|
“Gənclərin qabağa çıxmaları zamanı gəlib çatıb, imkan yaratmaq lazımdır lider kimi özlərini sınasınlar”
24 yanvarda saat 14.00-da ADP qərargahında müxalifətin böyük toplantısının keçiriləcəyinə hazırlıq getdiyi xəbərlərində təşəbbüsçülər sırasında AXP sədri Pənah Hüseynin də adı çəkilir. Bununla əlaqədar Pənaha Hüseynə müraciət edib məsələyə aydınlıq gətirməsini xahiş etdik.
Pənah Hüseyn bildirdi ki, belə təşəbbüslər müxtəlif şəxslər tərəfindən səsləndirilir və ona da bu barədə müraciət edilib və rəyi öyrənilib. Həmçinin istənilib ki, təklifin reallaşmasında iştirak etsin: “Niyyət mənə faydalı görünüb və həmin tədbirin hazırlanmasına qatılmışam. Mənim informasiyama və təsəvvürümə görə 24 yanvar tədbiri müxalifətin, xüsusən böyük toplantısı kimi yox, ictimai siyasi xadimlərin, ekspertlərin, hətta maraq göstərən hər bir vətəndaşın tədbiri olması, bir növ yaranmış vəziyyət və çıxış yolları mövzusunda ictimai dinləmələr şəklində alınması daha gözləniləndir. Siyasi düşərgədə vəziyyət elədir ki, ölkədə dramatik situasiya yaranmasına, yerlərdə iqtisadi-sosial böhranla bağlı spontan etiraz aksiyaların başlanmasına baxmayaraq, mövcud müxalifət liderlərinin bir araya gələrək müzakirələr keçirmək, birgə qərarlar qəbul etmək üçün toplantı keçirməyə həvəsli olmaları görünmür. Mən şəxsi münasibət imkanlarından istifadə edərək bəzi siyasətçilərlə fikir mübadiləsi aparmışam. Bu gün vəziyyət belədir. Bəlkə sabah başqa cür olacaq. Odur ki, toplantı təşəbbüsçüləri ilə söhbətlərdə də demişəm ki, mümkün olanı reallaşdırmağa çalışmaq lazımdır. Yoxsa ictimai rəydə böyük gözləntilər yaradıb, sonra da tədbiri liderlər, partiyalar boykot etdi tipli kimi manşetlərə səbəb olmağa ehtiyac yoxdur”.
AXP sədri dedi ki, 24 yanvar tədbiri bu və ya digər formatda yəqin ki, baş tutacaq və iştirakçı tərkibindən asılı olmayaraq faydalı olacaq. Tədbirə yönəlik maraqlı təkliflər də var: “Daimi fəaliyyət göstərən böhran masası funksiyalı dəyirmi masanın yaradılması, iqtidarla və siyasi müxalifətlə təmasların qurulması üçün heyətin seçilib formalaşdırılması, xalq hərəkatının təsis olunması və ya bunun üçün təşəbbüs qrupunun yaradılması, ictimaiyyətin tələblərinin ümumiləşdirilib hakimiyyət qarşısında irəli sürülməsi məsələlərinin müzakirəyə çıxarılması kimi təklifləri göstərmək olar”.
P.Hüseynin tədbirin vaxtı dəyişdirilə bilərmi sualına cavabı belə oldu ki, şəxsən onun üçün bu gün tədbirin vaxtının dəyişdirilməsi üçün bir səbəb yoxdur. Ancaq sabah belə bir səbəb yaranarsa və ehtiyac olarsa, ya təklif gələrsə etiraz da etməz.
Tədbir baş tutacağı halda aparıcının kim ola biləcəyinə gəldikdə, P.Hüseyn bildirdi ki, bu, iştirakçıların tərkibindən asılı olan məsələdir: “Tutaq ki, əgər iştirak edərlərsə məsələn, Sabir Rüstəmxanlı, professor Firudin Cəlilov, Mehman Əliyev, Natiq Cəfərli, Ərəstun Oruclu kimi şəxslər sədrlik, aparıcılıq edə bilərlər. Elə də ola bilər ki, bu gün geniş ictimaiyyətin tanımadığı gənc fəallar moderator olsunlar. Gənclərin qabağa çıxmaları zamanı gəlib çatıb, imkan yaratmaq lazımdır ki, lider kimi özlərini sınasınlar”.