Səxavət Tağlar

Atamın xatirəsinə.

Briqadaya təhkim edilmiş QAZ-51 markalı maşın pambıq tarlasına yaxınlaşan kimi pambıqçı qızlar bilirdi ki, öynə vaxtıdır. Ancaq heç kəs əlini işdən çəkməyib başı aşağı işində olardı, qapana daha çox məhsul qoymaq üçün iki əlli və sürətlə pambıq yığardılar. On-on beş dəqiqəyə önlüklər dolub, xarallara boşalardı. Axşamüstünə hərənin üç-dörd xaşa pambığı olardı. Nahar vaxtı manqa başçısı Zəringül xalanın:

  ̶ Öynə, öynə, heeyyy!... deyə, səsi gəlməmiş heç bir pambıqçı  sahədən çıxıb tarla düşərgəsinə gəlməzdi.  Tarla düşərgəsində (tarla evində) hərə özü ilə gətirdiyi xörəyi yesə də, briqadir Fərman kişi bir qayda olaraq günortaya pambıqçılar üçün təndir çörəyi bişirtdirərdi. O təndir çörəyi ki, onun iyi , ətiri bütün tarla düşərgəsinə yayılardı. Isti təndir çörəyi düşərgənin həyətində əkilmiş bostandan üzülmüş qarpızla ləzzətlə yeyilərdi. Bu ləzzətli təama kimlər qonaq olmamışdı. Kolxoz sədri, partkom, aqronomlar, raykomdan gəlmiş qonaqlar və kimlər, kimlər...

   ...Avqust ayı idi. Tarlada pambıq həm əllə, həm də maşınla yığılırdı. Kənd-kəsək, rayon mərkəzindən idarə və müəssisələr köməyə gəlirdilər ki, məhsul tez və itkisiz yığılsın. Tarla düşərgəsi şəhərciyi xatırladırdı. Günorta pambıqçılar düşərgənin divarında asılmış radiodan konserti və xəbərləri keçirməzdi. Adi bir iş günü. Hamı nahar edirdi. Radiodan:

  ̶ Diqqət! Diqqət! Lenin ordenli tarla briqadiri Fərman Səfərovun rəhbərlik etdiyi briqada 150 ton “Ağ qızıl” toplayaraq respublikada plana birinci çatmışdı. SSRİ Ali Sovetinin qərarı ilə tarla briqadiri Fərman Səfərova “Pambıq Ustası” fəxri adı verilmişdir   ̶   xəbəri  bütün pambıqçılar və köməyə gələnlər  tərəfindən sevinclə qarşılandı.  Xaşa dolu pambıqları  xırmana daşıyan lafetçı – traktorist İridim əminin pambıqçılara :

̶ Qızlar, gözünüz aydın! Plana birinci catmısınız. Kolxoz sədri Aslan Qarayev  göstəriş verdi ki, aran qoyunundan beş baş  sizin üçün kəsilsin. Sabah Bakıdan musiqiçilər konsert verməyə gələcək – deməsi onların sevincinə xüsusi bir rəng qatdı.

  Günün ikincı yarısı idi. Manqabaşçısı Zəringül xala pambıqçı qızları tarlaya yola salıb, təşviqat otağında  sevimli şairimiz N.Rəfibəylinin qəzetdən yenicə oxuduğu “Sevirəm, sevmirəm” şerini züm-zümə edirdi:

Qızıl taxıl zəmiləri

Ləpələndikcə vüqarlanıram.

Pambıq çöllərini sərvətim sanıram,

Vətənimin qüdrətini, sərvətini sevirəm

Vətən oğullarının sücaətini,

Vətən qızlarının məharətini sevirəm  

Hamı öz işində idi. Partkom Salmanın moskiviçi  düşərgənin həyətinə daxil oldu. Manqabaşçısı iç dünyası ilə söhbətdən ayrılıb, “tarla evində”  onu qarşıladı.

 ̶ Xoş gəlmisən , ay Salman müəllim!

̶ Xoş gününüz olsun.

