|
Günel Musa
Biz nə zaman xoşbəxt olduq, heç xəbərimiz olmadı?
İllərin insandan alıb apardığı gəncliyi, sağlam ruhun ötürdüyü pozitiv enerji vasitəsiylə geri qaytarmaq mümkündür. Amma dərdin insan ömründən qızıl-qırmızıca oğurladığı illəri geri qaytarmaq imkansızdır. Ona görə də hər zaman bu fikirdəyəm ki, insanı illər deyil, dərdlər qocaldır. Bu gün bizim məmləkətimizdə qocalaraq ölənlərin nəsli çoxdan tükənib. Ölüm o qədər cavanlaşıb ki, 60 yaşına çatıb ölən adamı uzunömürlü hesab edirik. Hər işıq gələn hücrədən mütləq bir dərd boylanır. Bəlkə də ona görədir ki, bu şəhər yaradılan bütün gözəlliklərə rəğmən gözümə hər gün bir az daha çirkin görünür. Yazıya bir az ədəbi, bir az da dramatik başladım deyəsən, amma sözümün “Mustafası” var. “Mustafa” ondan ibarətdir ki, insan ömrünü qısaldan amillərin hər addımda qarşımıza çıxdığı bir məmləkət necə olur ki, dünyanın ən xoşbəxt ölkələri siyahısında 4-cü yerdədir. 20 yaşlı gəncin 90 yaşlı qoca ruhu daşıdığı bir ölkənin ümumiyyətlə, xoşbəxtlər ölkəsi siyahısına daxil edilməsi ciddi anlaşılmazlıq olmalıdır. Necə olur ki, illərdir ölkənin büdcəsini sağına-soluna dədə malı kimi dağıdan məmurların, vurdum-duymaz, məsuliyyətsiz səlahiyyətlilərin əlində oyuncaq olmuş bir xalqın ölkəsi xoşbəxtlər siyahısındadır? Allah-Allah, sizcə də qəribə deyilmi ? Necə olur ki, Konstitusiyasına rəğmən, özü qanun yaradıb, öz qanununu həyata keçirənlərin, milləti özü yaratdığı “qanunlarla” əzənlərin vətəni xoşbəxtlər siyahısında özünə yer eləyir? Necə olur ki, demokratik çağdaş bir ölkədə illərdir dəyərlər heç cürə yerinə oturdula bilmir və xalq bir neçə xaşalqarın kişilərin, pırpızbaş arvadların qorxularının kölgəsində sürünür, amma xoşbəxtlər ölkəsində yaşayır ? Necə olur ki, zəngin çoğrafiyaya, təbii sərvətlərə sahib bir ölkənin vətəndaşı borc içində üzür, boğulur, ölür, doğulandan ölənədək borcdan qurtula bilmir. Amma adı xoşbəxtlər içindədir. Bu ölkə, bu cəmiyyət köləlikdən, möhtac olmaqdan, ovuc açıb dilənməkdən nə zaman xilas oldu ki, xoşbəxtlər ölkəsi elan edildi? Üzlər nə zaman güldü, gözyaşları nə vaxt qurudu, ədalət nə zaman yerini tapdı, nə zaman biz xoşbəxt olduq? Hansı ara bu təamı daddıq da xəbərimiz olmadı ? Bəzi şeylərin gələcəyindən qorxanlara da bir-iki kəlimə sözüm var. Başınıza gələcəyini düşündüyünüz o “şeyləri” gözləməyin, qorxub eləməyin də, içiniz rahat olsun. Artıq bu ölkəyə heç bir şey olmayacaq. Olan olub. Cənnət ölkəni cəhənnəmə çevirmək üçün nə lazımdı edilib. Biz hazırda cəhənnəmin isti bucağındayıq, xanımlar və cənablar. Kəmərləri bağlayın, növbəti stansiya boşluq…