
BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanda qida istehlakı məlumatları bazasının yaradılması ilə bağlı layihəyə start verilib.
Teleqraf xəbər verir ki, bu gün ölkəmizdə start verilən “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida istehlakı məlumatları bazası” pilot layihəsinin açılışı və bu çərçivədə ilk seminar keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ), Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər qurumların nümayəndələri, eləcə də özəl sektorun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Layihənin əsas məqsədi əhalinin bütün qruplarını əhatə edəcək qida istehlakı məlumatları bazasının yaradılması, qida təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlərin hazırlanması, yığılmış məlumatlardan qida siyasətinin təkmilləşdirilməsi və aqrar siyasətin inkişafı üçün istifadə olunması, yerli mütəxəssislərin qida təhlükəsizliyi sahəsində ən yaxşı təcrübə və qlobal standartları öyrənməsinin təmin edilməsi və ölkəmizdə qida təhlükəsizliyi ilə sağlamlıq sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmasından ibarətdir.
Seminarda çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, qida istehlakı məlumatları bazası fərdlər, əhalinin müəyyən qrupları və ümumi əhali tərəfindən istehlak edilən qidanın miqdarı, növləri və istehlakla bağlı qanunauyğunluqlar haqqında toplanmış və təhlil olunmuş məlumatlar toplusudur. Bu baza insanların qidalanma zamanı üstünlük verdiyi məqamlar, rasionun tərkibi, porsiyaların həcmi, qidalanma tezliyi və vərdişləri kimi qida qəbulunun müxtəlif aspektləri ilə bağlı məlumatları özündə ehtiva etməklə, qidalanma üzrə seçimləri anlayaraq vəziyyəti qiymətləndirmək və bu seçimlərin sağlamlıq və rifaha təsirini təhlil etmək üçün istifadə olunur. Belə məlumat bazaları pəhriz meyillərini müəyyən etməyə, nutriyentlərin çatışmazlığı və ya artıqlığını qiymətləndirməyə, qidalanma vərdişlərindəki dəyişiklikləri izləməyə, eyni zamanda problemlərin həlli istiqamətində verilən qərarların və qidalanma proqramlarının effektivliyini qiymətləndirməyə kömək göstərərək, piylənmə və qida çatışmazlığı kimi sağlamlıqla bağlı problemlərin həlli üçün əvəzolunmaz bir alət rolunu oynayır. Tənzimləmə və idarəetmədə təmin etdiyi imkanlarla yanaşı, belə məlumat bazalarının istehlakçıların qidalanma meyilləri və nutriyent qəbulu barədə fərdi məlumatlılığı baxımından da müəyyən imkanları mövcuddur.
AQTA sədri vurğulayıb ki, gələcəkdə qida istehlakı ilə bağlı məlumatların mobil tətbiqlər və ağıllı mətbəx avadanlıqları vasitəsilə daha qüsursuz və dəqiq formada toplanıla bilməsi proyeksiya edilir. Bu texnologiyalar qida qəbulu, nutriyentlərin kompozisiyası və fərdiləşdirilmiş qidalanma tövsiyələri haqqında real vaxt rejimində məlumatları təqdim edə bilər ki, bu da öz növbəsində həmin məlumatların digər sağlamlıq məlumatları ilə inteqrasiyası nəticəsində qidalanma ehtiyaclarının və yanaşmalarının fərdi qaydada qiymətləndirilməsinə geniş imkanlar yarada bilər.
Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib ki, 2025-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) aclıqla mübarizə, qida təhlükəsizliyini təmin edilməsi və davamlı kənd təsərrüfatını təşviqi ilə bağlı qlobal səylərin 80 illiyini qeyd edir. FAO80 yalnız bir ildönümü deyil —bu, irəliləyişimizi qiymətləndirmək, missiyamızı bir daha təsdiqləmək və hər kəsin təhlükəsiz və qidalandırıcı ərzağa çıxışı olan bir gələcək yaratmaq üçün yeni məqsədlər qoymaq fürsətidir. Azərbaycanda FAO-nun dövlət qurumları ilə tərəfdaşlığı səmərəli əməkdaşlıq nümunəsinə çevrilib. Birlikdə kənd təsərrüfatı məhsuldarlığını gücləndirən, kənd yerlərində yaşayış səviyyəsini yüksəldən və davamlı təbii resursların idarə edilməsini təşviq edən layihələr həyata keçirdik. Bunlara suyun daha səmərəli istifadəsi üçün suvarma sistemlərinin modernləşdirilməsi, kənd təsərrüfatı kooperativlərinin inkişafının dəstəklənməsi və kiçik fermerlərin bacarıqlarını artırmaq üçün təlim proqramlarının təmin edilməsi daxildir. Layihələrimiz yalnız qida istehsalını artırmaqla yanaşı, iqtisadi artım və ətraf mühitin qorunmasına da töhfə verir.
Daha sonra seminarda “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida məhsullarının istehlakı məlumatları üzrə potensialın artırılması: Layihənin icmalı”, “Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” və “Qida məhsullarının istehlakı məlumatı – faydalar və beynəlxalq təcrübə” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, qida məhsullarının istehlakı məlumatları qidalanma meyllərini müəyyənləşdirməyə, qidanın çatışmazlığını və ya artıq qəbulunu, sağlamlıq risklərini qiymətləndirməyə və zamanla yemək vərdişlərindəki dəyişiklikləri izləməyə kömək göstərir. Bu məlumatlar qida çatışmazlığı və ya piylənmə riski altında olan əhali qruplarını müəyyənləşdirmək, sağlam qidalanmaya çıxışı yaxşılaşdırmaq üçün sübuta əsaslanan siyasətlər hazırlamaq, risk altında olan qruplar üçün hədəflənmiş qida təhlükəsizliyi və qidalanma müdaxilələri həyata keçirmək baxımından vacibdir. Bu məlumatlar qida təhlükəsizliyinin milli və submilli səviyyədə monitorinqi və qiymətləndirilməsində də mühüm rol oynayır.