̶ Gətirdiyin qəzet - jurnalları qızlar yaman oxuyurlar haa...

  Salman müəllim ağzını açmamış Zəringül xala:

̶ Ay partkom, bizi haçan qəzetə verəjəylər? –deyə soruşdu.

 Salman müəllim güldü və yanındakı qonaqları göstərib:

̶ Zəringül bacı, bu gün ölkənin bütün mətbuatı sizdən, sizin qələbənizdən, plana birinci catmağınızdan yazır. Bu qonaqlar da televiziyadan gəlib. Sizi çəkəcəklər... – dedi .

  Onlar birlikdə təşviqat otağına keçdilər. Partkom iri qara portfelindən  bir topa qəzet- jurnal çıxarıb xüsusi  ayrılmış güşəyə qoydu. Və:

̶ Bu qəzet - jurnallarda Fərman kişinin “Pambıq Ustası” fəxri adı alması barədə sərəncam, nailiyyətlərnizi əks etdirən maraqlı yazılar, fotolar var – deyə, üzünü manqa başçısına tutdu:

̶ Pambıqçı qızlara, suçulara, xırmançılara,mexanizatorlara paylarsınız .

  Üç otaqlı düşərgədəki tərtibat, təmizlik  partkomun və TV dan gələn qonaqların xoşuna gəldi. Ancaq buna baxmayaraq Salman müəllim öz tövsiyələrini  verdi:

̶ Briqadirinizi rayona çağırıblar. O bu gün olmayacaq. Səliqə-sahman  işi görün. Sabah düşərgədə bayram şənliyi keçiriləcək, çəkiliş aparılacaq. Raykomun  I  katibi  Mərkəzi Komitədən gələn qonaqlarla özü tədbirdə iştirak edəcək.

Yayın istisi adamı yandırıb-yaxırdı. Pambıqçı qızların fədakar  əməyi hər kəsin diqqətini çəkirdi. Mahnı oxuya-oxuya pambıq dolu önlükləri çiyni üzərində sahədən çıxaran qızlar  bir-bir televiziya reportyorunun kamerası önündən keçirdi. Manqabaşçısı Zəringül isə düşünürdü:

̶ Briqadir Fərman bu səbrin yiyəsi deyil. Harada qaldı görəsən?

  Çiyid yerə səpiləndən yalnız bir gün –bu gün idi ki, Fərman kişi ucu-bucağı  görünməyən pambıq tarlalarından, can deyib, can eşitdiyi əməksevər yoldaşlarından ayrı idi. Özü də plana çatdığı bir gün, qələbə günü.

  Tarla düşərgəsində üstü dəm çaynikli qaynar samovarın hısss, hısss, hısss...  eləyə ətrafa səs salması  da TV operatorunun diqqətindən yayınmadı.

 Partkom telejurnalistlərə deyəndə kı:

̶ Sədr sizin üçün süfrə açıb, gedəyin...

Onlar hər ikisi bir ağızdan:

̶ Nə danışırsan,  material axşam efirə getməlidir, biz qayıtmalıyiq – dedilər.

 Manqabaşçısı Zəringül xala yalniz indi hiss etdi ki, qonaqlar naharsızdır. Axı bir də briqadir Fərman kişinin  öz qonaqqarşılama ənənəsi var . Odur ki, Zəringül bu ənənəyə sədaqətini göstərdi. İsti təndir çörəyi, köhnə motal pendiri və pürrəngi çay qonaqların xoşuna gəldi.  Qonaqlar partkomla geri qayıtdı. “Pambıq Ustası” nı , təcrübəli bir təsərrüfatçını, Fərman kişini görə bilmədilər.

... Fərman kişi rayon mərkəzindən kəndə qayıdanda artıq gecədən xeyli keçmişdı.  O, yorğun halda evə qalxdı.  Həyat yoldaşı Şirinbəyim  :

̶ A kişi, harada qalmısan?!

̶ Soruşma, eyy... soruşma...

̶ Necə yəni soruşma? Bütün briqada üzvləri səhərdən yolunu gözləyir. Plan doldurmusunuz. Televiziya çəkilişi, qonaqlar... sən də yox!

