BAKI, 13 noyabr. TELEQRAF
"İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".
Teleqraf xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, media və qeyri-hökumət təşkilatları sahələrində əməkdaşlıq da məhsuldar inkişaf edir: "2024-cü il sentyabrın 23-dən 25-dək Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. Bundan əlavə, 2024-cü ilin dekabr ayında Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumu təşkil olunub.
Bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.