BAKI, 15 oktyabr. TELEQRAF
Pakistan və Əfqanıstan sərhədində yenidən toqquşma baş verib.
Teleqraf xəbər verir ki, hadisə zamanı ondan çox mülki şəxs və hərbçi həlak olub.
Əfqanıstanın "Taliban" hərəkatı bildirib ki, Pakistan qüvvələrinin çərşənbə günü səhər Spin Beldək bölgəsinə hücumu zamanı onlarla mülki şəxs həlak olub, 100 nəfər isə yaralanıb.
Pakistan isə bildirib ki, sərhədin o biri tərəfində yerləşən Çaman rayonunda “Taliban qüvvələrinin” hücumları nəticəsində dörd mülkü vətəndaşı yaralanıb.
Pakistan Əfqanıstanın Qəndəhar vilayətinə hava zərbəsi endirib.
İki keçmiş müttəfiq arasında gərginlik, İslamabadın Əfqanıstanın "Taliban" administrasiyasından Pakistana hücumları gücləndirən döyüşçülərə qarşı tədbir görməyi tələb etməsindən sonra daha da artıb. İslamabad bildirir ki, həmin döyüşçülər Əfqanıstandakı sığınacaqlarda fəaliyyət göstərirlər.
Öz növbəsində "Taliban" Pakistan ordusunu Əfqanıstana qarşı sui-qəsddə, sərhəddə gərginliyi qızışdırmaqda və İŞİD-lə əlaqəli döyüşçülərə sığınacaq verməkdə ittiham edir.
Pakistan ordusu bu ittihamları rədd edir.
Pakistan və Əfqanıstanın "Taliban" administrasiyası 48 saatlıq müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Atəşkəs çərşənbə günü yerli vaxtla saat 18:00-dan qüvvəyə minib.