̶ Eyy ay Şirin,  I katib çağırıb, mən nə deyim ona.  Bəyəm o bilmir ki, biz plana çatmışıq? Qonaq- filan  da elə onun yanından gəlir də...

̶ Ə, belə o nə deer? ...

  Televiziya olan otaqdan Fərman kişinin uşaqlarının səsi gəldi: 

̶ Bu Ramilə!

̶ Bu Güllü!

̶ Bu da Fizzə!

̶ Zibaya baxın, Zibaya! Hər çiynində  pambıq dolu bir önlük...

  Fərman kişi televiziyanın qarşısına keçdi. Rəhbərlik etdiyi kollektivdə  olmadığı qələbə dolu bir iş  gününü yalnız TV kanalında izlədi. Hər bir işçinin fədakar əməyi xüsusi olaraq lentə alınmışdı. O yalnız indi rahatlıq tapdı. Başı dəm çaynikli samovarı görəndə zənn etdi ki, manqabaşçısı Zəringül  qonaqların qulluğunda durmamış olmaz.

   ...Fərman kişi yatmaq üçün  çarpayısına uzandı. Yata bilmirdi. Və istəyirdi ki, onun narahatçılığını nə həyat yoldaşı , nə də böyük olan ailə üzvləri bilsin.  Yerin içində gözləri tavana dikildi. Yüz iyirmi  gün bundan əvvəl torpağa çiyid səpdiyi günü xatırladı. Planı birinci yerinə yetirdiyini düşündü.  Alacaqları lap çox idi. Yatmağa cəhd göstərsə də raykomun I katibi ilə olan söhbəti ona rahatlıq vermirdi.

̶ Fərman, sabah briqada üzvlərinin bayram şənliyində iştrak edəcəm. Səni “Yeni Həyat” kolxozuna sədr seçib qayıdacam.

̶ Yox, yox! Hörmətli katib, bu iş mənlik deyil.

̶ Mən dedim. Vəssalam!

̶ Axı mən torpaq adamıyam, əlimin əməyi ilə dolanıb, balalarımı saxlayıram. Nə sədr ?

̶ Bilirsən . Aqronom, üstəlik Lenin ordenli “Pambıq Ustası”. Niyə sədr olmayasan?!

̶ Onda mən bir kadr tapım...

̶ Mənə yol göstərmə. O kənddə camaatın inam gətirdiyi yeganə şəxs sənsən. Sən də olmalısan... A kişi, elə bilmə ki, mən adam tapmıram. Neçə nəfər əlində pulu-pənəsi başıma fırlanır.

̶ ...

̶ Dur get. Sən halal kişisən. İşlə, qur-yarat.

... Fərman kişi çarpayıda o qədər düşünmüşdü ki, yalnız sabaha yaxın yuxuya getmişdi. Hövlnak yuxudan qalxdı.  İşə gecikmişdi. İstəyirdi tez evdən çıxsın. Həyat yoldaşı  müstəntiq kimi onun boğazına çökdü:

̶ Əşı, nooldu demədin, axı katib neynirmiş səni?

̶ Danışma  arvad, danışma, oda düşmüşəm .

̶Əstəğfürullah, nə od, nə zad?

   Fərman kişi gördü ki, həm işə gecikir, həm də həyat yoldaşından can qurtara bilməyəcək. Odur ki, müfəssəl:

 ̶ Məni kolxoz sədri qoyurlar, arvad! ̶  deyib, yoluna düzəldi.

  Şirinbəyim:

̶ Bıy başıma xeyir! Mən də deerəm  noolub...

   Fərman artıq yoluna düzəlmişdi. Həyat yoldaşı bir dolça su götürüb onun arxasınca atdı. Və uca səslə:

̶ Fərmaaaan! Allah xeyir versin! Qorxma ...

  O, yoluna davam edə-edə əli ilə arvadına işarə etdi ki, danışma, evə qayıt.

