|
Bir zamanlar “Gürcüstanda Azərbaycan dilli məktəblər gürcüləşməlidir” bəyanatı ilə məşhurlaşmış, haqlı olaraq kütləvi basqıya məruz qalmışdı. Həmin dövr Cəmiyyət sədri olmasam da, AXCP funksioneri olaraq mövqe ifadə edərək bildirmişdim ki, bu təfəkkürlü, millətimin duyğuları və təməl haqları ilə zarafat edən birisi bu strateji postda otura bilməz və istefa verməlidir. Bu şəxs xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini həyata keçirməli olan Nazim İbrahimovdur.
“Borçalı”Cəmiyyəti və Komitə
2009-cu ildən birbaşa vəzifəm Nazim İbrahimovun rəhbərlik etdiyi sahə ilə, Gürcüstanda məskunlaşmış soydaşlarımızın taleyi ilə bağlıdır. Onunla görüşdüm. Fikir və planlarımızı anlatdım. Görüşümüz 2009-cu il birinci Elat bayramından sonra idi. Azərbaycanın Sizin vasitə ilə Gürcüstanda maliyyələşdirdiyi qurumların hansı səbəbdən Elat bayramını, el bayramını baykot qərarı verdiklərinin səbəbini sordum. Onların hansısa “qırmızı, qadağa zolaqlarının” olduğunu dilə gətirdi. Mən “Borçalı” layihəsində papağımı günə yandırmamağa, əməli iş görməyə, milli maraqlarımızın mütləq uzlaşan anlarını təmin etməyə, bölgədə iki mədəniyyətin ünsiyyətində Avropa ailə sisteminə uyğun münasibətlər sistemini qurmağa gəldiyimi söylədim. Bu müddətdə aktiv partiya funksioneri kimi fəaliyyət göstərməyəcəyimi, milli dövlət quruculuğuna uyğun qeyri-hökumət təşkilatı nümunəsi yaratmağın da hədəflərimdən olduğunu bildirdim. İnsafən dinlədi. Yenə də siyasi notlar, qırmızı xətt və başqa mücərrəd nələrdənsə, danışdı. Təəssüf hissi ilə oranı tərk etdim. Diaspora siyasətimizin üzücü durumunun səbəbi bəlli oldu. Buna baxmayaraq bütün tədbirlər və layihələrimiz haqqında hər zaman Komitəni rəsmi məlumatlandırmağı unutmadıq. Elat bayramını, digər tədbirlərimizi maliyyələşdirməyi, hətta bu layihənin büdcəyə daxil edilməsini Komitə qarşısında qaldırdım. “Vahid Mərkəz” modelini təklif etdik. Hesab edirdik və bu gün də o fikirdəyik ki, Borçalıdan kənarda kifayət qədər intellektual imkanlar var ki, onların imkanlarını elimizin yenidən qurulmasına, dirçəldilməsinə səfərbər etmək çox vacibdir. 7 il bu yazışmaları davam etdirdik və səbrlə gözləməli olduq. Digər dövlət hakimiyyət orqanlarından fərqli olaraq əksər müraciətlərimiz cavabsız qaldı, rəsmi müraciətlərimizə cavab verməyin onun borcu olduğunu unutdu. Bu saymamazlıqdırsa, yaramaz. Bu yekəxanalıqdırsa, dövlətə nüfuz gətirməz. Məncə, bu məsuliyyətsizlik və bacarıqsızlıqdır.
Komitə, milli diaspora və yasaq qərarı...
Əgər qonşu, strateji müttəfiq olan Gürcüstan bu dövlətin “Borçalı” Cəmiyyəti kimi nüfuzlu bir qurumu ilə ədalətsiz davranaraq sədri və müavininin Gürcüstana girişinə yasaq qoyursa, Komitə və onun rəhbərliyi bunu görməməzliyə, saymamazlığa vurursa, görün uzaq ellərdə soydaşlarımıza münasibət necədir? “Borçalı” Cəmiyyətinə, soydaşlarımıza, milli mahiyyət daşıyan məsələlərə bu cür seyrçi mövqe sərgiləməyi ucbatından Nazim İbrahimov və komandası qınanmalıdır. Bu davranışla Avropa dövlətlərində, Amerikada milli diaspora siyasəti yürütmək, yüksək siyasi, zehni hazırlığı olan kadrları yetişdirmək, konqresmenlərlə, senatorlarla, beynəlxalq qurumlarla və media ilə üz-üzə,baş-başa oturmaq qabiliyyətində olan kadr hazırlamaq mümkün deyil. Son 20 ildə ağıllı, məqsədyönlü kurs götürülsəydi, Avropada və ABŞ-da ölkəmiz, xalqımız, millətimiz fərqli, daha üstün mövqe qazanmış olardı. Gürcüstanda soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün bu vaxta qədər Nazim İbrahimovun öz vəzifə səlahiyyətlərinə uyğun olaraq bir dəfə də olsa, səmərəli təklifini, layihəsini duymadım.
