|
Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Ser Suma Chakrabarti mayın 24-25-də Bakıya səfəri zamanı insan haqları məsələlərini qaldırmalıdır. Bu bəyanatla “Human Rights Watch” hüquq-müdafiə təşkilatı çıxış edib. Qurum bildirir ki, Azərbaycan hökumətinin müstəqil səslərə hücumları bankın xartiyası və digər tələblərinə ziddir.
“Avropa Yenidənqurma və İnkişaf Bankı yeganə maliyyə institutudur ki, çoxtərəfli demokratiya və plüralizmin olduğu ölkələri dəstəkləməyə siyasi mandatı var”, bəyanatda deyilir.
“Azərbaycan hökuməti jurnalistlərə, mediaya, aparıcı fəallara və müstəqil qurumlara dramatik hücum həyata keçirir. Belə etməklə, hökumət bankın xartiyasında tələb olunan mülki və siyasi hüquqlardan geri çəkilmiş olur”, təşkilatın aparıcı tədqiqatçısı Jessica Evans deyib.
Human Rights Watch qeyd edir ki, mayın 20-də Sir Chakrabarti-yə məktub göndərərək onu Bakıda hökumətin insan haqlarına sayqısızlıq məsələsini qaldırmağa çağırıb. Qurum bir daha vurğulayır ki, bank prezidenti siyasi fəalların, hökumətin tənqidçilərinin, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın buraxılmasına, vətəndaş cəmiyyətinə təzyiqlərə son qoyulmasına çağırsın.