 Şirinbəyim evə qayıtdı. Kişinin qarasına deyindi:

̶ Hı, hı... işə bax. İrəli çəkirlər, deer “oda düşmüşəm”. Səninki  torpaqdı, axşamacan işləyəsən.  Camaatı da qırır. Moskvanın  başı xarab olub ki, hələ Fərmana “Pambıq Ustası” fəxri adı verir.

Şirinbəyim ev-eşik işi görmək istəsə də əli işə yatmadı. Pambıq tarlasına gedib, kişiyə ürək-dirək vermək fikrinə düşdü. Ancaq buna risk etmədi. Yalnız beynində dolaşan ixtiyari düşüncələrdən rahatlıq tapdı. “Ay Fərman, nə deyirəm e. Camaat dara düşəndə sənin yanına qaçır, sən özün bilən yaxşıdır. İstərsən olarsan, Istəməzsən olmazsan”.

...Fərman kişi yolunda idi . Qarşısına çıxan böyüklü-kiçikli hər bir kənd sakini onu hörmət və ehtiramla təbrik edirdi. Plana çatdığına görə. Dövlətə 150 ton “Ağ qızıl” təhvil verdiyinə görə. Tarla düşərgəsində böyük izdiham yaşanırdı. Bütün kənd camaatı bayram şənliyinə toplaşmışdı. Şəhərdən musiqiçilər də gəlmişdi. Musiqi sədaları altında pambıqçı qızlar rəqs edib, şənlənirdilər.Pambıq sahələrinə gedən yolun “Şor Kanal “ deyilən ərazisində raykomun birinci katibinin qara QAZ-24 Volqa markalı maşını göründü. Bələdçi partkom Salman müəllimin müşayiəti ilə I katib Fərman kişinin tarla düşərgəsinə çatdı. Hamı bir-bir I katib və yanındakı qonaqlarla əl tutub görüşdü.

  Raykomun birinci katibi təbrik nitqi söylədi:

   ̶  Bayramınız mübarək! Bizim rayonun bir tarla briqadası ̶ sizlər respublikada planı birinci yerinə yetirdi. İstehsal olunmuş məhsulun hamısı birinci sortdur. Hər birinizi təbrik edirəm! Fərman kişi, gözünüz aydın olsun! Fəxri adın mübarək!...

  İsti yay günü olmasına baxmayaraq  I katib qara rəngli kostyum geyinmişdi. Pambıq tarlasına gedən tozlu yol onun QAZ-24 Volqa  maşınını və qara kostyumunu tanınılmaz şəkilə salmışdı. Çox söhbətlər keçdi. Birinci şəxs heç bir kolxoz nizamnaməsinə , idarə heyətinə məhəl qoymadan Fərman kişini tarla düşərgəsində  kolxoz sədri seçib geri döndü. Bu seçim hamı tərəfindən alqışlandı. Yalnız məyus olan Fərman kişinin  öz briqadasının üzvləri idi. Onlar “Kişini əlimizdən aldılar” deyə düşünürdü.

  ... Fərman kişi kolxoz sədri kimi fəaliyyətə başladı. Düz əqidə, düz amalla. Kolxoz malında gözü olmadı. Əksinə ucu-bucağı görünməyən  xam torpaqları əkinə çevirdi. Kolxozçuların rifah halı yüksəldi. Kolxoz sədrinin sadəliyi, işgüzarlığı, halallığı, ədələt prinsipi hamı tərəfindən bəyənildi.

 ... On il keçdi. Fərman kişi xəstəliyə düçar oldu.  Onu 4  saylı şəhər xəstəxanasına yerləşdirdilər. Aylarla xəstəxanada yatdı. Həyatı, fəaliyyəti hər an kino lenti kimi gözləri önünə gəldi. Fikir-zikiri yenə torpaqda idi. Kənddən  yanına gələni sorğu-suala tuturdu:

 ̶ Boztəpə kanalının ətəyində nə əkdiniz?

 ̶ Tək iydənin yanına su çıxırmı?

 ̶ Çiyidi neçə gün dəmə qoydunuz?

