Respublika Quşçular Cəmiyyətinin təşkilatçılığı ilə fevralın 20-də bir qrup media nümayəndəsi “Siyəzən-Broyler” Açıq Səhmdar Cəmiyyətinə baş çəkib. Press-turda məqsəd son günlər bəzi kütləvi informasiya vasitələrində toyuq ətinin çəkisini artırmaq üçün şişirdilməsi görüntüsünə aydınlıq gətirmək və real vəziyyəti ictimaiyyətə açıqlamaq idi.

Jurnalistləri iş prosesi ilə fabrikin direktoru Oqtay Hüseynov tanış edib. Bildirilib ki, quşçuluq fabriki 1986-cı ildə istifadəyə verilib, 2000-ci ildən etibarən isə “Siyəzən Broyler” fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlayıb. 1500 nəfərə yaxın işçisi olan fabrikdə bir çox çeşiddə quş əti istehsal olunur. İllik ət istehsalı 21 min tondur.

Müəssisənin fəaliyyəti bütün sanitar, baytar və gigiyenik normalara cavab verməklə, müasir tələblərə və dünya standartlarına uyğun qurulub. İstehsal prosesində ən müasir avadanlıqlardan istifadə olunur. Gündəlik istehsal olunan məhsul baytarlıq müayinəsindən keçir və ona baytarlıq sertifikatı verilir.

Canlı-cansız hər şey dezinfeksiya olunur

Ümumi məlumatlardan sonra jurnalistlərin quşçuluq müəssisəsi ilə tanışlığı başladı. Sahəsi 605,3 hektar olan fabrikin nəzdində 5 anaclıq zonası, 2 inkubator stansiyası, sanitar-kəsim və kompressor sexləri, soyuducu, yem, yumurta anbarları, baytarlıq laboratoriyası, aptek və avtotraktor parkı fəaliyyət göstərir.
Bölmələr bir-birlərinə yaxın olmayan ərazidə yerləşir ki, şirkətdə bunu təhlükəsizlik və sanitar-gigiyenik qaydalarla izahlayırlar.

Fabrikin ərazisinə yaxınlaşan avtomobil sensorlar vasitəsilə dezinfeksiya edilir. İşçi personal isə hər gün səhər işə gələndə hər üç sexdə eyni qaydalara əməl etməklə hamamlarda çimdikdən və fabrikə məxsus formalar geyindikdən sonra onların içəriyə daxil olmasına icazə verilir.

Fabrikdə hər ay istehsal planına uyğun olaraq inkubatora yumurta qoyulması, cücənin çıxışı, yetişdirilməsi və kəsim proqramları tutulur. Quşların sağlamlığı, məhsuldarlığını artırmaq üçün profilaktik tədbirlər və vaksinasiya proqramları əsasında ardıcıl iş aparılır.

Dərmanlar, yem və yem əlavələri əsasən xarici ölkələrdən alınır. İldə müvafiq sexə 28 milyon yumurta daxil olur, 24 milyon isə cücə istehsal olunur. Gündəlik cücə çıxışı 84 mindir. Yəni hər gün buradan təxminən 80 min sayda cücə ikinci bölməyə - anaclıq sexinə göndərilir.

Yumurtadan cücəyə...

Damazlıq yumurta təminatı adətən, yerli istehsal hesabına ödənilir. Bundan başqa, Türkiyə və Hollandiyadan da yumurta gətirilir. Qəbul şöbəsində 18 nəfərin iştirakı ilə çeşidlənən yumurtalar formalin maddəsi vurulmaqla buxarlanma yolu ilə dezinfeksiya olunur, inkubator aparatlarına yığılaraq rəflərə yerləşdirilir.

Oqtay Hüseynov deyir ki, əvvəllər köhnə aparatlarda cücə çıxma ehtimalı 70-75 faiz idisə, yeni Hollandiya istehsalı olan aparatlarda bu əmsal 90-95 faizə bərabərdir. Çünki kompüter sistemi ilə təchiz edilmiş şkaflar sensor sistemlə idarə olunduğundan temperatura dəqiq nəzarəti həyata keçirmək asandır.
18 gün eyni temperaturda qaldıqdan sonra yumurtalar fərqli temperaturdakı şkaflara köçürülür və 3 gün ərzində yetişmə dövrü keçir. 21 günün tamamında cücələr çıxmağa başlayır. Müsahibimiz deyir ki, toyuğun yetişmə dövrünü qısaltmaq mümkün olsa da, təbiətin 21 günlük yaranış proqramına insan müdaxiləsi mümkün deyil.

Cücələr çıxdıqdan sonra xüsusi temperaturlu avtomobillərə yığılaraq ikinci sexə aparılır və burada yetişmə dövrü başlayır.

Bu sexdə isə cücələr 35, maksimum 40 gün qalır. Həmin müddətdə onlar soya, qarğıdalı və buğda qatqılarından ibarət yemlə qidalanır.

