BAKI, 8 oktyabr. TELEQRAF

Oktyabrın 8-də Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə işgüzar səfərdə olan Macarıstan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Akoş Kozma və Baş katibi Vivien Kozma ilə görüş keçirib.

Bu barədə Teleqraf-a Konstitusiya Məhkəməsindən bildirilib.

Məlumata görə, qonaqları salamlayan sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan və Macarıstan Respublikaları arasında bir çox sahələrdə olan sıx əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Macarıstanın Baş naziri cənab Viktor Orban arasında formalaşmış qarşılıqlı etimad və anlaşmaya əsaslanır və bu iki dövlət arasında olan münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.

Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasındakı formalaşmış sıx münasibətlər məhkəmə-hüquq sahəsində də əməkdaşlığın genişlənməsinə töhfə verir. Xüsusilə, konstitusiya nəzarətinin effektivliyi, o cümlədən vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqların təmin edilməsi mexanizmlərinin tətbiqi üzrə təcrübə mübadiləsi hər iki məhkəmənin fəaliyyəti üçün önəmlidir.

Görüş zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, Məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verilib, hüquqi dövlətin inkişafında Konstitusiya Məhkəmələrinin rolu, Konstitusiya Məhkəmələri arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra cənab Akoş Kozma səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələri Konfransı və digər beynəlxalq konstitusiya ədalət mühakiməsi sahəsində qurumlar çərçivəsində inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.