
BAKI, 27 fevral. TELEQRAF
"İnşallah, nəsib olar, qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı reallaşar və Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Zəngəzurda nümayəndəliyi, tarixi İrəvan və Üçmüəzzində Qazılığı öz fəaliyyətini bərpa edər".
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının fevralın 27-də keçirilən toplantısında deyib.
O, erməni kilsəsinin həm Üçmüəzzin, həm də Livanda yerləşən Kilikiya dini mərkəzlərinin anti-Azərbaycan təbliğatı, revanşizm və böhtan xarakterli “şikayətləri”nin səngimək bilmədiyini və bəzi ermənipərəst dini və siyasi dairələr tərəfindən qızışdırıldığını, xristian təəssübkeşliyi bəhanəsi ilə dünya ictimaiyyətini öz məkrli təxribatlarına dəstək almaq niyyətini güddüyünü xatırladıb.
Şeyxülislam bildirib ki, bu anti-Azərbaycan təbliğatında Qərbin bir sıra siyasətçiləri, beynəlxalq və dini təşkilatları, xüsusilə də, Ümumdünya Kilsələr Şurası canfəşanlıq göstərir. Biz dəfələrlə, həm QMİ, həm də, Azərbaycandakı Dini konfessiyaların Məşvərət Şurası adından dövlət rəhbərlərinə, beynəlxalq təşkilatlara, ələlxüsus, Ümumdünya Kilsələr Şurasına bununla əlaqədar müvafiq müraciətlər etmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirməkdəyik.
Şeyxülislam A.Paşazadə xüsusi qeyd edib ki, ermənilərin saxta iddia və qondarma ittihamlarına qarşı Qərbi Azərbaycan icmasının qanuni hüquqlarının təmin olunması istiqamətində səylərini artırırlar: “Deportasiyaya məruz qalmış azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışının reallaşması istiqamətində biz din xadimləri iştirak etdiyimiz bütün beynəlxalq platformalarda həqiqətləri bəyan edir, dünya ictimaiyyətini haqq işimizə - qərbi azərbaycanlıların tarixi məkanlarına qayıdışına dəstək nümayiş etdirməyə çağırırıq. Bundan əlavə, Ermənistan ərazisində müsəlman-Azərbaycan dini-tarixi irsinə qarşı törədilmiş vandalizm aktlarının dünyaya bəyan edilməsi, dağıdılan tarixi məscid və ibadətgahlarımız, viran qoyulan qəbirstanlıqlarımız barədə dünyaya car çəkmək istiqamətində dini mərkəz olaraq səylərimizi dövlətimizin, Qərbi Azərbaycan icmasının səyləri ilə birləşdiririk. Din xadimlərimiz, öz növbələrində, moizələrində bu həqiqətləri dindarlara çatdırmalıdırlar. Deportasiya və etnik təmizləmə səbəbindən hazırda Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamır və zamanında fəaliyyət göstərən, Qazısı olduğum İrəvan qazılığı da bu səbəbdən fəaliyyətini dayandırmışdı”.