|
Son günlər Milli Azadlıq Hərəkatına və onun lideri Əbülfəz Elçibəyə qarşı aparılan kampaniya cəmiyyətdə ciddi təpkilərlə qarşılaşıb. Uzun illərdir ki, siyasi arenada görsənməyən bəzi siyasətçilərin sanki “don”ları açılıb və ardıçıl yazılarla Əbülfəz Elçibəy hakimiyyətini və Milli Azadlıq Hərəkatını təftiş etməyə başlayıblar. TELEQRAF.AZ məsələ ilə bağlı KXCP sədrinin müavini Xəzər Teyyublunun münasibətini öyrənib.
- Xəzər bəy son dövrlər Azərbayvan Milli Azadlıq Hərəkatına və Xalq hərəkatının lideri Əbülfəz Elçibəy əlehinə kampaniya aparılır. Bu nə ilə bağlıdır, birdən-birə bu qüvvələrin aktivləşməsinə səbəb nə oldu?
- Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının rus imperiyasının dağılmasında əvəzsiz rolu olduğunu heç kim inkar edə bilməz. Kimin nə danışmasından aslı olmayaraq da hərəkatın başında Əbülfəz Elçibəy dururdu. Bu prosesdən 25 il keçir. Bu 25-il ərzində başda hərəkatın lideri Əbülfəz Elçibəy olmaqla bu hərəkatın öncüllərinə hücumlar davam edir. Əbülfəz Elçibəyə və AXC-yə qarşı bir düşmən mövqeyi tutulub və bu istiqamətdə kampaniya aparılıb. Biz Rəsulzadə - Elçibəy ideyalarına bağlı bir təşkilatı olaraq daimi bu məsələlərin fərqindəyik. Biz bilirik ki, Azərbaycanın dövlətçiliyinə qarşı Rusiyadan və İrandan davamlı şəkildə təhdidlər edilir. Bu gün də Əbülfəz bəyə qarşı aparılan kompaniya Azərbaycanın dünyaya inteqrasiyasının qarşısını almaq istəyən böyük güclərin əməlləridir. Dönüb bir anlığa yaxın tarixə baxanda yuxarıda dediklərimin təsdiqini görə bilərik. 1992-ci ildə Pribaltika respublikalarından sonra keçmiş Sovet məkanında ilk dəfə Azərbaycanda böyük bir hərəkatın lideri Əbülfəz Elçibəy demokratik yolla prezident seçilir, bir ildən sonra Azərbaycanın daxili və xarici düşmənlərinin “xidmətləri” sayəsində qiyam yolu ilə milli hakimiyyət devrilir. Zamanında silahlı qiyamda iştirak etmiş adamlar yenidən danışmağa başlayıblar. Məsələn, Nemət Pənahlı bu adam Azərbaycan cəmiyyəti tərəfindən bir mənalı qarşılanmayan şəxsdir. Biz dəfələrlə bu şəxsin hədyan dolu sözlərinə münasibət bildirmişik. Xalq Nemət Pənahlının meydanda xalqı oturmayan ermənidir deyərək dur - otur komandası ilə necə təhqir etdiyinin şahidi olub. Rəsul Quliyevin isə məşhur öpüş və yola salınma səhnəsini inanıram ki, heç kim unutmayıb... Yaxşı olardı ki, Nemət Pənahlı Azərbayan Xalq Hərəkatına kölgə salmağa cəhd eləməsin. Bu işlər davam edəcəksə cəmiyyətin təpgisi daha ciddi olacaq. KXCP-nin bu istiqamətdə mövqeyi var. Bu hadisələrin bu gün baş verməsinin səbəblərindən biri də KXCP-nin rus qoşunlarının Azərbaycandan çıxarılması 23-cü ildönümünü geniş şəkildə gündəmə gətirməsi, bu günün bayram kimi qeyd edilməsini hakimiyyətdən tələb etməsi olduğunu düşünürəm. Təşkilatımızın bu mövqei Moskvanın Azərbaycandakı “təmsilçi”lərini çox narahat edib.
