|
'Hamı bağışlamağı bacarmalıdır' - Amnistiya layihəsi parlament tərəfindən qəbul olundu.
Milli Məclisin xüsusi plenar iclasında amnistiya aktı layihəsinin müzakirələrinə başlanılıb. Amnistiya aktı layihəsinin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva iclasda çıxışı zamanı bildirib ki, bu amnsitiya aktına düşən məhkumlar bundan sonra öz məsuliyyətlərini dərk edəcəklər və eyni zamanda bir daha belə səhvə yol verməyəcəklər: “ Onlar azadlığa çıxandan sonra hər birimizin borcudur ki, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edək. Mərhəmət təkcə çətinliyə düşmüş insana yardım etmək deyil, həm də məsuliyyətli qərar qəbul etməkdir”.
Amnistiya aktı barədə danışan birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, 1995- ci ildən bu günə kimi ölkədə 61 əfv sərəncamı, 10 amnistiya aktı qəbul olunub: “ Bu günə kimi Heydər Əliyev Fondu tərəfindən üç dəfə amnistiya aktı layihəsi ilə təşəbbüsü ilə çıxış edib və bu dördüncü amnistiya aktı layihəsidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu sədri Əli Hüseynli isə bildirib ki, əgər sonuncu amnistiya aktına əsasən 2000 -ə yaxın insan tam azadlığa buraxılırdısa, bu dəfə isə onların sayı 3000-ə çatacaq: “ Bütövlükdə isə bu akt 10 min məhkuma şamil ediləcək”.
Milli Məclisin bu gün keçirilən xüsusi iclasında amnistiya layihəsi ətrafında millət vəkillərinin çıxışlarına başlanılıb. xəbər verir ki, çıxış edən millət vəkili Fərəc Quliyev bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq, proresə öz töhfələrini verəcək.
Millət vəkili Zahid Oruc qeyd edib ki, amnistiya aktının müəllifi hörmətli Mehriban Əliyeva artıq ölkə prezidentin siyasətini tamamlayan bir fəaliyyətin iştirakçısına çevrilib: “ Bu, həm də bir xanım tərəfindən edilən təşəbbüsdür. Bu qərarın əhatə dairəsindən hamıya pay düşür. Hamı bağışlamağı bacarmalıdır. Siyasi partiyalar da, biz millət vəkilləri də bağışlamağı bacarmalıyıq”.
Deputati Rafael Cəbrayılov isə amnistiya aktı ətrafında diletant fikirlərin səsləndirilməsinə narazılığını bildirib: “Bəziləri elə fikir səsləndirir ki, akt hamıya şamil olunmalıdır, amma bu, belə deyil. Bura xüsusi təhlükəli cinayətə yol vermiş məhkumlar salına bilməz”.
Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanda bu günə 24 min məhkum var: “Bu kifayət qədər Azərbaycan üçün böyük rəqəm idi. Elə Mehriban xanımın da təşəbbüsü yerinə düşdü və olduqca dəyərlidir”.
MM üzvü Siyavuş Novruzov çıxışında keçmiş iqtidarın ünvanına söz atıb: “O zaman ən təhlükəli cinayətkarları azadlığa buraxmışdılar. Adını da qoymuşdular ki, guya gedib Qarabağada cəbhədə döyüşəcəklər. Amma belə olmadı, böyük əksəriyyəti yenidən cinayətə yol verdilər. Ancaq ümummilli liderin dövründən bu günə kimi verilən əfv və ya amnistiya aktları cəmiyyət üçün təhlükəli olmayan, öz əməllərindən peşman olan məhkumlara həvalə olunur”
Parlament üzvü Qənirə Paşayeva vurğulayıb ki, amnistiya aktı ilə bağlı çıxanların statistikası göstərir ki, onlar əməllərindən peşman olublar və bir daha xətaya yol vermirlər: “ Onlar onlara verilən mesajları düzgün dərk ediblər və çox yaxşı haldır ki, yenidən cinayət əməllərinə yol verməyiblər. Yeniyetmələrin həbsxanada uzun müddət qalması yaxşı nəticə verməzdi. Bu dəfə ki amnistiya aktında onlara da şans verilir. Yəni, onların böyük əksəriyyəti amnistiya aktının dairəsinə düşəcəklər. İnanırıq ki, aksiya müsbət töhfələrini yenə də cəmiyyətə verəcək”.
Müzakirələr yekunlaşıb və qərar layihəsi səsə qoyularaq qəbul edilib.