
BAKI, 27 fevral. TELEQRAF
“Yaradanın Lütfü sayəsində bu il Novruzun müqəddəs Ramazan ayına təsadüf etməsi Novruz bayramının mübarəkliyini, ülviliyini daha da artırır”.
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının fevralın 27-də keçirilən toplantısında deyib.
“Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına, nemətlərinə görə şükür-sənanı, təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirən mübarək Novruz və müqəddəs Ramazan günlərində müqəddəslərin, dünyasını dəyişmiş əzizlərin, doğmaların, yaxınların yad edilməsi, yardımlaşma, ehtiyacı olanlara mərhəmət nümayişi və özəlliklə, Vətən şəhidlərinin ailələrinə diqqət və qayğı, qazilərə ehtiram xüsusi savab və dəyər kəsb edir. Novruz müjdəli mübarək və müqəddəs Ramazan Ayı xalqımız, Azərbaycan üçün xeyirlərə vəsilə olsun, inşallah! Hamımız üçün əziz olan bu bayram günlərinin birləşmiş şəkildə, çoxgünlük tətil ilə qeyd olunması barədə dövlətimizin qərarını milli birliyimizin, həmrəyliyimizin bir nümunəsi kimi qiymətləndirir, bununla əlaqədar dövlət başçımıza dərin minnətdarlığımızı bildiririk”, - Şeyxülislam vurğulayıb.
A.Paşazadə din xadimlərinə tövsiyələrini çatdırıb. O bildirib ki, Ramazan ayı boyunca din xadimləri məscidlərdəki moizələrində bu mübarək ayda nazil olmuş Qurani-Kərimdə, Peyğəmbər Mühəmməd Salavatullahın hədislərində əksini tapan ilahi hikmət və fəzilətləri insanlara ən gözəl, üstün şəkildə çatdırmaqla yanaşı, Vətən müharibəsi qəhrəmanlarının – rəşadətli Ordumuzun, şəhid və qazilərimizin milli Zəfərimizin qazanılmasında şücaətlərini, ələlxüsus, müzəffər sərkərdə - dövlət başçısının müdrik qalibiyyət siyasətinin, misilsiz quruculuq səylərinin ali dəyərini insanlara təlqin etməlidirlər. Bu ayda Allah Kəlamını zikr etmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin, Vətən şəhidlərinin ruhlarını yad etmək, elm, fəzilət, irfanın təbliğ edilməsinin vacibliyi moizələrdə xalqımıza çatdırılmalıdır.
Şeyxülislam duaların qəbul olunduğu müqəddəs Ramazan ayı boyunca dualarda xalqımızın rifah və əmniyyəti, Vətənin tərəqqisi və dövlət rəhbərinin yeni zəfərləri, Azərbaycan naminə, dövlətçiliyimizin inkişafı naminə misilsiz səylərinin uğurları üçün Uca Allahdan rəvac dilənməsinin özəl əhəmiyyət kəsb etməsini ifadə edib.