- Milli dəyərləriməzə qarşı sanki şər qüvvələr birləşiblər...
- Qarabağ məsələsində torpaqlarımızın işğal olunmasında Kremlin rolu böyükdür. Anti-milli qüvvələr bilsinlər ki, Azərbaycanın milli qüvvələri heç zaman onlara meydan sulamağa imkan verməyəcəklər. Azərbaycan Dövlət Müstəqilliyi bu xalq üçün ən böyük ali dəyər sayılır. Biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Mən hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin əleyhinə olan qüvvələr birləşiblər. Mən Azərbaycanın Dövlət Müstəqilliyi uğrunda mübarizə aparan AXC üzvlərinə səslənirəm, Azərbaycanın Müstəqillik aktına imza atan millət vəkillərinə səslənirəm, bu anti- milli kampaniyaya qarşı səsinizi ucaldın! Gözünüzün qabağında tarixi abidələrimiz sökülür, Bakının demək olar ki, bütün tarixi ərazilərində dağıntı işləri aparılır. Əgər bu olaylar qarşısında bütün milli qüvvəllər birləşməyəcəklərsə Azərbaycan xalqı böyük tarixi faciələrlə qarşılaşacaq.
- Əbülfəz Elçibəyə hakimiyyətini təftiş edənlərin bəziləri KXCP sədrinin də adını çəkməkdən çəkinmirlər. Bu nədən qaynaqlanır?
- Bu son olaylar milli qüvvələrə qarşı bir kampaniyadır. Bu kampaniyanı yürüdənlər təbii ki, Rəsulzadə Elçibəy yolunun sadiq davamçılarına, o cümlədən KXCP lideri Mirmahmud bəyə qarşı da bir qaralama kapmaniyası aparılır. Bu da təsadüfi bir iş deyil. Bu gün təşkilat olaraq KXCP və onun Lideri Mirmahmud Mirəlioğlu milli qüvələrin önündə gedən ən nüfuzlu liderdir. Anti milli qüvvələr öz qara əməllərini həyata keçirmək üçün qarşılarında birinci maneə olaraq KXCP-ni və onun Lideri Mirmahmud bəyi görür və ona qarşı hücuma keçirlər. Mirmahmud bəy Azərbaycanın müstəqillik qazanmasında ciddi əməyi olmuş şəxslərdən biridir. Azərbaycanın müstəqillik aktında imzası olan istiqlalçi millət vəkilidir. Təbii ki, Azərbaycanda anti- milli qüvəllər öz çirkin əməllərini həyata keçirmək üçün ilk hədəfə ala biləcəkləri təşkilat KXCP və onun lideri Mirmahmud Mirəlioğlu olmalı idi.
- Nədənsə son olaylar zamanı Elçibəy komandasının üzvlərində bir susqunluq müşahidə etdik. Sizcə bu nə ilə bağlıdır?
- Komanda deyəndə bir şeyə diqqət yetirməliyik, biri var Əbülfəz bəyin hakimiyyət dövründə olan komandası, biri də var Elçibəyin ideya davamçıları. Biz KXCP olaraq dövlətçilik məsələsində və xalqımızın mənəvi dəyərlərinin qorunması məsələsində hər zaman mövqe qoyaraq bu qüvvələrə qarşı dirəniş göstərmişik. Bu mövqe bu gün də davam edir. Azərbaycanda diktatura rejiminin ən kəskin dövürlərində sədrimiz Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəy hakimiyyətinin silahlı qiyam yolu ilə devrildiyini və bu günki iqtidarın hakimiyyətə qanla gəldiyini dəfələrlə parlamentdə, tirbuna qarşısında deyib. Ancaq həqiqətən arzu edərdik ki, Elçibəy hakimiyyəti dövründə dövlətin strateji postlarında oturan şəxslər susqunluq nümayiş etdirməsinlər. Danışanlar isə vicdanla və yaxalarını kənara çəkmədən doğru mövqe sərgiləsinlər.
Anar Rəsullu