BAKI, 11 oktyabr. TELEQRAF
“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq”.
Teleqraf xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.
O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığması ilə keçirilən oyunda qeydə alınan 0:5 hesablı məğlubiyyəti belə şərh edib:
“İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik. Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.