BAKI, 17 oktyabr. TELEQRAF
HƏMAS İsrail hökumətini 19 girovun cəsədinin hələ də tibbi xidmət orqanlarına təhvil verilməməsində məsuliyyət daşımaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında yayılan bəyanatda bildirilir.
Məlumata görə, cəsədlərin qalıqlarını çıxarmaq üçün xüsusi ağır texnika tələb olunur, lakin İsrail rəhbərliyi bu avadanlığın Qəzza zolağına gətirilməsinə icazə vermir.
“Girovların qalıqlarını tapmaq üçün xüsusi avadanlıq lazımdır, lakin İsrail hökumətinin qoyduğu qadağa səbəbindən bu texnika hazırda Qəzzaya gətirilə bilmir. Buna görə də cəsədlərin təhvil verilməsində yaranan gecikmələrin məsuliyyəti tam şəkildə baş nazir Benyamin Netanyahu hökumətinin üzərinə düşür”, – bəyanatda qeyd olunur.
HƏMAS həmçinin bəzi girovların qalıqlarının İsrail ordusunun əməliyyatları nəticəsində dağıdılmış tunellərdə qaldığını, bəzilərinin isə bombalanma zamanı uçurulan binaların altında olduğunu açıqlayıb.