BAKI, 13 noyabr. TELEQRAF

"Mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Biz ortaq tarixi və mədəni dəyərləri qorumaq, bütün səviyyələrdə sıx əməkdaşlıq etmək üçün birgə səylər göstəririk".

Teleqraf xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Belə ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir.

Ölkələrimizin regionları arasında əməkdaşlığa xüsusi diqqət yetirilir. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir.

Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi mədəni əhəmiyyəti olan obyektlərdir: Daşkənddə Heydər Əliyev meydanı var və bu ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməli qoyulub.

Fürsətdən istifadə edərək, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığımı bildirmək istəyirəm".