Azçəkili toyuqlara tələbat böyükdür

Cücələrin mayalanması da çox vaxt müzakirə mövzusu olur. Direktor deyir ki, ev şəraitində cücələr adətən, proteinlə zəngin yumurta ilə qidalanır. Fabrikdə isə cücələrin sayı çox olduğundan hamısını yumurta ilə qidalandırmaq mümkün olmadığı üçün onları vitaminlərlər zəngin təbii protein tərkibli əlavələrlə mayalandırırlar.

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev də quşlara geni dəyişdirilmiş qidaların verilməsi ilə bağlı məlumatların yanlış olduğunu vurğuladı: “Çünki ölkəyə o tərkibdə məhsulların gətirilməsi qadağandır. Gün ərzində 250 ton yem qarışdırılaraq yetişdirmə sexinə verilir. Ölkədə tələbat azçəkili toyuqlara olduğu üçün yetişdirmə sexində cücələrin 36-37 gündən artıq saxlanmasına lüzum yoxdur. Amma saxlansa belə, onların 2-3 kiloya qədər böyümə imkanı olur. Xaricdə iri toyuqlara tələbat daha böyükdür deyə orda toyuğun çəkisi 3-4 kiloya qədər artırılır”.

Yemin tərkibinə hormonal dərmanlar qatılması barədə də deyilənləri cəfəngiyat adlandıran Aydın Vəliyev yalnız quşların xəstəliklərə qarşı immunitetini artırmaqdan ötrü yemlərinə müvafiq dərmanlar əlavə edildiyini bildirdi.

Su vurmaq yox, suyunu qurutmaq lazım gəlir

Broyler məhsulunun hazırlanmasında sonuncu mərhələ kəsimdir. Yetişdirilən toyuqlar ikinci - bəslənmə sexindən maşınlarla bura gətirilir və aparatlar vasitəsilə kəsim sexinə ötürülür. Xüsusi geyim və yerlə təmin olunmuş 3 qəssab isə növbəli şəkildə çalışır və islami qaydalara uyğun olaraq toyuqların başını əllə kəsirlər. Bundan sonra məhsul növbəti təmizlənmə bölməsinə gedir. Nəhayət, toyuqların içalatı çıxarılır, hissələrə ayrılaraq təmizlənir, qablaşdırıldıqdan sonra soyutma bölməsinə göndərilir.

Ətin tərkibindəki suyun qismən çıxarılması üçün 2 saat 20 dəqiqə ərzində məhsulun üzərinə soyuq hava vurulur. Sex işçiləri ətdə qalan suyun mikrob mənbəyinə çevrildiyini deyirlər. Oqtay Hüseynov bildirir ki, sexdə nəinki çəkinin artırılması məqsədilə toyuqlara su vurulur, əksinə, suyun sorulması üçün məhsul ayrıca prosesdən keçirilir.

Toyuqlar tam təmizləndikdən sonra çəkisinə görə 3 yerə ayrılaraq fərqli qablaşdırılır.
Burada məhsul iki yerə ayrılaraq satışa göndərilir - dondurulan və dondurulmayan məhsullar kimi. Dondurulmadan satışa çıxarılan toyuqların ayağına kağız birka vurulur. Alıcılar həmin birkalardan toyuğun dondurulmayan məhsul olduğunu müəyyən edə bilərlər.

Xariclə əməkdaşlıq nəzərdə tutulur

Tədbirin sonunda jurnalistlərə məlumat verən Aydın Vəliyev bildirdi ki, quşçuluq fabrikləri, o cümlədən “Siyəzən Broyler” ASC-də bir günlük cücələrin saxlanması, bəslənməsi, böyüdülməsi zamanı istifadə edilən yem məhsulları, qatqıları və əlavələrinin tərkibi genetik modifikasiya olunmuş deyil, əksinə, təbii buğda, qarğıdalı, günəbaxan yağı təşkil edir. Sədr bildirdi ki, “Siyəzən Broyler” ASC-də istehsal olunan məhsullar keyfiyyətinə görə uyğunluq və gigiyenik sertifikatlarla təchiz edilir, islami qaydalara uyğun halal şəkildə kəsilir və onun əsasında satış həyata keçirilir.

Toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra Kənd Təsərrüfatı Nazirliyi bir daha monitorinqlər aparıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib: “Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çoxçeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir. Hazırda xüsusi maraq dairəsində olan məsələlərdən biri də yerli istehsal hesabına quşçuluq məhsullarına olan tələbatın tam ödənilməsidir.

Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq 2014-cü ildə 99.4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64.1 min tona çatıb.

Bu dövrdə yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 milyard ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur, həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır. Onu da bildirək ki, yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunması bu sahədə milli brendlərin və istehlakçıların bu məhsullara inamının formalaşmasına səbəb olub".

Oqtay Hüseynov isə rəhbəri olduğu “Siyəzən Broyler”in hazırda xarici ölkələrə məhsul ixracı ilə bağlı məsələnin müzakirə olunduğunu dedi. O, məhsul ixrac olunacağı nəzərdə tutulan ölkələr sırasında Rusiya, Gürcüstan və Qazaxıstanın olduğunu vurğuladı.

Naibə Qurbanova