçə dəfə gedib:
“Mühasiblə görüşüb, bəzi sənədləri istədim. Məbləğlərin də şişirdildiyini, dəyərindən artıq göstərildiyini gördüm. Bununla bağlı Gülağa müəllimdə şübhələr yarandı, araşdırdıq ki, pullar təyinatı üzrə xərclənməyib”.
Proses noyabrın 4-də davam edəcək.
Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.