BAKI, 16 oktyabr. TELEQRAF

Xalq artisti Ramiz Quliyev ll Fəxri Xiyabanda dəfn edilib.

Teleqraf xəbər verir ki, dəfn mərasimində sənətkarın yaxınları, dostları, sənət adamları iştirak edib.

***

12:40

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.

Teleqraf xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, mədəniyyət və incəsənət xadimləri, eləcə də mədəniyyət naziri Adil Kərimli iştirak edib.

Qeyd edək ki, Ramiz Quliyev ll Fəxri Xiyabanda dəfn ediləcək.

***

12:20

"Ramiz Quliyevlə saysız-hesabsız konsertlərdə, böyük səhnələrdə çıxış etmişik".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Ramiz Quliyevlə vida mərasimində Xalq artisti Fərhad Bədəlbəyli deyib.

"O, əsl pedaqoq idi, neçə-neçə tələbələr yetişdirib. Hərtərəfli ustad idi. Bir çox kitabların müəllifidir. Gözəl ailə başçısı idi. Nə yaxşı ki, oğlu Əyyub Quliyev atasının sənətini davam etdirir.

Ramiz Quliyev aramızdan tez getdi. Yaxşı ki, azad Şuşanı, Ağdamı gördü", - F.Bədəlbəyli əlavə edib.

***

12:11

"Hər birimiz üçün ağır gündür. Azərbaycan xalqı dəyərli bir sənətkarını itirib".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Ramiz Quliyevlə vida mərasimində mədəniyyət naziri Adil Kərimli deyib.

"Onun yaratdığı irs Azərbaycan mədəniyyətində elə bir xəzinə yaradıb ki, hər kəs üçün örnək olacaq. Azərbaycan tar sənətini nəinki ölkəmizdə, hətta dünyada tanıdıb. Bu sahədə çoxsaylı tələbələr yetişdirib. Yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.

Müalicəsi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva yüksək diqqət göstərib. Allah böyük sənətkarımıza rəhmət eləsin".

***

11:46

"Ramiz Quliyev kimi sənətkarlar yüz ildə bir doğulur".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Mənsum İbrahimov tarzən Ramiz Quliyevlə vida mərasimində jurnalistlərə açıqlaması zamanı deyib.

"O, solist kimi dünyanın bir çox ölkəsində Azərbaycan musiqisini, muğamlarını və təsniflərini layiqincə təmsil edirdi. Dünyasını dəyişməsi gözlənilməz oldu. Xəstəlik onu aramızdan tez apardı. Həmişə xalqın qəlbində yaşayacaq", - Mənsum İbrahimov bildirib.

***

11:32

"Ramiz Quliyevi həm övladı, həm dostu, həm də tələbəsi kimi yola salıram".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Ramiz Quliyevin oğlu Əyyub Quliyev atası haqqında danışarkən deyib.

Əyyub Quliyev Xalq artistinin xəstəliklə mübarizə aparmasından da danışıb: “Ümid edirdik ki, xəstəliklə mübarizədə qalib gələcək, amma olmadı. Üç həftə xəstəxananın reanimasiya şöbəsində müalicə aldı".

Əyyub Quliyev atasının səhhətinə göstərdiyi yüksək diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

***

10:56

"Mədəniyyətimiz üçün çox ağır itkidir".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Möhlət Müslümov tarzən Ramiz Quliyevin vida mərasimində jurnalsitlərə açıqlamasında deyib.

"Ramiz Quliyev bizim müəllimiz idi. Üç-dörd dəfə Qarabağıda tədbirdə də iştirak etdik. Qəflətən səhhətində problem yarandı və xəstəxanaya yerləşdirildi. Ölümünə hələ də inana bilmirəm. Özündən sonra böyük xəzinə qoydu. Allah rəhmət eləsin, ailəsinə başsağlığı verirəm" - Möhlət Müslümov əlavə edib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri İntiqam Babayev də Xalq artisti Ramiz Quliyevi xalqımız və mədəniyyətimiz üçün böyük adlandırıb.

Nazirlik rəsmisi Xalq artistinin Azərbaycan musiqisinin tanıdılmasında əvəzsiz xidmətlərinin olduğunu qeyd edib.

“O, öz peşəkar ifası ilə Azərbaycan milli musiqisini dünya arenasında təbliğ edib. Yüzlərlə tələbə yetişdirib. Çox yüksək pedaqoji qabiliyyəti vardı. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun mədəni irsini daim yaşadacaq”, - o əlavə edib.

***

10:06

"Bu haqda danışmaq mənə ağırdı. Uzun illər sənətə xidmət edən Ramiz Quliyevin tar sənətinin inkişafında böyük xidmətləri olub".

Teleqraf xəbər verir ki, bunu Ramiz Quliyevin vida mərasimində jurnalistlərə Xalq artisti tarzən Vamiq Məmmədəliyev deyib.

"Bir yerdə işləmişik. Bütün muğamları peşəkar səviyyədə ifa edib. Bir çox gənclər Ramiz müəllimin sayəsində sənətə gəlib. Ailələrimiz çox yaxın idi. Onun ailəsinə başsağlığı verirəm", - deyə Xalq artisti əlavə edib.

***

10:27

Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi başlayıb.

Teleqraf xəbər verir ki, Xalq artistinin vida mərasimində ailə üzvləri, mədəniyyət xadimləri və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Ramiz Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq.