BAKI, 18 noyabr. TELEQRAF

2025-ci ilin yanvar-sentyabr aylarında 905 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 507-si həlak olub, 757-si isə yaralanıb.

Hadisələrin 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş verib, 30,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 85 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 39,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 73,2 faizini, yaralananların isə 70 faizini kişilər təşkil edib.