Nəticə
7 illik məsafədən sonra birinci görüşdəki qənaətim təsdiqini tapır. Bu vəziyyət hökmən dəyişməlidir. Nazim İbrahimovun komandası ilə birlikdə dəyişilməli, diaspora siyasətində köklü, radikal islahatlara start verilməlidir. Düşünürəm ki, bu komitənin adında və məzmununda da dəyişiklik çox zəruridir. Disaporla iş ya Xarici İşlər Nazirliyinə verilə, ya da Hökumətin nəzdində bir şöbə yaradıla bilər. Komitənin indiki bazasında isə “Türk dünyası ilə əlaqələr komitəsi” yaradıla bilər ki, bu da strateji maraqlarımızın təmininə daha böyük töhfələr verə bilər.
Nəticə bundan ibarətdir. Dövlət başçısı və Dünyaya səpələnmiş soydaşlarımız agah olmalıdırlar ki, diaspora siyasətimiz urvatda deyil.
İdeal qanunların mövcudluğunda bizə nə və kim mane olur
Qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikasında xaricdə yaşayan azərbaycanlılar və diaspora siyasətinin təmin etmək üçün əksər qanunları qəbul etmişdir. Hətta Diasporla iş Komitəsi kimi idarə də yaradılmışdır. Komitənin qanunla müəyyən olunmuş vəzifələrinə və onların yerinə yetirilməsi vəziyyətinə diqqət yetirsək hər şey aydın olacaq.
Komitənin məqsəd və vəzifələri
Komitə diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən, bu istiqamətdə qurumlara müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərməli mərkəzi icra hakimiyyəti orqanıdır.
Qanunlarin tələbi
Xaricdə yaşayan Azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının qanununa görə:
Azərbaycan Respublikası, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgünlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərməli, onların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmalı, xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etməli, beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərməlidir.
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsi olmasına baxmayaraq azərbaycanlıların kompakt yaşadıqları İran İslam Respublikası, Gürcüstan, Rusiya Federasiyası, İraq, Suriya kimi ölkələrdə yaşayan Azərbaycanlılarla bağlı ayrıca dövlət siyasətinə ehtiyac olsa da bu edilməmişdir.
Qanuna görə Azərbaycan Respublikası digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərir, onların əsas hüquq və azadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görür. Bu sahədə də pozitiv bir fikir söyləmə imkanı təəssüf ki, yoxdur.
Bundan başqa xaricdə yaşayan azərbaycanlılarla bağlı iqtisadi sahədə dövlət siyasətinin reallaşması məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı edən fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi, gömrük güzəştləri və digər güzəştlər verilə bilər. Lakin bu təcrübədən də heç vaxt istifadə edilməyib.
Həyata keçirilməli tədbirlər
Xaricdə yaşayan azərbaycanlıların himayəsi üçün Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı tədbirləri həyata keçirir: - xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə yardım göstərir, xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım göstərir, xaricdə yaşayan azərbaycanlıların mədəni irsinin öyrənilməsinə kömək göstərir, xaricdə yaşayan azərbaycanlılara öz ana dilini qoruyub saxlamaqda, ana dilinin öyrənilməsinə, təhsil almaq və informasiya əldə etmək üçün bu dildən istifadəyə şərait yaradılmasında kömək göstərir, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənməsinə şərait yaradılmasında onlara kömək göstərir, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsil almaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli şərtlərlə yardım göstərir.
Acınacaqlı son
Qeyd edilməlidir ki, Avropa İttifaqına aid olan, eyni zamanda soydaşlarımızın məskunlaşdığı digər ölkələrin hec birində bu vaxta qədər Azərbaycanlılarla bağlı xüsusi araşdırılma aparılmayıb. Bu ölkələrdə yaşayan azərbaycanlıların sayı, cinsi, təhsil səviyyəsi, yaş bölgüsü, iş yerləri, ərazisində məskunlaşdığı dövlətin siyasətinə təsiri kimi hallar ciddi müzakirə obyekti olmayıb. Fikrimizcə, bu qədər hüquqi imkanların mövcudluğu şəraitində bu dərəcədə acınacaqlı vəziyyətə düşməyimiz anlaşılan deyil. İnanmaq istərdim ki, bu açıq müraciət xarakterli tənqidi mövqeyimi ucuzluğa aparmadan, soyuq başla təhlil edib, daha optimal çıxış yolu göstərənlər tapılacaq.
Zəlimxan Məmmədli
“Borçalı” İctimai Cəmiyyətinin sədri