
Təhsil və Müdafiə nazirlikləri Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar cəbhə bölgəsinə media tur təşkil ediblər.
Teleqraf.com-un məlumatına görə, media nümayəndələri ilk olaraq Ağcabədi rayonu Etibar İsmayılov adına 1 saylı tam orta məktəbin şagird və müəllim heyəti ilə görüş keçirib. Media nümayəndələri ilk növbədə milli qəhrəmanın adını daşıyan məktəbdə Etibar İsmayılovun xatirə lövhəsi ilə tanış olub, onun döyüşçü yoldaşları ilə söhbət ediblər.
Media nümayəndələrinə milli qəhrəmanın həyatı haqqında məlumat verilib. Bildirlib ki, 1994-cü il yanvarın 4-də şəhid olmuş milli qəhrəman sonuncu döyüş zamanı təkbaşına 30-dan artıq düşmən əsgərini məhv edərək döyüş yoldaşlarının həyatını xilas edib. Özü isə həmin döyüşdə şəhid olub.
Milli qəhrəmanın döyüş yoldaşı Natiq Davudov Etibar İsmayılovun qəhrəmanlığından danışıb. Media nümayəndələri daha sonra məktəbdə dərsin gedişi ilə tanış olublar. Qeyd edək ki, Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçirilən media-tur çərçivəsində təhsil müəssisələrinin pedaqoji kollektivləri, hərbi hissələrin şəxsi heyəti və milli qəhrəmanlarla görüşlər nəzərdə tutulub. Tur çərçivəsində Xocalı faciəsinin şahidləri ilə də görüşlər planlaşdırılır.
Nigar