|
Zahid Səfəroğlu
Mübarək, gözəl bir aydayıq. “11 ayın sultanı” Ramazana daxil olmuşuq. Kaş ki, hamılıqla bu ruhani yeniliyin fərqində olaq. Ələlxüsus da biriləri heç omasa, bu ayda kənardan özünə tənqidi yanaşsa, təkəbbür, özündənrazılıq kimi Allaha naxoş gedən xüsusiyyətlərdən qurtulmağa cəhd eləsə, Yaradana da xoş gedər, özləri də bəlkə hidayət yoluna çıxalar.
O sırada şeytani əməllərə vərdiş edənlər kaş ki, heç olmasa, bu ayda bəd işlərinə moratorium qoyalar, dil zinasından bir aylığına pəhriz saxlayalar, özəlliklə də qəzetimizə, onun rəhbərliyi və kollektivinə imansızcasına qara yaxmayalar, şər-iftira atmayalar, “Yeni Müsavat”ı “Səs”lə eyniləşdirməyələr, bir vaxt onlara etdiyimiz təmənnasız yaxşılıqlara bizi peşman etməyələr. Axı bu ayda şeytanlar da zəncirlənmiş olur.
Nöqsansız, günahsız bəndə olmur — burası bəlli. Sadəcə, birininki az, digərinki çox ola bilər, deyirlər. Günahı yumağın, yandırmağın yolu da bəlli — savab əməllər, xeyirxah işlər, humanist addımlar, şəfqət, mərhəmət gösrəriləri.
Bu xüsusda hakimiyyətdəkilərin yandırmalı olduğu günahlar əlbəttə ki, daha çoxdur. Keşkə, mübarək Ramazan ayında onlar bu ayın fəzilətlərini dərk edib də heç olmasa, günahsız insanları azad edəydilər.
***
Öyüd vermirik, amma mənim aləmimdə cəmiyyət üçün, ümmət üçün ən təhlükəli, eyni zamanda bədbəxt adamlar o kəslədir ki, Ramazan ayını da digər aylar tək qarşılayıb yola salarlar. Yəni etdikləri günahlara mübarək ayda da etina eləməz, Axirətləri haqda əsla düşünməzlər.
Ən gözəl, xeyirxah, cəmiyyətə ən lazımlı insanlar da yenə məhz Ramazan ayını yerdə qalan aylar kimi qarşılayıb yolla salanlar — iman adamlarıdır. Çünki nəinki mübarək 30 günlükdə, ümumiyyətlə, ilin heç bir günündə onlar günaha batmaz, yalnız savab işlər, ehsanatlar, yaxşılıqlar edərlər, bu dünyaya Axirət yolunda müvəqqəti mərhələ, dayanacaq, imtahan kimi baxarlar.
Onlar təqvalılardır sözsüz ki. Yanılmırıqsa, müqəddəs Qurani-Kərimdə bununla bağlı ayə də var. Allah-təala buyurub: “Sizlərdən Mənə ən yaxın olanı — ən təqvalı olanınızdır”. Təqva — yəni Allahın bəyəndiyi əməllərə can atmaq, bəyənmədiklərindən çəkinmək. Kəsəsi, təqvalı olmaq — günah işlətməmək, Yaradanın buyurduğu kimi yaşamaqdır. Təkcə mübarək Ramazanda yox, bütün il boyu! Həzrəti Əli (ə) buyurur ki, “Bəndə üçün günah etmədiyi gün — bayramdır”.
***
Elə isə vay o kəslərin halına ki, Ramazanda, mərhəmət və şəfqət ayında da zülmdən, pislikdən, namərdlik etməkdən qalmaya, şər atmaqdan, əzab verməkdən yorulmaya, ev yaxmaqdan, haram yeməkdən əl götürməyə və bütün bu antibəşəri əməllərindən zövq ala! Onlar Axirət üçün azuqələrini pisliklərdən tutanlardır. Onlar Ramazan ayını özləri üçün matəm hesab edə bilərlər. Hərçənd, bunun fərqində olmazlar.
Məsələ də ondadır ki, tək müsəlman dünyası deyil, bütöv bəşəriyyət, ən əvvəl də dövlətləri, məmləkətləri idarə edib yönəldənlər Ramazandakı kimi ilin bütün başqa aylarında da öz məsuliyyətini dərk eləsə, tox acın dərdini anlasa və ona hayan olsa, varlılar kasıbı, məzlumu da fikirləşsə, zalım zülmdən və hakimiyyət hərisliyindən əl çəkməyin ilahi fəzilətini anlasa, haram yeyənlər tövbə edib də halal yola dönsə, yetim malına heç kim toxunmasa, dünyada bunca haqsızlıq, qan-qada, müharibə də olmaz, zülm ərşə dirənməz…
***
Daha bir Ramazan fürsətini qaçırmayaq və hər günümüzü bayram kimi (günahsızlıq içində) yaşamağa səy edək!