BAKI, 13 oktyabr. TELEQRAF
Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Mərasimdə Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq görüşü açaraq, parlament platformasının ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb. Milli Assambleyanın sədri Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək, taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını vurğulayıb.
Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır.
O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışında görüşün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Pakistan tərəfinə təşəkkürünü bildirib.
Parlamentlərimizin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər: "Xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib. Cari ilin may ayında Pakistan və Hindistan arasında gərginlik zamanı Azərbaycan ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə edib. Ölkəmiz Kəşmir məsələsinin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini hər zaman dəstəkləyib və bunu bütün beynəlxalq platformalarda səsləndirib".
Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinin də birmənalı olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə keçirilmiş Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşündən artıq 4 il ötdüyünü, 2021-ci ildə Bakıda parlamentlərimiz arasında bu üçtərəfli əməkdaşlıq mexanizminin yaradıldığını xatırladan Sahibə Qafarova vurğulayıb ki, həmin görüş yalnız bu yeni mexanizmi təsbit edən Bakı Bəyannaməsinin qəbulu ilə deyil, həm də Azərbaycanın mədəniyyət paytaxtı - işğaldan azad edilmiş Şuşa şəhərinə səfərlə də əlamətdar olub.
O, 2022-ci ildə Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbul şəhərində İkinci Üçtərəfli Görüşün də əhəmiyyətli müzakirələrlə və İstanbul Bəyannaməsinin qəbulu ilə yadda qaldığını qeyd edərək, bu gün isə İslamabad şəhərində Üçüncü Üçtərəfli Görüşün keçirildiyini, artıq bu platformanın parlamentlərimiz arasında uğurlu və davamlı əməkdaşlıq platforması kimi formalaşdığını, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha da genişlənməsinə mühüm töhfə verdiyini söyləyib.
Onun sözlərinə görə, qanunvericilik orqanlarımızın Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı, Asiya Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatları çərçivəsində davamlı təması, qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyətimiz və bir-birimizə dəstəyimiz də məmnunluq doğurur. Spiker deyib ki, vacib platformalardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir.
Spiker qeyd edib ki, bu gün ölkələrimizin beynəlxalq səviyyədə nümayiş etdirdikləri güclü birlik və həmrəylik yalnız onların qardaşlığının, ortaq maraqlarının ifadəsi deyil: "Bu, eyni zamanda, beynəlxalq hüququn, haqq və ədalət prinsiplərinin mütləqliyinə əsaslanan yanaşmadır. Bu, əslində, beynəlxalq aləmə də bir çağırışdır. Məhz belə yanaşma beynəlxalq ictimaiyyəti sülh, təhlükəsizlik və tərəqqi üzərində qurulacaq daha parlaq gələcək naminə qarşılıqlı hörmət əsasında birgə fəaliyyətin gücləndirilməsinə səsləyir".
Spikerin bildirdiyinə görə, qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yarandığı müşahidə olunur: "Ötən dövr ərzində Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində ardıcıl şəkildə inkişafının şahidi olduq".
Sahibə Qafarova qeyd edib ki, liderlərimizin iradəsindən irəli gələrək, Parlament Sədrləri səviyyəsində bu gün keçirilən Üçtərəfli Görüş də ölkələrimizin işbirliyinə parlament dəstəyini gücləndirmək qətiyyətimizin bir ifadəsidir.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, Türkiyə, Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qeyd edilib ki, qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.
Çıxışında terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunan Numan Kurtulmuş deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.
Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq, müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.
*****
10:03
Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü başlayıb. Əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər. Parlament sədrləri ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə ediblər.
İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi başlayıb.
Qeyd edək ki, Üçtərəfli Görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.




