BAKI, 27 fevral. TELEQRAF

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Rumıniyaya səfər edəcək.

Teleqraf xəbər verir ki, məlumatı Komitənin mətbuat xidməti yayıb.

Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçinin dəvəti ilə baş tutacaq səfər iki ölkə arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq imkanları və istiqamətləri barədə müzakirələr aparmaq məqsədi daşıyır.

Martın 5-dək davam edəcək səfər çərçivəsində Komitə sədrinin Dini Məsələlər üzrə dövlət katibi, Rumıniya Patriarxı, o cümlədən digər müvafiq qurum və icmaların rəhbərləri ilə görüşlər keçirməsi, həmçinin bir sıra tarixi-dini məbədləri ziyarət etməsi nəzərdə tutulub. Görüşlərdə dini icmalar arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, eyni zamanda dini təhsil sahəsində iki ölkənin təhsil müəssisələrinin birgə layihələr həyata keçirməsi, tələbə və mütəxəssis mübadiləsi proqramlarının yaradılması barədə müzakirələr aparılacaq.