
1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində abidə ucaldılacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə İzmit Bələdiyyəsinin birgə layihəsi olan abidənin inşasına başlanılıb. İzmit şəhərinin Yenişəhər məhəlləsindəki parkda ucaldılacaq abidəni bələdiyyənin park və bağçalar müdirliyi layihələndirib.
Abidədə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyinin ifadəsi olaraq səmaya doğru ucalmış sütunlar qoyulacaq. Bundan başqa, soyqırımını əks etdirəm fotolardan istifadə ediləcək, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunacaq.Abidənin aprelin 22-də açılması nəzərdə tutulur.