BAKI, 13 oktyabr. TELEQRAF
Şair Əlisəmid Kür Salyanda valideynlərinin məzarının yanında torpağa tapşırılıb.
Teleqraf xəbər verir ki, şairin Hacı Tağı məscidində vida mərasimində ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və dostları iştirak ediblər.
Qızı Aynur Mehdiyeva atasının üç mərasiminin Bakıda keçiriləcəyini bildirib.
Qeyd edək ki, Əlisəmid Kür bu gün səhər saatlarında 71 yaşında vəfat edib.
***
09:24
Şair Əlisəmid Kür vəfat edib.
Bu haqda Teleqraf-a Əlisəmid Kürün qızı Aynur Mehdiyeva məlumat verib.
"Atam bu gün səhər saatlarında vəfat etdi. Hazırda nəşi məsciddədir. Bu gün Salyanda dəfn ediləcək",-deyə A.Mehdiyeva əlavə edib.
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkirdi. O, Respublika Diaqnostika Mərkəzində və Respublika Klinik Xəstəxanasında müalicə olunduqdan sonra evə buraxılmışdı.
Əlisəmid Cəfər oğlu Cəfərli 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.
1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.
1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.
Allah rəhmət eləsin.