 Bu sorğu-suallar ömürgün yoldaşı Şirinbəyim xanımı yaman hirsləndirirdi.  Odur ki, hərdən özünü saxlaya bilməyib:

 ̶ Ay rəhmətliyin oğlu, bu torpaq canını xəstə saldı. Nə başlamısan əkmək-biçmək – deyirdi.

  Fərman kişi:

 ̶ Ay Şirin,  torpağa əlim çatsa, əkib-biçə bilsəm heç xəstələnmərəm e...

 ̶ Allah qoysa azarın qurtarar, əkib-biçərsən.

 ̶ Torpağın dilini bilən, onun pıçıltısını duyan ondan ayrı dura bilməz. O da borclu qalan deyil. Baş əyənin başını ucaldır.

    Xəstəxana günləri arxada qaldıqca Fərman kişi üzülürdü. Artıq yeməyindən də qalmışdı. On beş min qoyunu olan bir təsərrüfatdan hər gün ona bir-iki əmlik quzu kəsilib gedirdi. Ferma müdirlərinin rəqabət zəminində apardıqları balon-balon yağı, motal-motal pendiri və digər məhsulları heç onun özünə də bildirmirdilər. Həyat yoldaşı bilirdi ki, belə hallar Fərman kişiyə pis təsir göstərir. Odur ki, kənddən gedən ferma müdirləri, kassir, anbardar, mühasiblər və digər maddi məsul şəxslər apardıqlarını kişiyə söylər deyin onlara “Həkim xəstənin yanına adam buraxmır” deyilirdi.

... Bir gün pambıq briqadiri işlərkən onunla çiyindaş olmuş Ayaz Bakı şəhərinə Fərman kişiyə baş çəkməyə gedir. Xəstəxanada hal-əhvaldan sonra sədr ondan soruşur:

̶ Ayaz, sizə nahar üçün yenə təndir çörəyi bişirib gətirirlərmi?

̶ Hə,hə. Fərman qağa

̶ Tapşırmışam, deyirəm ki, görüm əməl edirlərmi.

  Sədr doluxsundu. Qəhər və göz yaşları onu boğdu. Zəif səslə:

 ̶ Ay Ayaz, o pambıqçı qızlardan müğayət olun! Zəringül, Ramilə, Güllü, Ziba, Fizzə... Eyy... Gözəl insanlar! Kaş qalxa biləydim. Onları başıma yığıb, daha böyük qələbələrə gedəydim. Onda dərdim olmazdı.

  Ayazın gözləri dolur. Otaqdan çıxmaq istəyəndə Fərman kişi onun əlini əlinə alıb:

 ̶  Bilirsən könülümdən nə keçir?

 ̶  Nə keçir ay qağa?

̶  Təndir çörəyi, motal pendiri və bir də Zəringülün tarla düşərgəsindəki samovar çayı. Bir aydı mən xörək yemirəm, o təndir çörəyinin iyi məni yaşadır.

   Ayaz özünü saxlaya bilməyib ağlayır.  Kəndə qayıdan kimi briqadanın işçiləri  ondan Fərman kişinin vəziyyətini soruşurlar.  O, söhbəti olduğu kimi danışır. Bütün kollektiv işi dayandırıb avtobusla Fərman kişiyə baş çəkməyə gedir. Onlar özləri ilə briqadanın bir günlük təndir çörəyini, motal pendirini və tarla düşərgəsində əkilib becərilmiş qarpızlardan da götürürlər.

 ... Xəstəxananın həyətinə daxil olanda Fərman kişinin cənazəsinin əzizlərinin çiynində maşına qoyulduğunu  görürlər. Cənazə uzun illər torpaqda birgə çalişdiği, böyük sevgi və məhəbbətlə hər gün yad etdiyi insanların qolları üzərində tarla düşərgəsinə gətirilir. Və orada dəfn olunur. Yeni qəbristanlıq salınır.

 

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

13 İyun 2016 “YAZIÇI” SÖZÜ QAN TURALIDAN BEZİB

Xəbər lenti