ZƏNGİLAN, 27 fevral. TELEQRAF

Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nadir və itmək təhlükəsində olan bitki və heyvan növləri haqqında AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynova Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.

"Aparılmış monitorinqlərdən məlum olub ki, dərman bitkilərindən 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsi olan bir çoxu Azərbaycanın "Qırmızı kitab"ına salınıb", - deyə o əlavə edib.

İ.Hüseynova onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə 165 nəsli kəsilmək təhlükəsində olan bitki növü var.

"İşğaldan azad edilmiş ərazilərdə 57 fəsilə və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem növ var", - əlavə edib.

O qeyd edib ki, Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb.