Sabirabad rayonunda "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində 20 yanvar faciəsinə həsr olunmuş "20 yanvar – 25 il sonra” adlı tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra orta məktəbin direktoru Diləfruz Mustafayeva tədbiri giriş sözlə açaraq 20 Yanvar hadisələri haqqında qısa məlumat verib və həmin günün Azərbaycan xalqının həyatında və şüurunda dönüş nöqtəsi kimi səciyyələndirib.

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İB-in nümayəndəsi Vüsal Əhmədov çıxış edərək tədbirdə iştirak etdikləri üçün qonaqlara öz təşəkkürünü bildirib, 20 Yanvar hadisələrinin gənclər üçün tarixi əhəmiyyətindən və Sovet ordusunun törətdiyi vəhşilikdən danışıb.

Çıxışlardan sonra qonaqlara məktəbin şagirdlərinin hazırladıqları 20 Yanvar hadisələrindən bəhs edən kompozisiya nümayiş etdirilib.

Tədbirdə Qarabağ Əlilləri Cəmiyyətinin sədri Faiq Hüseynov, rayon Ziyalılar Cəmiyyətinin üzvləri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının məsləhətçisi Mirzağa Zaidov, 20 yanvar şəhidlərinin ailə üzvləri, eləcə də məktəbin müəllim-şagird heyəti iştirak edib.

BƏXTİYAR