|
Problemli borclar, o cümlədən dollar kreditləri üzrə dövlət tərəfindən heç bir əhəmiyyətli güzəşt olmayacaq. Təxmini yaxın 1-1,5 il ərzində. Ondan sonra borcların silinməsi, heç olmasa vətəndaşların müflisləşməsi haqqında qanunun qəbulu qaçılmazdır. Əks halda, borcların kütləvi ödənilməməsi şəraitində iqtisadiyyat çökə bilər. Digər tərəfdən, 2 ildən sonra Prezident seçkiləri olacaq.
Deməli, vaxt bankların əleyhinə işləyir. Uzağı 2018-ci ildə dövlət məsələyə müdaxilə etməyə və borcların çoxunu silməyə məcbur olacaq. Digər tərəfdən, banklar get-gedə zəifləyəcək və borclulara qarşı çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini apara bilməyəcək. Bankların məhkəmələri ələ alması və bütün qərarları öz xeyirlərinə çıxaracağı haqda söz-söhbət – bankların özü tərəfindən buraxılmış şaiyədir. Bankların o qədər gücü və pulu yoxdur. Digər tərəfdən, biznes kreditləri üzrə borclu sahibkarların məhkəmələrə təsir imkanları banklardan da çoxdur.
Vaxt ən çox borcu manatla olanların xeyrinə işləyir. Çünki yaxın illərdə manatın növbəti kəskin devalvasiyaları qaçılmazdır. Beləliklə, onların gələcəkdə qaytaracağı manat xeyli ucuzlaşmış olacaq.
Ümumiyyətlə isə işsizliyin artması, gəlirlərin düşməsi və qiymətlərin artması şəraitində təminatsız kreditlərin əksəriyyəti faktiki batıb. Banklar bunu başa düşür. Ona görə də çox zaman məsələni məhkəmə yolu ilə deyil, hədə-qorxu ilə həll etməyə çalışır ki, borclular vahimədən hardansa pul tapıb krediti ödəsinlər. Deməli, gəliri olmayan, yaxud az olan şəxs borcunu sadəcə ödəməməli və heç nədən qorxmamalıdır. O cümlədən faizlərin və cərimlərin artmasından. Borcu indi verə bilmirsə, artan məbləğləri haradan ödəyəcək ki?! Belə borclular həm də bilsin ki, onsuz da əvvəl-axır özlərini müflis elan edə biləcəklər. Buna görə də məsələnin sırf məhkəmədə həll edilməsində inad etsinlər, sonra da məhkəmə qərarını icra edə bilməmələrini bildirsinlər. Vəssalam!
O ki qaldı təminatlı kreditlərə, burada da məhkəmə prosesinin uzunmüddətli olması borclunun xeyrinədir. Çünki təminat qismində, bir qayda olaraq, daşınmaz əmlakın girovu çıxış edir. Daşınmaz əmlakın qiyməti isə düşür və yaxın 1-2 ildə hələ xeyli düşəcək. Deməli, məhkəmə prosesi bankın xeyrinə bitsə belə, daşınmaz əmlakın satışından əldə edilən vəsait əksər hallarda qalıq borc məbləğindən (üstünə nə qədər faiz gəlsə belə) xeyli az olacaq. İstisna deyil ki, borclular özləri məhkəmə prosesini müxtəlif yollarla uzadacaq ki, yekunda açıq hərracdan satılacaq həmin ucuzlaşmış daşınmaz əmlakı yaxınlarının əli ilə özləri də alsınlar. Qalan borcun tutulması üçün isə mənbə sadəcə olmayacaq və o da batacaq!
Beləliklə, problemli borcların ən böyük sirri vaxtın bankların əleyhinə, borcluların isə lehinə işləməsidir. Buna görə də banklar borclulara qarşı həmləni (zor, məhkəmə və s.) gücləndirəcək ki, bacardığını qopara bilsin. Belə şəraitdə təbii, borclular da prosesi mümkün qədər uzatmaqda maraqlı olacaq (yəni əksər hallarda borclular heç məhkəmə prosesinin özünü deyil, sadəcə ən azı vaxt udmaqda maraqlıdır). Borclular bunu nə qədər çox, kütləvi və uzunmüddətli etsələr, bir o qədər hamısı udacaq. Çünki xarici təcrübə də göstərir ki, borcluların kütləvi müqaviməti bankları iflic vəziyyətə salır və güzəştə getməyə məcbur edir.
Buna görə də banklara bir daha məsləhət görürəm ki, ciddi və əhəmiyyətli güzəştlərə getsinlər. Əks halda, darmadağın olacaqlar!
Borclulara isə məsləhət görürəm ki, güzəşt gözləməklə özlərini aldatmasınlar. Mübariz olmalı, müqavimət göstərməlidirlər! Məhkəmə proseslərini uduzmaqdan da qorxmasınlar. Bir qismi udacaq, bir qismi uduzacaq həmin prosesləri. Lakin yekunda hamısı udacaq! İrəli!