|
Futbol üzrə Yunanıstan Super Liqasında keçirilən matçdan sonra qeyri-adi olay yaşanıb. "Report"un məlumatına görə, AEL-in qapıçısı Matias Deqra kobud səhvi nəticəsində buraxdığı qoldan sonra klub prezidenti tərəfindən şillələnərək, komandadan qovulub.
"İraklis"lə görüşdə hesabda 2:1 öndə olan AEL qələbəni məhz Deqranın səhvindən sonra əldən verib. Bundan qəzəblənən klub prezidenti Aleksis Kuqias 33 yaşlı argentinalı qolkiperin yanına gəlib. Matçdan sonra paltardəyişmə otağına gedən tuneldə o, Deqranın qarşısını kəsib və bir neçə kəlmə ilə iradını bildirib. Ardından klub prezidenti oyunçunun boğazından tutub və şillə atıb. Təcrübəli qapıçı cavab vermək istədikdə ara qarışıb.
AEL-in yaydığı bəyanatda Deqranın qolu qəsdən buraxdığı və onun klubdan qovulduğu vurğulanıb. Qapıçı baş verənlərdən şoka düşdüyünü söyləyib: "Klub prezidenti mənə yaxınlaşarkən, təsəlli verəcəyini düşünürdüm. Amma tam fərqli hərəkət etdi".
Qeyd edək ki, Matias Deqra AEL-də 2015-ci ilin iyunundan çıxış edirdi.