|
ABŞ səfiri Robert Sekuta Şəki şəhərinə (Bakıdan 352 kilometr şimal-qərb) səfərinin yekunları ilə bağlı səfirliyin saytında iki qeydlə çıxış edib. Səfirin “Azərbaycan Mədəniyyət Qoruğu haqqında qeydlər” və “Dini tolerantlıq haqqında qeydlər” adlanan çıxışları ABŞ səfirliyinin rəsmi saytında dərc edilib.
Cənab Sekutaının qeydlərini təqdim edirik:
“Şəki Xan Sarayı dünya üçün bir xəzinədir”
Şəkiyə səmimi qəbula görə təşəkkür edirik. Nə gözəl yer! Nə gözəl şəhər!
Bu yer haqqında eşitmiş, saray haqqında oxumuşdum, ancaq gəlib buranı öz gözlərinlə görmək diqqətəlayiqdir. Şəki Xan Sarayı əsl milli xəzinədir. Bu yer təkcə Azərbaycan üçün deyil, həmçinin dünya üçün bir xəzinədir.
Belə xəzinəni bərpa etmək və qorumaq olduqca vacibdir. Abidə və tarixi binaların hər zamankından daha çox qorunmağa ehtiyacı olduğu dünya əhalisinə məlumdur. Dövlət Departamenti və Heydər Əliyev Fondu kimi Azərbaycan institutları ümumdünya irsi xəzinələrini qorumaq üçün fəaliyyət göstərir. Məsələn, bizim səfirlik Quba Hamam kompleksini bərpa etmək üzərində işləyir.
Prezident Əliyev haqlı olaraq, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə diqqət göstərir. Turizm Şəkinin böyük gücüdür, ancaq bu Saray eyni zamanda İpək Yolunun tarixi əhəmiyyətini, həmçinin Azərbaycanın nəqliyyat dəhlizi kimi bərpasının potensial təsirini göstərir. Gözəl şüşə pəncərələri gördüm. Sarayın otaqlarını işıqlandıran, Venesiyanın ticarətə töhfəsi vitraj Qafqaz dağlarının ətəyində özünə yer edib.
İqtisadiyyatın turizm, nəqliyyat və digər sahələrə şaxələnməsində Azərbaycana kömək etmək ideyasına sadiqik. Azərbaycan tarixən nəqliyyat dəhlizi olub və gələcəkdə də yenidən ola bilər.
“Gələrsən-görərsən” qalasının tarixçəsini eşitdim – farslar Şəki xanlığını almağa gələndə Şəki xanı belə söyləmişdir: “Gələrsən, görərsən”. Bununla da Şəki müstəqil qalır. Azərbaycan sarsılmaz müstəqillik yolu saldığı şəkildə Şəki də müstəqil qüvvəyə çevrilir. Birləşmiş Ştatlar hər zaman Azərbaycanın yanında olub və olacaq. Güclü demokratik, müstəqil Azərbaycan görmək arzusuyla.
“Kiş kilsəsinin müsəlman kəndində sevilərək qorunub saxlanması valehedicidir”
Fikrimcə, bu kilsəyə səfər olduqca ilhamverici və maraqlıdır. Bu, həqiqətən bir çoxlarının uğur hekayəsidir. Kilsəni bərpa edən və onu qoruyub saxlayan heyətə bu səfərdə bizi müşayiət etdiklərinə görə çox minnətdaram. Tur Heyerdal və Norveç hökümətinin bu abidənin qorunub saxlanmasına yardımı dərin təsir bağışlayır. Azərbaycan hökümətinin də bu mədəni irsin bərpası və qorunmasında iştirakı təqdirəlayiqdir. Bunun Azərbaycan tolerantlıq tarixi və ənənələrinin göstəricisi olduğunu vurğulamaq istərdim. Kilsənin müsəlman kəndində sevilərək qorunub saxlanması valehedicidir.
Azərbaycan bütün irq və məzhəblərə tolerant və dostluğunun uzun bir tarixi olması ilə tanınır. Krasnaya Sloboda kəndinə səfərim zamanı dağ yəhudiləri icmasından Azərbaycanda yurd və dayaq tapdıqları haqda məlumat aldım.
Ancaq bəzən tolerantlıq bu dünyada çox zərif bir güldür. Bir çox qüvvələr Azərbaycanın nail olduğu başqalarına bu cür hörmətə qarşı çıxır. Hər millətdə, hər dövrdə həmin xoş meyilləri möhkəmləndirməli və dözümsüzlük qüvvələrinə qarşı mübarizə aparmalıyıq ("Amerikanın səsi").