|
Araz BAYRAMOV
Neçə aydır yazırıq. Siyasətçilər, iqtisadi ekspertlər bizdən daha çox yazır, həyəcan təbili çalır. Lakin hamının bu qəbildən olan çağırışları hər zamankı kimi səhrada təkbaşına çığıran adamın etdiyi kimi faydasızdır. Oturub gözləyirlər ki, neft təzədən bahalaşsın, bununla da böhran sovuşsun.
Bizim ölkəmizdə adam bəzən oyanmaq istəmir. Hər nə qədər xarici ölkədə yaşayıramsa, mən də Azərbaycanda yaşayan biri sayılıram, çünki əsas bağlarım bu ölkədədir. AzTV demişkən, mən hər səhər yuxudan oyananda cismən Polşada, ruhən Azərbaycanda oyanıram. Bir səhər də oyanıb gördüm ki, manat birdən-birə düşüb, evimiz yıxılıb, neçə gündür ruh kimi gəzirəm. Soruşan olanda da deyirəm ki, bəs pulumuz düşüb, böhrandır, tezliklə çox pis şeylər olacaq. Dərd də orasındadır ki, dərdimi heç kimə anlada bilmirəm. Avropalılar bizdəki söhbətlərdən bixəbərdirlər. Deyirsən, pul düşüb, soruşur, niyə düşüb? Deyirsən ki, bəs neftin qiyməti düşüb deyə düşüb. Bu vaxt avropalı ağıllı bir görkəm alır, deyir, belə vaxtlarda hökumət gərək qeyri-neft sektorunu inkişaf etdirsin, gücü digər sahələrə yönəltsin, filan-filan işləri görsün. Deyirsən ki, rəhmətliyin oğlu, onu ölkəmizdə bilməyən yoxdur, elə hökumətin özü onu məndən, səndən yaxşı bilir, di gəl ki, eləmirlər. Soruşur ki, niyə eləmirlər? Danışırsan, danışırsan, bir də görürsən, gedib çıxmısan Surət Hüseynovla Zobikin dövranına.
Yadımdadır, 2003-cü ildə İlham Əliyev təzə hakimiyyətə gəlmişdi. Mən də o vaxtı bir müəllifini xatırlamadığım müxalif yazı oxumuşdum. O vaxt hələ uşaq idim, ağlım kəsmirdi, müxalif yazı-zad oxuyurdum. Bir hissəsi indiki kimi yadımdadır: "Bu iqtidar çox davam eləyə bilməz. Düzdür, bunu yazanda bəziləri deyir ki, əşi, Heydər Əliyev haqqında da eyni şeyi deyirdiniz, amma on il hakimiyyətdə oldu. Lakin bu belə deyil". Həmin yazını oxuyanda mən orta məktəbin 8-ci sinfindəydim. Məktəbi bitirdim, sonra Bakıda universitetə qəbul oldum, onu bitirdim, sonra bir müddət jurnalist işlədim, sonra Polşada universitetə qəbul oldum, amma elə bir şey olmadı. Xülasə, məlum oldu ki, faktlara, ciddi hesablamalara söykənməyən ehtimal, ehtimaldan başqa bir şey deyil. Hərçənd o yazılardan indi də oxuyuruq, bir aya hakimiyyət "gedir", bir ay keçəndən sonra “iki aya gedir", amma ortada bir şey yoxdur.
Demirəm indi tezliklə hakimiyyət dəyişəcək. Əlbəttə, yox, ağzım əyilər. Onu bilirəm ki, çox pis şeylər olacaq. Çünki iqisadçılar bu dəfə ciddi hesablamalara əsaslanan proqnozlar verirlər, deyirlər, tezliklə acından qırılacağıq.
İndi deyəcəksiniz ki, oturmusan Avropada, sənə nə var, ölkədəki qiymət artımından biz əziyyət çəkirik. Xeyr, dostlar, artıq xaricdə təhsil də bahalaşıb, ikiqat olub. Məsələn, tələbə indi orta hesabla hər hansı bir universitetə 1000 avro ödəyirdisə, bu bir həftə qabaq 1100 manat eləyirdi, indi eləyir 1600 manat. Ərzaqların da qiyməti iki dəfə qalxır, çünki burda hər şey sabitdir. Hərçənd bunu sizə izah eləməyə ehtiyac yoxdur, maşallah, artıq marketlərdəki qiymət artımına şahidlik eləmiş adamlarsınız. Özü də artıq bir neçə dəfə şahidlik eləmisiniz, bir neçə dəfə eləyəcəksiniz. Əlinizdə fürsət varkən, deyin, gülün, əylənin, dostlarınıza qonaq gedin, toy eləmək istəyirsinizsə toy eləyin. Sonra pul olmayacaq. Vallah, ən gözəl günlərimiz indidir.
P.S Yazını yazanda belə bir xəbər oxudum, ölkəmiz üçün bu çətin anlarda müxalifət istəyir ki, iqtidar məsuliyyəti və hakimiyyəti onunla bölsün. İnanıram ki, hakimiyyət bu pozitiv təklifə müsbət yanaşıb dəyərləndirəcək.
Deyəsən, acından başım xarab olur...